Ta qədimdən üzü bəri insanlar yazın gəlişini səbirsizliklə gözləmişlər. Yazda təbiətin yaşıl örtüyə bürünməsi, ağacların yarpaqlaması, meyvə ağaclarının çiçəklənməsi, yaşıllıqlar arasında müxtəlif rəngli və müxtəlif ətirli çiçəklərin boy göstərməsi əsrlərdən bəri insanlara əsrarəngiz təsir bağışlamış, insanlar bu təbii təbiət qanunlarının daxili mənasında sirli bir dünyanın gizləndiyini duymuş və bu sirli aləmin düyününü açmağa çalışmışdır.
İnsanlar təbiətin oyanmasına səadət və xoşbəxtlik rəmzi kimi baxmış, onu xeyrin şər üzərində qələbəsi kimi qiymətləndirmiş və bu baxımdan yazın gəlişini sevinclə qarşılamışlar. Bu sevinc milli bir bayramın yaranmasına səbəb olmuş və xalq bu bayrama Novruz (təzə gün, yeni gün) adı vermişdir.