Qadin.NET / Tuneldəki dərinlik

Tuneldəki dərinlik

Tuneldəki dərinlik

Sehirli mürəkkəblə yazılacaqdı ovsunlayıcı sözlər. Sözlər birləşib bir gəmi olacaqdı. Bizi utopiyaya aparacaq nəqliyyata dönəcək. Qaranlığımız bir tunel olacaq, arzularımız tunelin sonundakı işıq. Gəmimiz bu tuneldən keçməyə məcbur olacaq. Tunelin qaranlığında parıldayan fosforlu böcəklər ümidlərimiz olacaq. Çox kiçik olsalar da üzümüzü gülümsədəcəklər. Gəminin pərvanəsi suyu şappıldatdıqca bu qaranlığın bitməyinə az qaldı, düşünəcəyik. Daha da səbrsizlənəcəyik. Amma zaman bizim istədiyimiz kimi yox, buyrulan kimi axacaq. Suyun həzin dalğası axıb, axıb gedən zamanımız olacaq. Tunelin sonuna yaxınlaşdıqca qəlbimizdə qorxu hissi baş qaldırmağa başlayacaq. İşığın o tərəfindəki bilinməzlik bizi əzəcək. Narahatlıq qəlbimizə hakim kəsiləcək. Bu qədər arzuladığımız bizə bəs etməyəcək kimi gələcək. Gəmi ilə getdiyimiz zamanınmı, işığa toxunacağımız zamanmı əsil məqsədimizdir, anlaya bilməyəcəyik. Gəmidən özümüzü dərin sulara buraxacayıq. Biraz sakitləşmək, beynimizdəki kütlənin səsini dayandırmaq üçün yavaş-yavaş dərinlərə doğru batdıqca batacayıq. Çıxılmaz bir dərinlik şüurumuza hakim kəsildiyi an daha çox çabalamağa, qurtulmağa çalışacayıq. Yuxarı, yaxud daha dibə hansı yol çıxışdır deyə düşünərək zamanın get-getə azaldığı ağlımıza gələcək. Birdən təslim olacayıq. Yumulan gözlər, boşalan əllər öz içinə qapanacaq və bu an hər şey sükuta qərq olacaq. Bütün axtarılan daxildə tapılacaq.


6 noyabr 2016
GO BACK