Röyasında gördüyü dəfinəni Misirdə axtarmağa gedən adamın hekayəti (VI cild, 4206)
Mal və yatır şəklində xeyli miras almış bir adam var idi. Günlərin bir günü bu adam aldığı mirasın hamısını yeyib-dağıtdı, çırıl-çılpaq qalınca ağlayıb, sızlamağa başladı. Onsuz da miras malın nə vəfası olacaqdı ki?! Çünki miras qoyan adam da bu dünyadan muradına çatmadan köçüb gedir və yığdığı mallar da bir işə yaramır. Hazır mirasa sahiblənən adam isə onun qədrini heç bilməz, çünki onu asanlıqla əldə edib, ondan ötrü nə tər töküb, nə də əlləşib-vuruşub. Təslim aldığı mallar üçün də hər hansı zəhmətə qatlanmayıb!
Ey insan! Sən də, eynilə beləcə, Haqqın lütfünə və ehsanına mirasçı çıxdın! Haqq sənə bu canı müftə verdiyi üçün canının qədr-qiymətini bilmir, hazır mirasa yiyələnən birisi kimi onu sağasola sərf edirsən!
Sözünü etdiyim o adam da əlinə keçən pulu xərclədi, qumaşı-parçası, malı-mülkü əlindən çıxdı, evləri satıldı. Özü isə xarabazarlıqdakı bayquşlar kimi təkbaşına qaldı. “Ey Allahım, - dedi, - sən mənə mal-mülk bəxş elədin, bol-bol yemək-içmək ehsan etdin. Onların hamısını bir heçə çevirdim mən. Ya onları yenə mənə lütf et, bəxş eylə, ya da ki, bir əcəl göndərib, bu canımı al!”
Həmin adam yatıb yuxusunda gördü ki, hatif (=qeybdən gələn səs) ona deyir: “Sən ancaq Misirdə təkrar zənginliyə qovuşacaqsan! Durma, Misirə yollan, orada işlərin yolunda gedəcək! Allah sənin niyazını qəbul etdi. Bütün niyazları qəbul edən isə yalnız Odur! Filan yerdə böyük bir dəfinə yatır. Onu əldə etməkdən ötrü sənin Misirə getmən gərəkdir! Ey zavallı! Vaxt itirmədən qalxıb, dinclik nə olduğunu bilmədən Bağdaddan Misirdəki o şəkər qamışlığına getməlisən!”
Bağdaddan yol alıb Misirə yollandı həmin adam. Qədəmlərini Misir torpağına basınca gücü və cürəti daha da artdı. Çünki qeybdən eşitdiyi səs ona Misirdə dəfinə tapacağını, bu sərvət sayəsində kasıblıqdan və maddi sıxıntıdan qurtulacağını diqtə etmişdi: “Filan məhəllədəki filan yerdə basdırılıb. Çox böyük sərvət, misilsiz bir dəfinədir o” deyilmişdi ona yuxuda.
Bu ara həmin adamın yeməyini, keçimini təmin edəcək heç nəyi qalmamışdı. Ona görə də xalq arasında dilənmək, onun-bunun qapısını döymək barədə düşünməkdəydi.
Bunu ağlına gətirsə də, öz fikrindən xəcalət çəkdi, çünki dilənməyi izzəti-nəfsinə yaraşdırmırdı, hər yetənə əl açmağı özünə ar bilirdi. Ona görə də özünə toxtaqlıq verib, bir az da səbr etmək qərarına gəldi. Az keçməmiş aclıq təkrar sinəsinə çökdüyü üçün artıq əl açıb dilənməkdən başqa çarəsi qalmadı. Özü-özlüyündə düşündü ki: “Gecəyə doğru dışarı çıxıb dilənərəm. Qaranlıqda qarşımdakıları görməyəcəyimdən bəlkə dilənməkdən də utanmaram! Yarasalar kimi gecələr Haqqı zikr edib, dilənərəm. Hər halda bir damdan mənə pul, sədəqə atarlar.”
Bu düşüncələrlə gecə düşəndə bayıra çıxıb, bir məhəlləyə girdi. Küçələri o baş, bu başa getməklə ayaqdan saldı.
Amma bir müddət sonra təkrar utanc hissi ona güc gəldi. Şərəfi və heysiyyəti rahat dilənməyinə mane olurdu. Digər tərəfdən isə ona güc gələn aclığı dinmək bilmir, ona: “Durma, dilən!” deyə hökm edirdi.
Gecənin üçdə biri geridə qalmışdı. O isə özü-özünə: “Yenə də dilənimmi? Yoxsa gedib acqarına yatmağa çalışım?” deyirdi. Bir ayağını irəli atdığı zaman digər ayağı sözünə baxmırdı.
Qəflətən bir keşikçi onu yaxaladı. Acından mədəsi qovrulan bu zavallı insanı yumruqlamağa zopa ilə döyməyə başladı, çünki o cür zülmət gecələrdə soyğunçuluq edən oğrulardan yerli camaat çox zərər görmüşdü. Ona görə də qorxunc və uğursuz gecələrdə keşikçilər bayırda veyillənənlərə diqqət yetirir, onların kimliyini araşdırırdılar. Həm də ki xəlifə: “Gecələr küçələrdə boş-boş dolaşanları yaxalayın! Hətta mənim qohumum olsa belə, əlini biləkdən kəsin!” deyə əmr vermişdi. Üstəlik, gecə keşikçilərinə: “Nə haqla bu oğrulara göz yumursunuz?” deyə hərbə-zorba da gəlmişdi.
Məhz bu hökmün qüvvədə olduğu dönəmdə keşikçinin gözü dəfinə axtaran gəlmə adama sataşmışdı. Zopasıyla onu insafsızcasına necə döydüsə, zavallının vücudu başdan-başa al-qan oldu.
Günahsız yerə döyülən adam: “Bir imkan ver, sənə halımı anlatım” deyə nalə çəkdi. Keşikçi əl saxlayıb: “Hə, sənə möhlət tanıdım, - dedi. - İndi söylə görüm, gecənin bu vaxtı dışarıda nə işin varmış? Anlat görək! Belə görürəm ki, sən yerlilərdən deyilsən, gəlmə birisisən. Düzünü söylə: sən buralara nə məqsədlə gəlmisən? Yoxsa xəlifəmiz: “Nə oldu ki, oğrular belə çoxaldı?” deyə bizləri durmadan tənbeh edir. Oğruların artması isə sənin, ya da sənin kimi veyillərin üzündəndir! Odur ki, indi sən, gəl, o yaramaz, əliəyri dostlarının adını və yerini bildir! Əks halda, onların da acığını səndən çıxaram! Bəlkə onda şəhər zənginləri bir az rahat nəfəs alarlar.”
Zavallı qərib and-aman edərək dedi: “Mən nə ev oğrusuyam, nə də ki cibgir. Mən nə yağmaçıyam, nə də suçlu! Mən Misirə Bağdaddan gəlmiş bir qəribəm!”
Sonra bu gəlmə adam keşikçiyə öz röyasını, o dəfinə sövdasını açıqladı. Onun gerçəyi söylədiyinə inanan keşikçinin ürəyi yerinə gəldi, çünki adamın tam səmimiyyətlə and içdiyinə şübhə yeri qalmırdı. Anlatdıqlarından onun ürəyinin yandığı anlaşılmaqdaydı.
Keşikçi bu qərib adama dedi: “Sən nə oğrusan, nə də bir pis niyyətin var. Yaxşı adam olsan da, sadəlövh və axmaq birisisən, çünki bir xəyalın ardınca düşmüsən, bir şirin röyaya aldanmaqla bunca əziyyətə qatlaşmış, bunca uzun yollara düşmüsən! Hər halda sən ağlını yellərə vermisən. Mən də dəfələrlə yuxu görmüşəm və orada dəfələrlə mənə “Bağdadda bir dəfinə var” deyilib, “Bağdadın filan tərəfində, filan küçəsində gömülüb o dəfinə” deyiblər həmişə.”
Keşikçinin yuxusunda adı çəkilən məhəllə isə ondan yediyi yağlı zopalar qarşılığı böyründə dərdli, üzüntülü və pərişan oturan bağdadlı qəribin yaşadığı məhəllə, onun küçəsi idi. Keşikçi dedi: “Mənə yuxuda: “O xəzinə filankəsin evinin altında gömülüb, haydı, dur onu axtarmağa get” deyib dururdular.” Qəribə burasıdır ki, bu zaman keşikçi oğruya bənzədərək yaxaladığı, gen-bol qoparağını götürdüyü bu qərib adamın evini, onun adını nişan verirdi.
Söhbətinə davam edən keşikçi deyirdi: “Bəli, bəli, mən bu yuxunu neçə kərə ard-arda görmüşəm. Hər səfərində də “Bağdadda adı çəkilən evdə “Bir dəfinə gizlədilib” fikri dəfələrcə təkrarlanıb. Mən isə bu xülyaya aldanmadığım üçün heç yerimdən qımıldanmamışam da. Sən isə, ay zavallı, bircə dəfə görməklə öz yuxuna inanıb, ərinib-üşənmədən, min bir əziyyəti heçə sayaraq durub buralara qədər gəlmisən. Həqiqətən də, sənin ağlında nə isə bir nöqsan var!”
Bağdadlı qərib bu sözləri eşidincə əvvəlcə çaşdı, sonra isə düşündü ki: “Deməli, dəfinə mənim öz evimdə imiş. Əgər bu belədirsə, bəs niyə mən öz yurdumda kasıb yaşamışam, yoxsulluqdan fəryad etmişəm?” deyə heyfsiləndi, özü-özünə acığı tutdu. “Belə çıxır ki, mən dəfinənin üstündə oturub, kasıblıqdan, kasadlıqdan ölürmüşəm və bundan xəbərim yoxmuş?! Deməli, mən indiyədək qəflət yuxusunda imişəm və qəflət pərdəsi gözlərimin önünü tutubmuş!”
Bu xoş xəbərdən bağdadlı haradasa məst olmuşdu, dərdi, üzüntüsü qeybə çəkilmişdi. Yediyi zopaların ağrı-acısını unutduğundan Allaha şükürlər etməkdəydi, ürəyində yüz min kərə “həmd” oxudu.
“Məgərsə azuqəm çəkdiyim üzüntülərə, yollarda qatlaşdığım sıxıntılara, bir də bu keşikçidən yediyim kötəklərə bağlı imiş! Dirilik suyu mənim evimdə imiş, mənsə bundan xəbərsizdim! 4329 Ey ulu insan! Sən mənə “dərdli” və ya “axmaq” deyə bilərsən. Bu halda mən sənin gözündə dərdli, zavallı birisi olsam da, özüm öz halımdan razıyam, bəxtəvərlikdəyəm!”
Gəlmə Cənab Haqqa səcdələr sırasında rüku edərək, sənalarda və şükürlərdə bulundu, Misirdən Bağdada sarı yol aldı. Yol boyunca azuqəsinin belə əks tərəfdən, gözləmədiyi bir yöndən gəlişinə karıxır, heyrətə qapılırdı. Bu çaşdırıcı durumdan az qala məst olurdu. “Mən haradan azuqə umurdum, amma bir gör, Allahın lütfü və ehsanı mənə haradan yetişdi! Mənə Misirdə xəzinə axtarmaq ümidi verib, Bağdadda zənginliyimi təmin etdi! Bu necə hikmətdir ki, istəklərim məni dəli bir arzu ardınca salıb, bunca uzaqlara gətirib çıxartdı. Yolumu itirsəm də, ümidimdən möhkəm yapışdım! Karıxdığım üçün qaça-qaça bu axmaqlıq yolunu tutdum. Əslində isə həmin vaxt mən öz diləyimdən daha çox uzaqlaşır, ayrı düşürmüşəm! Sonradan Cənab Haqq mənim yolumu azmışlığımı, yolumu çaşmamı da öz kərəmiylə bir lütf halına gətirdi, doğru yolu seçməmə, girdiyim bu oyundan qazanclı çıxmama yardımçı oldu! Bəlkə də muradıma çatmam bu səfərimlə, yolçuluğumla bağlı imiş. Səfər edib də onu başqa yerlərdə tapmayınca, əvvəl qərar tutduğum yerdə bulmalıydım onu!
Cənab Haqq: “O, sizlərlə bərabərdir!” deyə buyurub. Amma bu bərabər olma könül qulağına çatsın deyə, o bərabərliyi özündən uzaqlaşdırmasın deyə, insanın könlünü möhürlədi. Haqqı arayıb-axtaran insan uzun məna yollarını geridə buraxıb, xeyli əngəl aşdıqdan sonra könlündəki o möhürü açdı. Yəni bir çox ibadətlər və yaxşı əməllər sonucu Cənab Haqq daim onunla bərabər olduğunu insana anlatdı. Bu həqiqətlərə varan Haqq yolçuları deyərlər: “Bu bərabərliyi ilk başdan bilsəydim, heç onu axtarardımmı?! Heç bunca sağa-sola vurnuxardımmı?!"
“Məsnəvi”dən seçmələr
Farscadan türk dilinə tərcümə: Şefik Can
Dilimizə tərcümə: Azad YAŞAR