Qadin.NET / Yoqa ilə həyatı sadələşdirməyin 5 yolu

Yoqa ilə həyatı sadələşdirməyin 5 yolu

Çox zaman bizə elə gəlir ki, həyatdan baş çıxarmaq olduqca çətindir. Hər gün iş, ev, ailə məsuliyyəti, qayğılar və qaça-qaçdan ibarət gündəlik xaos içində balans yaratmağa çalışırıq. Nəqliyyat tıxaclarından başlamış evdə, işdə tərtib etdiyimiz görüləsi iş siyahılarınadək! Beləcə, gündəlik həyatımız mübarizə şəklində və ya müəyyən intizam çərçivəsindən kənara çıxmadan ötüb keçir. Amma əslində, həyat bu deyil ki..! Belə xaos içində insan, təbii ki, özünü unudur və ona elə gəlir ki, “yaşayır”. Daha acısı da odur ki, hər kəs belə həyat tərzinə o qədər alışır ki, onu “normal” hesab edir. Əslində isə bu cür xaos yalnız stress gətirir.

 

Yoqa ilə həyatı sadələşdirməyin 5 yolu

Bir anlığa həyatınıza kənardan baxıb özünüzə bu sualı verin:

“Bəs bütün bu mübarizə və çətinliklərdən uzaqlaşaraq, əz həqiqətimi nə zaman yaşayacağam?”

Dolğun, xoşbəxt həyat, əslində, sadəlik və asanlıq üzərində qurulmuş bir həyat tərzidir. Bu məqamda yoqadan söz salmaya bilmərəm. Əgər hələ yoqanı sınaqdan keçirməmisinizsə, o zaman heç ağlınıza belə gətirə bilməzsiniz ki, onun köməyilə necə asan, rahat bir həyata başlamaq olar.

Elə isə əsl zamanıdır…

Yoqa İlə Həyatı Sadələşdirməyin 5 Yolu:

1. Yoqa Sakitləşdirir.

Yoqa ilə həyatı sadələşdirməyin 5 yolu

Stress, depressiya altında insan hər zaman “çətin” düşünür… Beyin bu zaman sanki labirinti xatırladır. Nə qədər stress yaşamağınızdan asılı olmayaraq, cəmisi 20-30 dəq. yoqa praktikası sizin enerjinizi sıfırlayaraq həyata yenidən müsbət yöndən davam etməyə kömək edir. Beyin sakitləşir və beləliklə, enerjinizi, diqqətinizi sizin üçün məsələlərin daha asan yolla həllinə yönəltmiş olursunuz. Yoqa dərsində, sadəcə, gözlərinizi yumub sadə bir asananı yerinə yetirmək kifayətdir ki, özünüzü tam rahat hiss edəsiniz.

2. Yoqa Özünüzə Zaman Ayırmağa Kömək Edir.

Yoqa xalçası üzərinə gəlməyiniz artıq onu göstərir ki, özünüzə vaxt ayırmağa hazırsınız. Bu isə özünüzə dəyər verməyinizə işarədir. Məşq zamanı düşüncələriniz gündəlik qayğılardan uzaqlaşır və diqqətinizi, enerjinizi qısa müddətə də olsa, ruhunuzun ehtiyaclarına yönəltmiş olursunuz.

3. Yoqa Diqqəti Toplamağa İmkan Verir.

 

Yoqa ilə həyatı sadələşdirməyin 5 yolu

Hər yoqa dərsində beyninizə müsbət təsir göstərərək ona təlim vermiş olursunuz. Bir pozadan digərinə keçərkən diqqətinizi tənəffüsünüzə cəmləməklə, siz mental enerjinizi bədəninizin lazımi orqanlarına yönəltmiş olursunuz. Bu isə həm gərəksiz düşüncələri, həm də orqanizmdə artıq nə varsa, hər şeyi kənarlaşdırır. Bu yolla fikri yayındıran hər şeydən uzaqlaşmış olursunuz. Əslində, bu bacarıq gündəlik həyatda çox mühüm bir vərdişdir, xüsusən əgər eyni zamanda bir neçə layihə üzərində çalışırsınızsa.

4. Yoqa Beyni Tamamilə Təmizləyir.

Yoqanın verdiyi ən mühüm həyat dərsi ondan ibarətdir ki, lüzumsuz nə varsa, hər şeydən qurtularaq sadə düşünmək və sadə yaşamaq gərəkdir. Yalnız bu halda stressdən uzaq olarsınız və ya minimum sarsıntıya məruz qalarsınız. Bir sözlə, əhəmiyyətsiz və ya azəhəmiyyətli mövzularla beyninizi yorub onları özünüz üçün qayğıya və ya problemə çevirməyin. Sadə həyatı mürəkkəbləşdirməyin.

5. Yoqa İnsanı Öz Daxili Xoşbəxtliyinə Qovuşdurur.

 

Yoqa ilə həyatı sadələşdirməyin 5 yolu

Məşq zamanı orqanizmdə xoşbəxtlik hormonu olan endorfinlərin ifrazı ilə yanaşı, yoqa bədən, ruh və düşüncələr arasında körpü yaradaraq, beyninizdə müsbət vibrasiyalara səbəb olur. Bu səbəbdəndir ki, məşqin sonunda yoqa matdan qalxarkən gündəlik həyatınıza davam etmək üçün nəinki bol müsbət enerji əldə etmiş olursunuz, həmçinin həyatı bütün gözəlliyi ilə daxilinizdə hiss edirsiniz. Gün ərzində bu balansı qoruyub saxladıqca hər bir işin öhdəsindən asanlıqla gələcəyinizdən əmin ola bilərsiniz. Sanki bir asanadan digərinə keçirmiş kimi gündəlik həyatda da bir məsələnin həllindən digərinə balansınızı qoruyaraq, heç bir gərginlik yaşamadan rahatlıqla keçin.

Ən çətin anlarınızda isə gözlərinizi yumub dərindən bir neçə dəfə nəfəs alın və özünüzü artıq istəklərinizin həyata keçdiyi bir dönəmdə təsəvvür və hiss edin. Aldığınız bu pozitiv enerji ilə də həyatınıza davam edin.

P. S. Unutmayın ki, həyat bəzən yoqa studiyasını xatırladır …

Müəllif: 

MasterYaşam Kouçu,

Arzu Kərimova 

 

www.fb.com/yoqam
www.yoqam.com

29 yanvar 2016
GO BACK