Gyges, qədim Lidya kralı olması ilə bərabər, Platonun “Republic “ adlı əsərinin ikinci hissəsində də danışılan bir hekayədə adı keçir. Platonun əsərində, Sokratla Glaucon arasında olan dialoq zamanı, Glaucon “gygesin üzüyü” əfsanəsini danışır.
Əfsanə belədir:
“ Gyges Lidya kralının qoyunlarını otaran çobanlardan biri idi. Günlərin bir günü zəlzələ olur. Zəlzələdən yer çatlayır və heyvanların otladığı yerdə bir yarğan açılır. Yarğanın içinə enən çoban, orada insandan böyük olan, barmağında qızıl üzüyü olan bir ölü görür. Bu üzüyü götürüb, yuxarı çıxır. Çobanlar hər ayın sonu, krala hesabat vermək üçün bir yerə yığışırlar. Gyges saraya bu üzüklə gəlir. Oturanda üzüyün qaşının fərqinə varmadan ovucunun içinə çevirir. Bunu edən kimi görünməz olur. Özü daxil olmaqla otaqdakı hər kəs donub qalırlar. Üzüyü oynadanda qaşı çevirən kimi, yenə görünən olur. Beləliklə, Gyges üzüyün tilsimini kəşf edir. Bir gün görünməz olaraq, saraya gəlir. Sarayda kraliçanı yoldan çıxardır, onun köməyi ilə kralı öldürüb, taxta çıxır.” (dövlət,359d)
“Gygesin üzüyü kimi insanı görünməz edən iki üzüyümüz olsa, birini yaxşı, digərini pis adama versək və şəhərə buraxsaq. Nələr baş verər? Onlar hər istədiklərini qorxmadan əldə edərlər, evlərə girib, könülləri istədiyi adamlarla oturub durarlar, ürəkləri kimi istəsə, öldürərlər, kimi istəsələr həbsdən çıxararlar. Bir Tanrı kimi dilədiklərini edərlər“. (Dövlət. 360c)
Əfsanənin əsas fikri belədir: Görünməyəcəyini bilən hər kəs günah edə bilər, bəs siz belə bir güc qarşısında özünüzə sahib çıxa bilərdinizmi?
Tərcümə edən: Aidə