1. Süd turşumasın deyə onun hər litrinə 1 çay qaşığı şəkər tozu əlavə edib qaynatmaq və bundan sonra saxlamaq lazımdır.
2. Yağ və yağ məhsullarını polietilen paketlərdə saxlamaq məsləhət deyil. Belə halda məhsul tez xarab olur və pis iy gəlir.
3. Portağal və limonu uzun müddət təravətli saxlamaq üçün onları bitki yağları ilə silmək və sellofan torbadan, yaxud ağzı bağlı qabda sərin yerdə saxlamaq gərəkdir.
4. Qəhvəni şüşə, yaxud metal bankalarda sərin yerdə saxlamaq lazımdır.
5. Çayın daha ətirli olması üçün əgər o, qutudadırsa, həmin qutuya o qədər də böyük olmayan limon, yaxud portağal qabığı qoymaq lazımdır.
6. Təzə pomidoru uzun müddət saxlamaq üçün onları bir cərgədə saplağı yuxarı vəziyyətdə qoymaq məsləhətdir.
7. Yerkökünü saxlamazdan əvvəl onun üzərinə baş soğanın qabığının isladıldığı sudan çiləmək kifayətdir.
8. Göyərtini uzun müddət saxlamaq üçün onu qabaqcadan yuyub, sonra isə dəsmala büküb qurutduqdan sonra ağzı möhkəm bağlanmış şüşə bankaya yığmaq və soyuducuya qoymaq lazımdır.
9. Solmuş şüyüdü, cəfərini sirkə əlavə edilmiş suya qoysanız, onlar əvvəlki təravətini bərpa edəcəkdir.
10. Tərəvəzi və göyərtini təzə saxlamaq üçün onları nəm dəsmala bükmək lazımdır.
11. Əgər baş soğanın yarısını istifadə edib qalan hissəsini saxlamaq istəyirsinizsə, onun kəsik yerinə yağ sürtmək kifayətdir.
12. Təzə xiyarı uzun müddət təravətli saxlamaq istəyirsinizsə, saplaq tərəfdən 3/4 hissəsini suda saxlamaq kifayətdir. Suyu hər gün dəyişmək məsləhətdir.
13. Ərzağı necə almaq qədər onu necə saxlamaq da çox vacibdir. Məsələn, düyü, lobya və noxud kimi ərzaqları təmizlədikdən sonra parça torbalara qoyun.
14. Yağları isə bağlı bir qabın içərisində sərin və qaranlıq bir yerdə saxlayın.
15. Təzə tərəvəzlər daha tez xarab olurlar. Buna görə də ispanaq və şüyüd kimi tərəvəzlərin köklərindəki palçığı və toz-torpağı təmizləyin, sonra onları plastik torbaların içərisində soyuducuya qoyun. Bu yolla onları 3-5 gün saxlaya bilərsiniz. Başqa meyvə-tərəvəzləri də (əgər palçıqlıdırsa), yuyun, palçıqlı deyilsə, yumadan plastik torbalara qoyaraq soyuducuda saxlayın. Plastik torbanın bir neçə yerindən deşik açsanız, tərəvəzlərin çürüməsinin qarşısını ala bilərsiniz.
16. Kartofu orta rütubətli, qaranlıq və hava axını olan yerdə, quru soğanı isə sərin və quru yerdə saxlayın.
17. Pasterizə edilmiş südü yayda 1 gündən, qışda isə 2-3 gündən artıq saxlamayın. Adi südü isə əvvəlcə qaynadın, qaynatdıqdan sonra 3 gündən artıq saxlamayın.
18. Çörəyi gündəlik alın. Çörək plastik torbanın içərisində çox qalanda kiflənə bilər. Əgər çörəyi iki gündən artıq saxlamaq istəyirsinizsə, mütləq soyuducuya qoyun. Yeməzdən 1 saat əvvəl isə soyuducudan çıxarın.