Hər bazar Ukraynanın "İnter" telekanalının efirində "Орел и Решка" adlı əyləncəli və çox maraqlı, dünya turnesinə, səyahətə həsr olunmuş veriliş efirə gedir.
Bir çoxları "əyləncəli və çox maraqlı", "səyahət" adı eşitdikdə düşünəcəklər ki, "əşşi, yenədə hansısa şəhəri, otel və restoranlarını göstərəcəklər də". İşin maraqlı tərəfi də elə burdadır. Bu veriliş sıradan bir veriliş deyil. Beləki, verilişi tanınmış klipmeyker Alan Badoyev və onun həyat yoldaşı teleaparıcı Janna Badoyeva təqdim edirlər. Səyahət olunacaq ölkəyə gəldikdə, tərəflər bildiyimiz adi qəpik vasitəsilə seçim edirlər (hərə qəpiyin bir üzünü seçir). Kimin seçimi uğurlu olub, qalib gəlirsə - o "Qızıl karta" sahib olur. Məhz bu Qızıl Kart qalib tərəfi, istənilən dəbdəbəli oteldə qalmaq, kübar restoranlar, alış-veriş mərkəzlərində şopinq, ekskluziv əyləncələr, yerli ulduzlarla görüş - bir sözlə sanki dünyanın ən varlı siması kimi səyahətdəsiniz, bütün bu imkanlara sahib edir.
Məğlub olan tərəfə isə 100$ və ya 100 avro - ölkədən asılı olaraq, təqdim edilir. Məğlub olduğu üçün də bütün səyahəti məhz həmin pulla bitirməkdən başqa çarəsi olmur )) Təbii ki, bu zaman kütləvi nəqliyyatdan istifadə, gecələmək üçün pulsuz və ya cibə münasib, uyğun yerlər həmçinin maksimum qənaətlə daha çox maraqlı yerlər görmək lazım olur.
Hər birinizə maraqlı gələn bu ssenari ilə çəkilən verilişin son, ötən həftəki çəkilişləri - paytaxtımız, sevimli şəhərimiz Bakıda baş tutub. Sizləri çox intizarda saxlamaq niyyətində deyilik, buyurun özünüz hər şeyin şahidi olun.
P.S. - verilişin rus dilində olmasına baxmayaraq, paytaxtla bağlı olduğu üçün sizlərə təqdim edilir. Ekspert Niyar xanıma xüsusi təşəkkürlər...