42 yaşında vəfat edən Modest Musorqski əsərlərində yaşadığı illərdə Rusiyanın tarixi sosial-ictimai vəziyyətini əks etdirməyə nail olmuş bir vətənpərvər kimi qeyd olunmalıdır. Həyatı boyu alkoqolizmdən əziyyət çəkmiş bəstəkarın bu vərdişə düçar olmasının səbəbi kimi 13 yaşında yazıldığı hərbi məktəbdə çətin keçmiş 4 il olduğu deyilir. Musorqski varlı bir ailədən çıxsa da, 60-cı illərdəki torpaq islahatlarından sonra kəndlilərin bəzi üstünlüklər qazanması ilə bəstəkar ailə yardımından əl çəkməli olur. Həmin dövrdə Balakiryevə yazdığı məktublarında bu problem ilə yanaşı şəxsi inam sarıdan da əziyyət çəkdiyini bildirirdi. Digər tərəfdən Balakiryev və Borodinlə tanışlıq isə onun sənətinə müsbət təsir etmişdi.
Özlərini Mixail Qlinkanın davamçıları sayan və məqsəd olaraq rus milli ideyasının təcəssümünü seçən 5 bəstəkarın, Mili Balakiryev, Modest Musorqski, Aleksandr Borodin, Nikolay Rimski-Korsakov və Sezar Küi daxil olduğu “Qüdrətli dəstə” Sankt-Peterburqda formalaşmış yaradıcı birlik idi. Bu beşlik arasında bəlkə də ən təlatümlü və problemli olanı Musorqski olmuşdu. Balakiryevin ona “demək olar ki, axmağın biridir” təhqirinin əksinə, Rimski-Korsakov bəstəkarı bir növ sahiblənmiş əsərlərinin tamamlanması və düzəlişlərində Musorqskiyə kömək etmişdi.
Sənətdə forma və fundament baxışları ilə bağlı Çernışevskinin fikirlərindən təsirlənən Musorqski bəstələrində Bethovendən qalma klassik məzmunu rədd edirdi. 1874-də ən böyük əsəri olan “Bir sərgidən tablolar”-ı bəstələməsinin ardından yenidən içkiyə qurşanan və “Qüdrətli dəstə”-nin dağılmasından qaynaqlanan melanxoliya yaşayan Musorqski bu tarixdən etibarən əlinə aldığı hər bəstəni yarımçıq buraxmışdır.
1880-ci ildə dövlət məmurluğundan istefaya göndərilən Musorqski yoxsulluqdan az qala dilənəcək vəziyyətə düşür. Yoldaşlarının bəzi əsərlərini tamamlayaraq maddi qaynaq yaratma səyləri isə bəstəkarın ard-arda dörd dəfə xəstəxanaya düşməsilə istənilən effekti vermir. Modest Musorqski 28 Mart 1881-ci ildə böyük rus rəssamı İlya Repinin məşhur tablosuna poza verdikdən bir neçə gün sonra ölür.
Aşağıdakı musiqi isə “Çılpaq dağda gecə” adlanır. İlk dəfə müəllifinin ölümündən sonra 1886-cı ildə Rimski-Korsakovun rəhbərlik etdiyi orkestrda ifa edilmiş parça 1940cı ildə "Uolt Disney"-in “Fantaziya” proyektində də səsləndirilmişdir.