Qadin.NET / Təmizləmə haqqında məsləhətlər

Təmizləmə haqqında məsləhətlər

Təmizləmə haqqında məsləhətlər

Paltarların təmizlənməsi

Üst paltarlarında olan çirki, adətən, benzinlə təmizləyirlər. Üst paltarlarında ən çox yaxalıq, qollar və ciblərin kənarları çirklənir. Açıq rəngli paltarları kartof unu və benzinin qarışığı ilə təmizləyin. Bu qarışığı çirkli hissələrə yaxıb quruyana qədər gözləyin, sonra həmin yeri ovxalayın, parçanı isə təmiz əski ilə silin. Beləliklə, paltarın ləkəsi yox olur.
Kişi kostyumlarının təmizlənməsi
Kostyumu hər gün adi şotka ilə təmizləyin, həftədə bir dəfə pencəyin yaxalığını əvvəl çiy kartof, sonra yaş əski ilə silin və qurulayın.
Adətən, ən çox sürtülən yerlərdə - dirsəklərdə, qolçaqlarda və şalvarda parça parıldamağa başlayır. Parıldayan yerləri əvvəl təmiz benzinlə, sonra bir hissə naşatır spirti və beş hissə qaynanmış sudan hazırlanmış məhlulla silin. Bundan sonra üstünə quru parça qoyub ütüləyin. Parıltını üç hissə sirkə və bir hissə su məhlulu ilə də aparmaq olar.
Qara kostyumda ütüdən əmələ gəlmiş parıltını çayın dəmi ilə, ya da naşatır spirti ilə aparmaq mümkündür.

Trikotaj paltarların təmizlənməsi

Yun trikotaj paltarlar isti su və sabunu "xoşlamır". Belə paltarları paltaryuyan tozlardan biri ilə yuyun, bir neçə dəfə sirkə qatılmış ilıq su ilə yaxalayın. Trikotaj paltarları suda çox saxlamaq olmaz.
Toxunma papaqları qurudarkən içinə ya kağız, ya da əski salmaq lazımdır. Formasını itirməsin deyə, quruyandan sonra papağı bir neçə dəqiqə buxara verin.
Əgər trikotaj koftanın, sviterin dirsəkləri dartılmışsa, həmin yeri buxara verəndə yenə əvvəlki görkəmini alır.
Yığılıb daralmış yun trikotaj geyimləri aşağıdakı məhlula qoyduqda, o, qismən düzələcək: 10 litr sabunlu ilıq suya 3 qaşıq naşatır spirti və 1 qaşıq adi spirt tökün və paltarı həmin məhlulda 24 saat saxlayın. Sonra təmiz ilıq suda yaxalayıb sıxın və əskinin üstünə sərərək qurudun. Tam qurumamış paltarı əvvəlki formasını alana qədər ütüləyin.
Sintetik trikotaj paltarları gündə və hava axını olan yerdə qurutmaq olmaz, belə olduqda paltar kobudlaşır və formasını itirir.

Xəzlərin təmizlənməsi

Çox çirklənməmiş xəzləri ev şəraitində təmizləmək mümkündür. Papaq və yaxalıq kimi kiçik xəzlərdə yağ ləkəsini benzinə batırılmış təmiz əski ilə silirlər. Əskini xəzin xovu istiqamətində aparmaq lazımdır, çox yağlanmış nazik xəzləri isə xəzin xovuna əks istiqamətdə silmək lazımdır. Quruyandan sonra tükləri iri dişli daraqla darayın. Xəzin tüklü hissəsinə düşmüş yağ və tər ləkələrini naşatır spirti və xörək duzu məhlulunda (1 çay qaşığı naşatır spirti, 3 çay qaşığı xörək duzu və 0,5 litr su), ya da denaturat spirti və naşatır spirti məhlulunda (bərabər hissələrdə) təmizləmək olar. Əskini əvvəldə göstərdiyimiz məhlullardan birinə batırıb xəzi silin və qurumağa qoyun. Quruyandan sonra iri dişli daraqla darayın.
Ağ tüklü xəzləri kartof unu ilə təmizləyin, sonra çırpın və darayın.
Xəzin tükünün parıltısı artsın deyə, onu azacıq sirkə məhlulunda isladılmış əski ilə silmək məcləhətdir.

Ləkələrin aparılması

Çox vaxt ləkəni aparmaq üçün onun üstünə təmizləyicini tökmək kifayət edir, o ləkəni rəngsizləşdirir və təmizləmək lazım gəlmir.
Lakin bəzi köhnə ləkələri aparanda onun ətrafında təmizləyici məhluldan yeni ləkə əmələ gəlir. Bunun üçün təmizlənən parçanın altına suyu yaxşı çəkən əski qoymaq lazımdır. Sonra tamponu məhlulda isladıb ləkəni silin. Tamponu dairəvi hərəkətlərlə qıraqlardan ortaya doğru aparmaq lazımdır. Axırda təmizlənən hissəni əski ilə qurudun.
Əgər bayır-bacaq paltarını, yaxud kostyumu çoxdan geyinməmişsinizsə, onda geyinməzdən əvvəl şkafdan çıxarıb naşatır spirtinin zəif məhlulunda (1 stəkan suya 1 çay qaşığı) isladılmış şotka ilə silib təmizləyin və ütüləyin. Beləliklə, tozu təmizlənmiş paltarın rəngi açılır, şux görkəm alır.
İsti ütü ilə ütüləmək mümkün olmayan paltarı qaynar suyun üzərində saxlayın. Buxardan nəmlənmiş paltarı paltarasandan asın. Azca quruyub suyu çəkiləndən sonra ilıq ütü ilə ütüləyin.
21 fevral 2009
GO BACK