Qadin.NET / Soyuducuda olan təhlükələr

Soyuducuda olan təhlükələr

Soyuducuda olan təhlükələr

Qidalanmaq yaşamaq və xəstəliklərə qarşı müqavimətli olmaq üçün vacib olan əsas amillərdən biridir. Necə və nələrlə qidalanacağımızı bilmək qədər qidaları doğru mühafizə etmək də bir o qədər əhəmiyyətlidir. Gəlin, yeməklərin soyuducuda saxlanmasının da qaydalarını öyrənək.

Ərzaqları soyuducuda necə yerləşdirmək lazımdır?

Ət, toyuq, balıq, süd, qatıq, yumurta, pendir kimi heyvan mənşəli bütün məhsulları potensial riskli qəbul edirik. Bir də potensial riskli olmayan düyü, kartof kimi ərzaqlar da vardır. Bunlar da bişdikdən sonra riskli hala gələn qidalardır. Soyuducudakı rəflər arasında istilik fərqi vardır. Buzxanaya ən yaxın olan rəf hər vaxt ən soyuqdur və aşağı rəflərə doğru soyuqluq dərəcəsi azalır. Ona görə də potensial risk qrupundakı yeməkləri, yəni bakteriya yaranması mümkün ola biləcək məhsulları hər vaxt üçün ən üst rəfə qoymaq lazımdır ki, mümkün olduğu qədər bakteriyanın yaranmasının qarşısını alaq.

Bakteriya yaranmaması üçün ərzaqları soyuducuda necə yerləşdirmək lazımdır?

Soyuducunun ən üst hissəsinə - buzxanaya ət, balıq, toyuq, ikinci rəfə pendir, süd, qatıq, daha aşağı rəflərə yeməkləri, ən alt rəflərə isə tərəvəzləri qoymaq lazımdır. Tərəvəzi aldıqdan sonra paketindən boşaldıb soyuducuya yerləşdirmək lazımdır. Bişmiş və bişməmiş ətlər bir-birinə təmas etməməlidir. Məsələn, çiy toyuq çox tez bakteriya yaranmasına səbəb olur. Ancaq bişdiyi zaman bakteriyalar yox olur. Çiy toyuğu digər qidalarla eyni yerə qoysaq, bakteriyaları digər qidalara da bulaşdırarıq. Yumurtanın həm özü, həm də qabığı çox ciddi bakteriya daşıyır. Yumurta bişdikdən sonra qabığı ilə birlikdə bakteriya riski olmur. Amma bişməmiş halda risk daşıyır. Yumurtanı aldığımız qutunun içərisində mühafizə etməliyik. Ümumiyyətlə,yumurta soyuducu rəflərinə qoyulur, amma bu, doğru deyil. Çünki yanına qoyulmuş bir qida məsələn, yarım limon varsa, bu, bakteriyaların bir-birinə keçməsinə səbəb olur. Yumurtanı ələ aldıqdan və ya bişirən zaman sındırdıqdan sonra da əlləri sabunlu su ilə yumaq, dezinfeksiya etmək lazımdır.

Ərzaqların və yeməklərin şüşə qabda saxlanması daha yaxşıdır

Buzxanadan götürdüyünüz ərzaqların buzunun açılması çox asandır. Belə ki, bu iş qətiyyən qızdırıcıların üstündə, otaq temperaturunda edilməməlidir. Bu işi əvvəlcə ərzaqları soyuducuda alt rəflərdə, su sızdırmayan qabların içində saxlamaqla, ya da tələsirsinizsə, axan soyuq suyun altında həll edə bilərsiniz.
Ərzaqları saxlamaq üçün şüşə qablardan istifadə edilməlidir. Alüminium qablardan istifadə etmək olmaz. Təkcə südü şüşə qabda saxlamaq məsləhət deyil. Çünki südün tərkibində B2 vitamini vardır. Günəş işığı keçirdiyi zaman bu vitamin itə bilər. Ona görə də südün işıq keçirməyən qablarda saxlanması lazımdır.

15 sentyabr 2011
GO BACK