Azərbaycanın qədim və gözəl guşələrindən olan Şəkinin maraqlı və milli ənənələrlə dolu zəngin tarixi var. Çox maraqlıdır ki, şəkililəri şirin danışıqlarına görə başqa rayon və şəhərlərdə dərhal tanıyır, onlara həvəslə qulaq asırlar. Sizə Şəki ifadələri və onların mənasını təqdim edirəm. Olduqca maraqlı və məzəlidir...
Ağzı yalax adam - ağzında söz saxlamağı bacarmayan adam
Ağziynən quş tutur - fərasətlidir, iş bacarandır
Ana bülbül oldum - yağışda bərk islandım
Ayı yuvasınnan qaz axtarır - xəsis adamdan pay umur
Arabanın sol təkəri - fərsiz, xeyrə-şərə yaramayan adam
Başını kəsib, saqqalını tarıyır - bədxahlıq etdikdən sonra qılığına girir, könlünü alır
Qaşıqla verib kömçəynən alma - az-az verib çox istəmə
Dəli dərdinə düşdüm - yaman qorxdum
Döşək biti - oturduğu yerdən durmaq istəməyən adamlara işarədir
Dumana düşən qaza dönübdü - başını itirib, çaşıb
İynə-qamış cin baldır - ayaqları nazik arıq və cılız adam
İynə yiyən itə dönübdü - arıqlayıb əldən düşüb
Pişik nə qatıq yiyibdi, nə ağzı bulanıbdı - sudan quru çıxanlara aiddir
Ham-hamı, kop mamı - bivec, xeyirsiz adam
Şənbə çərşənbədən uzundur - bəzi qadınların alt geyiminin üst geyimindən uzun olduğuna qadınların bir-birinə xəbərdarlığı
Şeytana papuş tikən - bic, bacaraqlı adam