Qadin.NET / Yaşam-AДћ

Yaşam-AДћ

Yaşam-AĞ

Gözyaşında həyatı, gülüşündə ölümü yazılıb… Baxmağa dəyər!  Birinə baxıb niyə gülürlər ki? Çox gözəl və ya çox çirkindir deyə? Bəlkə şanssızlığına, bəxtinə. Ola bilsin ki, bacarıqsızlığına. Tək olduğuna görə mi, yoxsa xəyallarına?
Mənə… Məncə mənə tək olduğum üçün xəyallarıma!
Həyatla rəqs etmək çox çətindir… Ən çətinidir. Hətta cəsarət etmək belə çox böyük bir şeydir. Çünki, onunla rəqs edərkən həm kor, həm kar, həm də hissiyatsız olmağa razılaşmalısan. Bir də o təklik var haa… Məsələn, bilirsən ki, bu rəqsi bacarmasan, sonunda sənə uzadılan bir əl yoxdur… Rəqsin sonunda sənə əl çalan və ya gözyaşları ilə dəstək olan yoxdur…
Sonradan təkliyə öyrəşmək asandır bəlkə də, amma ən başından təklik bərbaddır.
Qısaca, səssiz gülməli, çünki qısqanc dostlar bunu sevməzlər. Ağlayarkən gecə olmalı və yastığı qucaqlayıb yenə səssiz ağlamalı… Çünki, yuxudan oyanırlar. Nəyəsə hirslənəndə, yenə səssiz qalmalı, yenə susmalısan. Bu ki, yetimxana müdirəsinin xoşuna gəlməz.
Hardasa doqquz yaşım olardı həyatımı dəyişən sözləri birləşdirməyə, cümlələri hekayə etməyə başladığımda. İki gün əvvəl tapdım bu dəftəri. O vaxtlar bura gələcək xəyallarımı yazarkən, indi yazacam son beş səhifəyə keçmişimi.
Adım Şəms. Yetimxana müdirəsinin şillələləri, “dostlarımın” nifrət dolu gülüşləri və həyatın köməyi ilə böyüdüm.
Mən çox gözlədim təkliyin bitməsini, rəqsin sonunu…
Anamı gözləyirdim mən, gözyaşlarımı silsin deyə. Atamı gözləyirdim mən, tutub əlimdən tanrının yanına aparsın deyə.
Zaman keçdi və mən öyrəşdim… Ritmlə rəqs etməyə başladım. Buna baxmayaraq, nə qəddar, nə kədərli baxırdım dünyama. Bu idi mənə verilmiş başlanğıc və mən hər gün yeni bir ümidlə baxmalıydım günəşə, var olmaq üçün. Amma mən qəbul etmədim, dəyişəcəkdim həyatımı!
Bir dostum vardı, Gülşən. Ən çox onunla oyun oynayardım. Məndən fərqli olaraq onda bir şəkil var idi, ailəsiylə çox xoşbəxt görünürdülər. Yetimxanaya gələn hər şeyi birinci o götürərdi. Oyuncaqlar, nağıl kitabları. Həmişə mənə “bunları atam mənim üçün göndərib, sənə niyə verməliyəm ki?”,-deyərdi. Mən də inanmışdım və haqq vermişdim. Bəlkə mənə də atam göndərsəydi, verməzdim heç kəsə.
Bir az daha böyüdükdən sonra anladım ki, buradakı hərkəs heçkimsizdi və bu oyuncaqları, bu kitabları bizə “yazıq” deyib göndərirmiş hərkəslilər.
Nəysə, mən də elə o vaxtlarda başladım yazmağa. Birinci nağıllar yazmağa başladım. Kitabım yox idi deyə, hər zaman mən idim baş qəhrəmanlarından biri. Biri də… ən sevdiyim, ən dəyər verdiyim, ən çox onunla ağlayıb, onunla güldüyüm birisi. Amma təəssüf ki, o da məndən uzadaydı. Tək təsəllim, eyni şəhərin səhərlərinə oyanmağımız idi deyəsən. Onu çox sevirdim və bir gün onunla tanış olacağıma inanırdım. Əslində çox şeyə inanırdım; ən gözəl hekayələrin sahibi olacağıma, ən yaxşı  insanlarla tanış olacağıma və ağladığım qədər güləcəyimə.
Bir ilim də belə keçərkən, mən sabah nə diləyəcəyimi fikirləşirdim. Axı sabah mənim köməksiz keçirdiyim həyatımın on illiyi tamam olurdu. Hər il başqa illərdən fərqlənirdi. Hər zaman bir dilək diləsəm də, bu dəfə ikisini istəyirdim. Ya yenə anamla, atamla görüşməyi istəyəcəkdim, ya da o ən sevdiyim birisi ilə tanış olmağı. Birinci dediyim diləyimdən küsmüşdüm artıq. Çünki, belə getsə inanmayacaqdım daha nə diləyə, nə möcüzəyə, nə də xəyala. Hər il bir səbəb tapırdım, amma artıq on yaşım olurdu və mən daha səbəblərdə yaşamırdım.

“Gəlməsələr də şəhərimə,
Getməzlərdi ürəyimdən.
Kimsəsiz desələr də mənə,
Hər zaman sahibi vardı
Ürəyimin, beynimin, ruhumun
Nə qədər cəza desəm də
Hədiyyə adıyla verilmiş bu qutuya,
Anamı gözlədiyim qədər,
Sevirdim atam boydakı dünyanı”

Bunu yazarkən bu günədək getdiyim ən rahat yuxuya getdim.
Səhər oyandığımda hər şey o qədər fərqli idi ki. Günəş, hava, ocaqlar. Çünki, bu gün, bu gecə fərqliydi. Bu gün günəş də fərqli olacaqdı, ulduzlar da. Çünki, bu gün, günəş işıqları yerinə kimsəsizin xəyalı patlayacaq. Çünki,  bu gecə ulduz yerinə hamı mənim diləklərimə baxacaq.
Hər kəs məni təbrik eləmişdi və Gülşən hədiyyə vermişdi. Ən çox istədiyim o oyunxaqla, kitabı. Ondan bunu gözləmirdim. Çoxlu təşəkkür edib, qucaqladım. Həqiqətən çox sevinmişdim. İlk dəfə idi ki, hədiyyə alırdım, çox hədiyyə verdiyimə baxmayaraq və istədiklərim idi.
***
Hər kəs stolun ətrafına yığışanda, tort deyil, balaca keks parçasının üzərindəki şamı üfləyərkən, diləyimi bir daha qucaqlamışdım… Bəli, yenə eyni dilək. Çünki, on yaşım olurdu və bu dəfə niyəsə daha çox inanırdım. Nəfəsimi yenicə içimə çəkmişdim ki, Gülşən sual verdi:
-Nə dilədin?
Diləyimi dedim:
-Anamı, atamı görməyi dilədim.
Birdən niyə bilmədim, amma gülməyə başlayıb əl çaldı və “sən dəlisən? Hardan görəcəksən? Ölüblər, ölüblər. Qızlar buna baxın! Hələ elə bir inamla da deyir ki axmaq!”,-dedi.
Bu sözlərdən sonra təkcə əl çalan və gülən o olmamışdı, hamı mənə gülürdü. Hərdən mənə təkcə məndən fərqli adamlar “yazıq” desə də, bu axşam mənimlə  eyni stolun ətrafında olanlar da mənə “yazıq” dedilər.
Deməli, mən fərqli idim… Aradan bir az vaxt keçmişdi. Hər kəs yatçışdı. Gecə saat 11 idi və mən o 1 saata və möcüzəyə inanıb gözlədim. Amma yox, olmurdu, gəlmirdilər və mən şiddətlə ağlamağa başladım. Saat 12-ə 5 dəqiqə qalmışdı və mən “bəlkə gəlmək istəyirlər, amma  bura gəlməkdən qorxurlar” fikri ilə yetimxanadan qaçdım. (Bir gün buradan doğurdan qaçacaqdım)
Hara getdiyimi bilmədən qaçırdım, elə bilirdim müdirə arxamca gəlir. Amma yorulub dayandım. Müdirə yox, amma arxamca gələn çox insan var idi. Biz bu vaxtlar yatsaq da, şəhər oyaq idi. Mən heç vaxt bu saatda küçədə olmamışdım.
Yanımda dayanıb nəsə gözləyən qızın o böyük, parıltılı və bahalı görünən saatına baxdım, 00:15. Çoxdan bitibmiş ad günüm… Mənim üçün bu gecə möcüzələr də bitmişdi. Bu gecə təkcə diləyimdən deyil, anamdan da, atamdan da, dua etməkdən də küsmüşdüm.
***
İndi neynəyəcəkdim? Yolu bilmirəm, təkəm və yorulmuşam… Skamyaya oturub ağladım. Sonra, nə yaxşı ki, polis gördüm və ona yaxınlaşıb hara getməli olduğumu, daha doğrusu harada olmalı olduğumu başa saldım. Yeri bilirdi və məni aparacaqdı. Düzü biraz da qorxurdum. Müdirə neynəyəcəkdi ki?uzağı iki sillə.
Tam gedirdik ki, möcüzə qolumdan tutub saxladı. Bu dəfə dilək məni qucaqladı. Tanrı mənə gülümsədi. İnana bilmirdim, gözyaşlarım gülüşə çevrilərkən, o polisin yanından ona doğru qaçdım. Skamyada oturmuşdu. Başını aşağı əyib tez-tez saata baxırdı. Bu küçədə çox adam var və hərkəs onu tanıyır, sevirdi. Amma yalnız mən gördüm deyəsən. Gedib qarşısında dayandım içtən bir gülümsəməylə. O da mənə baxdı və gülümsədi, amma səmimi deyildi. Deyəsən mənim kimi balaca fanatı çox idi. Sonra üzünü başqa tərəfə çevirdi. Elə o an onu qucaqladım. O da mənu qucaqladı. Sevincim on qat daha artmışdı. Çəkilib, üzünü əzbərləyirmiş kimi diqqətlə ona baxdım. Gülümsəyib “Sizi çox sevirəm. Mənə baxın və məni unutmayın. Çünki, biz bir daha görüşəcəyik”,-dedim.
Polis hələ məni gözləyirdi. Ona doğru getdim. Arxama dönüb əl salladım. Mənə baxırmış. Mən bugün ilk hədəfimə çatdım.
***

O gecədən sonra yazmaq ümidim məni tərk etməmişdi. Daha çox yazıb, daha çox gülürdüm. Xoşbəxt olmağı öyrənirdim, gələcəyimi xəyal edərkən.
Qızlarla münasibətim soyuq olsa da, Gülşənlə əvvəlki davranmağa davam edirdim. 12 yaşım var idi ən yaxşı dostum gedəndə. Hər nə olur olsun, o mənim ən yaxın rəfiqəm idi. Hansı ki, o gündən sonra bu sözü deyə bilmədim. Bu gün müdirə onu otağına çağırdı. Qayıdıb otağa gələndə sevinə-sevinə yığışmağa başladı.
-Heç səni belə görməmişdim. Nəyə borcluyuq bu sevincini,-soruşub gülümsədim.
-Ailəmə, həm də varlı.
-Atan gəldi?,-maraqla soruşdum. Çox təəccüblənmişdim.
-Axmaqsan sən. Onlar elə bir yerdədilər ki, heç vaxt gəlməyəcəklər. Məni başqa bir ailə götürür, həm də varlı.
-Getmək istəyirsən?
-Təbii ki. Sən istəməzdin güya?
-Yox, başqasına ata deməkdən pis heç nə ola bilməz.
-Güya öz atana deyə bildin?,-deyib güldü. Sonra oyuncaqları, kitabları mənə tərəf atdı.
-Al sənin olsun. Çox istəyirdin. Dostluğumuz da burada bitdi,-dedi. Çantasını götürdü. Sonra dolabda nəyisə görüb, ona tərəf getdi. Çox qəşəng bir dəftərlə, qələm çıxarıb mənə doğru, amma məndən uzaq bir yerə atdı. Yarım qalmış cümləsi kimi davam etdi:”Bunları da götür, həmişə nəsə yazırsan. Dəftər-qələmdi, özü də ən yeni və ən yaxşısından. Onsuzda bundan mənə min dənə alacaqlar. Güya neyniyəcəksən?”,-deyib getdi.
“Güya neyniyəcəksən?” Bu sual daha da gücləndirdi məni. Dəftərə xəyallarımdan yazdım və nə vaxy gülşən yadıma düşsə “Dostluq” hekayəmi davam edirdim.
13 yaşımda bu hekayəmlə müsabiqəyə qatıldım və birincilik mənim oldu. Və belə-belə yazmağı heçvaxt buraxmadım. Daha sonra başqa müsabiqələr və dərslərdəki inşam. Mən heç vaxt əl çəkmədim yaşamdan!
***

Bacarmışdım. Ən yaxşı hekayələrin sahibi idim. Günlər keçdikcə, ən yaxşı insanlarla tanış olurdum. İstədiyim kimi ssenaristlik oxuyurdum. Amma hələ universiteti bitirməmiş bir ssenarim film olmuşdu. Ondan sonra başladım tanınmağa. 20 yaşımda kitab yazdım;”Yaşam-AĞ”. Hər şey istədiyim kimi olurdu.
Bu dəfəki ad günümdə tək deyildim, yeni insanlar var idi ətrafımda. Restoranda idik və xəyallarımdakı kimi bir tort var idi. Saat 12-ə 5 dəqiqə qalmışdı. Yadıma 11 il öncəki ad günüm düşdü. Elə bu saatda həyatımın qərarını almışdım və yetimxanadan qaçmışdım. Diləyimi dilədim, heç kəs soruşmadı nə dilədiyimi, sadəcə səmimi gülüşlə əl çaldılar.
Bu gün çox sevincli idim, çünki, xəyallarım və mən bir yerdə idik. Artıq saat 1-dir və hamı getməyə hazırlaşır. Yanımıza qısa saçlı ofisiant qız gəldi. Hesabı mən ödəyirdim. Qızın üzünü gizlətməsi məni çox maraqlandırdı. Başını aşağı əyib qısa, qara saçlarını üzünə tökmüşdü. Qapını örtəndə gördüm onu. O idi, Gülşən. əlindəki xal da bunu təsdiqləyirdi. Tez ona tərəf getməyə başladım. Gəldiyimi hiss edib addımlarını tezləşdirdi., amma çatmışdım artıq.
-Gülşən?,-deyə üzünə diqqətlə baxaraq soruşdum.
-Hə?,-gözləri ətrafda gəzərək.
-Sən niyə burdasan?
-Nə olub ki? gülməyə mövzu axtarırsan?,-acıqla soruşdu.
-Niyə gülüm ki? Unutma mənə ən son acıqla gülən sən olmuşdun.
-Ailəm kasıbladı, mən də istəmədim, burada işləyirəm. Həm, sənə nə var? Varlanıb kömək eləməyə gəlmisən?
-Əgər icazə versən, təbii ki.
-Mənə yazıq kimi baxırsan hə? Özün kim olmusan? Sillələrlə və oxumaq xəyalıyla böyüyən yazıq! Və mənim verdiyim qələmlə, dəftərlə bu yerdəsən bəlkədə,- nifrətlə baxırdı.
-Bax üzümə, sillə yeri görürsənmi heç? Bax mənə! Bu gün mən xəyallarımla qeyd etdim ad günümü. Hə, bir də, bəs sən o ən bahalı və min dənə olan dəftərlərinlə neynədin?,- dedim qışqıraraq.
Qapını bərk örtüb getdim. O, bu qapının arxasında qalmışdı və tamam bitmişdi.
***

21 yaşım vardı. Özümü tanıyandan xəyallar qurmuşam hər gecə. Hər il dilək tutmuşam. Dayanmadan yazmışam və inanmışam. İki dəfə yaşamışam mən möcüzəni; biri 10 yaşımda, biri də bu gün. Tanrı bu diləyimi də gerçəkləşdirmişdi. Məncə, özünü günahkar hiss edirdi verdiyi başlanğıca görə, onun üçün idi bütün bu möcüzələr.
Bu ad günümdəki diləyim isə, yeni və ən sevdiyim ssenarinin film olmasıydı. Bu hekayənin başqalarından fərqi isə, mənim hekayəm, mənim həyatım olmasıdır. Elə belə də oldu. Baş rolunda Yaşam-AĞ`ını başladan, hər kəsdən daha çox sevdiyim o aktyor idi.
Filmin Finalı:
“Qız ən pis yollardan keçib yenə sevdiyi adamın, aktyorun qarşısına keçib “sizə demişdim məni unutmayın. Mən ki sizi çox sevirdim”,-deyir. O qız mən idim. Öz hekayəmdə öz həyatımı oynadım. Məni tanıdı. Çəkiliş getsə də və hamı ssenari bilsə də, biz yenidən görüşmüsük.”
Hər kəs əl çaldı. Bütün oyuncaqlar, bütün kitablar… Xəyalım ayağa qalxdı məni alqışlamaq üçün. Atam, anam və ən əsası da Tanrı gülümsəyib əl çaldı.
Mən Şəms. Sevginin nifrətə dönüşdüyü nöqtədə başlayıram mən.İnsanlığın bitdiyi andakı son “insan”ın mənalı baxışları və heyfsli cizgilərində gizlidir mənim bu qısa həyat hekayəm. Mən Şəms. Hər gözyaşımda sevgimi qoruyub nifrətlə savaşan mən. Bəzən məğlub olub, sonrasına ən içtən, sevgi dolu təbəssümlə qayıdıram. Mən Şəms. Dünyanın ən zərif gülümsəməsinə və ən qəddar Tanrısına sahib yazıq. Mən, həyatın ölüm olduğunu insancıqlara anladan varlıq…

Afər Babayeva 

18 dekabr 2016
GO BACK