Biz əlifbanı sevgi məktubu yazmaq üçün öyrənmişdik. Bunu 3-cü sinifdə oxuyanda anladım ... Dəftərimdən qopardığım qoşa vərəqə iki söz yazmışdım: mənim adım + sənin adın.
Rəsm dərsində ox sancılmış ürək çəkirdik bayraq və gerb əvəzinə.. Körpə qəlbimiz öz sümük beşiyində yenicə qığıldayırdı onda. Onda hələ öyrənməmişdik rəqəmlərin yalnız əskinaz olduğunu. Onda bilmirdik ki, dördbucaq çəkə bilməyən dostumuz dörd divara düşəcək.
Bilmirdik ki, ampermetrdən "5" alan qız cərəyandan öləcək. Bilmirdik ki, ən dəhşətli hiperbola anamızın əllərindəki qırışlar olacaq. Bilmirdik hər şey boş çoxluqdur. Bu yaddaş kitabçasında adam öz əllərini unudur,..
Yaxın otur, bir az etiraf edəcəm, yaxın otur, əziz müəlliməm.
Azərbaycan dili dərsində "unutmaq" feilini şəxsə və kəmiyyətə görə dəyişirdik və mən həmişə 1-ci şəxsin təkində yalan danışırdım. Çünki mən unutmamışdım ...
İngilis dili dərsində başa düşdüm ki, məhəbbətin dili olmur aclığın irqi olmadığı kimi.
Biologiya bizdən gizlətmişdi ki, gözlərin iki funksiyası var -- ağlamaq və danışmaq. Əslində ürəyindili imiş baxışlar ...
Onda tarix Turqut Özal deyildi, Corc Buş da deyildi. Onda əkiz qüllələr hələ başını aşağı salmamışdı, onda əkiz qüllələrin başı göyə dəyirdi.
Fizika Çin işgəncəsi idi, bircə ümumdünya cazibə qanununu səni qucaqlayanda başa düşdüm
Nyutonun başına alma düşməmişdən qabaq sən mənim ürəyimə düşmüşdün, -- bu, ilahi cəzbetmə idi.
Coğrafiya dərsində bütün yollar sənə gedirdi, bütün çaylar sənə axırdı. Hərdən ayaqlarımı geyinib qaçırdım ekvator boyu, hara dönürdümsə, kompasın əqrəbi yenə də sənə baxırdı. Onda mən bilmirdim ki, Yerin nüvə qatından başqa nüvə silahı da var ...
Əziz müəlliməm, indi "həyat dərsi"ndən kəsir imtahanına gəlmişəm ... Dəftərimi yoxlayın, davranışıma qiymət verin, istəyirsiz valideynimi çağırıb iclasda şikayətlənin ...
Amma xahiş edirəm, məndən "sevməyi" soruşmayın, Çünki "sevmək" yadımdan çıxıb, evdə qalıb ...
Aqşin Evrən