Qadin.NET / Aleksandr Borodin

Aleksandr Borodin

 

Rus romantik dövrü bəstəkarlarından olan, həkim və kimyaçı Aleksandr Borodin “Qüdrətli dəstə”-nin  5 üzvündən biri kimi klassik musiqiyə öz töhfəsini vermişdir. İncəsənətə olan bağlılığından əlavə qadın hüquqları uğrunda mübarizəsi  və ölkə ərazisində təhsilin yayılması ilə bağlı fəaliyyətləri, həmçinin, kimyəvi təcrübələri ilə bu sahədə də müəyyən ilklərə (məsələn, florla xlorun yerdəyişməsini göstərən ilk şəxs olaraq SSRİ-də bu ‘Borodin reaksiyası’ adlandırılırdı) imza atmışdır.

1833-cü ildə Sankt-Peterburqda gürcü əsilzadəsi Luka Gedevanişvilinin qeyri-qanuni oğlu olaraq dünyaya gələn Aleksandr kiçik yaşlarından yaxşı elmi və piano təhsili alır. 1850-ci ildə Tibbi-Cərrahi Akademiyaya qəbul olan bəstəkar, karyerasını kimya üzərinə qurmaq qərarını verir. Bir müddət hərbi xəstəxanada işləyir və sonrasında təhsillə bağlı 3 illik Qərbi Avropa səyahətinə başlayır.

1862-ci ildə Peterburqa qayıdan Borodin Akademiyada vəzifəyə yiyələnməklə yanaşı tədqiqatlarını davam etdirir və 1872-ci ildə qadınlar üçün tibbi kursların əsasını qoyur.

1862-ci ildə Mili Balakirevdən (“5”-in digər bir siması) bəstəkarlıq dərsləri almağa başlayan Aleksandr 1863-cü Qania adlı bir qızı olan pianoçu Yekaterina Protopopova ilə evlənir. Musiqi onun üçün ikinci məşğuliyyət kimi qalır. Həyatı boyu zəif sağlamlığı başına bəla olmuş bəstəkar bir neçə dəfə ürəktutması keçirmişdir. 54 yaşında Akademiyada təşkil edilən balların birində infarktdan vəfat etmiş, Peterburqdakı Tıkvin məzarlığında dəfn olunmuşdur.

İkiixtisaslı həyatı Borodinin evində maraqlı bir qarışıqlığa səbəb olurdu. Bəstəkar Rimski-Korsakov memuarlarında bu barədə qeydlər edir: “Onu ziyarət etdiyim vaxtlarda yan otaqdakı laboratoriyasında işləyir, işini qurtardıqdan sonra isə mənimlə birlikdə digər otaqda musiqili söhbətlərə baş vurardı. Qəfildən yerindən sıçrayıb nəyinsə qaynayıb yanmadığını bilmək üçün laboratoriyaya qaçardı. Həmin anlarda koridorlar inanılmaz bir səslə oxuduğu yeddi-səkkizlik melodiya sekansları ilə dolub-daşardı…”

Aleksandr Borodin ön plana qoymadığı musiqi həyatında müxtəlif simfoniyalar və iki simli-kvartet bəstələdi, “Mərkəzi Asiyanın stepləri” və “Şahzadə İqor” adlı dolğun və tutarlı əsərlərə imza ata bildi. Qərbi Avropada Frans List vasitəsilə tanınan bəstəkarın musiqi xəzinəsi Ravel və Debüsi kimi bəstəkarlara ilham qaynağı olmuşdur.

Maksim

17 oktyabr 2014
GO BACK