Bir gün Molla xəstələnir, üstünə həkim çağırtdırır. Həkim gəlib nüsxə yazır. Molla ona bir qızıl verir. Sonra arvadını dərman almaq üçün göndərir, ona da bir qızıl verir.
Arvad dərmanı alıb gətirir. Molla şüşəyə baxır və açıq pəncərədən çölə tullayır.
Arvad soruşur ki, a Molla, bir qızıl həkimə, bir qızıl da dərmana vermisən, niyə atırsan onu?
Molla deyir:
-Sən belə işləri bilməzsən, arvad! Həkim yaşamalıdır, ona bir qızıl verdim. Bir qızıl da dərmana verdim, çünki dərman satan da yaşamalıdır. Dərmanı da çölə atdım, çünki mən də yaşamaq istəyirəm.
***
Molla bir gün yenə də eşşəyə odun yükləyib salır yola ki:
-Sən bu yol ilə get, mən o yol ilə. Görək kim tez çatacaq?
Bunu deyib özü düşür yola. Canavarlar düşür eşşəyin üstünə, sahibsiz görüb yeyirlər. Molla gəlib çatır evə,görür ki, hələ eşşək gəlməyib. Axşamacan gözləyir ,görür gəlmədi. Axırda əlinə bir ağac alıb axtarmağa gedir. Gəlib canavarların eşşəyi yediyi yerə çatır. Uzaqdan görür ki, eşşəyin dişləri ağarır, qəzəblənib deyir:
-Dolamısan məni? Gəzəyən arvadlar kimi nə dişlərini ağardıb hırıldayırsan? Vaxtında gəl xarabana...
***
Molla bir gün eşşəkdən yıxılır. Uşaqlar görüb gülüşürlər. Molla qalxıb üstünün tozunu silə-silə deyir:
-Uşaqlar, gülüşməyin! Onsuzda elə özüm düşəcəkdim.
***
Bir gün Mollanın bağına bir camış girir. Mollanın özü, arvadı, oğlu hərəsi əlinə bir ağac alıb yüyürürlər ki, camışı bağdan çıxartsınlar. Hələ camışa çatmamış Molla bir də baxır ki, budur, bağın içi ilə bir dərviş gəlir. Tez çağırır ki:
-Ay uşaq, burada camışdan zərərli heyvan var, gəlin qabaqca bunu çıxardaq, sonra camışı çıxardarıq.
Günlərin birində Molla toxluq eləyib azarlayır. Həkim baxıb deyir ki:
-Gərək birtəhər eləyəsən ki, yediyini qaytarasan, mədən yüngülləşə.
Molla deyir:
-Həkim, mənim üçün dünyada ən çətin şey oldu.
Həkim cibindən balaca bir güzgü çıxarıb Mollaya verir ki:
-Burada heç bir çətinlik yoxdur. Görünür ki, sən heç ömründə bir dəfə də olsun güzgüyə baxmamısan. Al, bircə dəfə bax, elə bu sir-sifətini görən kimi ürəyin qalxacaq.
***
Günlərin birində Molla eşşəyini minib şəhərə gedirmiş. Yolda kəndxuda onun qabağına çıxır. Ələ salmaq məqsədilə eşşəyi göstərib soruşur:
Yenə iki mehriban dost səhər tezdən qol-boyun olub hara gedirsiniz?
Molla eşşəkdən düşüb deyir:
-Yaxşı ki, sən bu sualı verdin, yoxsa heç bilmirəm ki, necə olacaqdı.
Kəndxuda soruşur:
-Nə necə olacaqdı?
Molla deyir:
-Biz özümüz öz arzumuzla getmirik. Səhər tezdən arvad bizim ikimizi də oyatdı ki, durun ayağa, getməli yer var. Mənim də yadımdan çıxdı, heç soruşmadım ki, hara gedəcəyik. İndi yaxşıdı ki, sən soruşdun, yadıma düşdü.
Kəndxuda gülüb deyir:
-Yaxşı iş yarıdan kişisən.
Molla eşşəyin qulağını kəndxudanın əlinə verib deyir:
-Siz bir balaca burda söhbət eləyin, mən arvaddan soruşum gəlim.
Sonra eşşəyi göstərib deyir:
-Yazıq elə çoxdan arzu eləyirdi ki, sənin kimi bir həmcinsi ilə görüşüb dərdləşsin.
***
Bir gün bir nəfər Mollanın yanına gəlir ki:
-Molla, azarlamışam, heç kəs dərdimə çarə tapa bilmir. Bəlkə sən bir çarə tapasan.
Molla soruşur:
-Nədi azarın?
Kişi deyir:
-Bədənimdə olan tüklər ağrıyır.
Molla deyir:
-Qəribədi. Mən birinci dəfədir ki, belə azar eşidirəm. Yaxşı, bu günlərdə bir qəribə nəsə yeməmisən?
Kişi deyir:
-Buzla çörək yemişəm.
Molla deyir:
-Sənin nə azarın adam azarıdı, nə xörəyin adam azarı. Tez qaç baytarın yanına.