Qadin.NET / "LİKE" psixologiyası

"LİKE" psixologiyası

"LİKE" psixologiyası

Çağımızın mühüm gerçəklik və məfhumlarından olan internet resursları, yaşamımıza bir çox istiqamət və aspekt üzrə təsir edən və cəmiyyətin həyatında, düşüncə və davranışlarında ciddi rol oynayan və getdikcə də rolunu daha da artıran bir amildir. Və internet reallığının mühüm komponentlərindən biri də, bu günkü gündə şübhəsiz ki, sosial şəbəkələr və xüsusən də, “facebook” seqmentidir.

Bizim toxunmaq istədiyimiz mövzu isə; prinsip etibarilə yetərincə faydalı və önəmli bir vasitə olan facebook-un“like” funksiyası/elementi ilə bağlıdır.

Əvvəla bunu qeyd etmək lazım gəlir ki, özlüyündə “like”, mənfi və ziyanlı bir fenomen hesab oluna bilməz, əksinə bu element, sosial şəbəkə olan facebook-un təbii anlamına; insanlar arasındakı kontakt və ünsiyyətin artırılmasına, fikir və düşüncə mübadiləsinə və bilgi qaynağı roluna yardımçı olacaq bir səciyyəyə sahibdir.

Lakin ilginc olan məqam budur ki, toplumumuzun gündəlik həyatının əhəmiyyətli bir parçasına çevrilən “facebook məkanı”nda, belə desək, bir “like hərisliyi” və “acgözlüyü” müşahidə olunmaqdadır. İnsanlar “like”-a, qeyri-adi bir önəm yükləməkdə və onu az qala, həyatın ən vacib ünsürlərindən biri olaraq görməkdədirlər. Özü də bu təmayülə sahib olanlar, bir neçə faizi deyil, görməzdən gəlinməyəcək qədər yüksək faizi və kəsimi təşkil edirlər. Yəni hətta “facebook” istifadəçiləri arasında demək olar ki, “like hərisi” olmayan ya da “like”-ə  böyük önəm verməyən, çox az nisbətdə istifadəçi mövcuddur.

Bəs bu nə anlama gəlir?.. Doğrudanmı “bəyən” funksiyası, bu qədər önəmli və əhəmiyyətlidir?.. Gerçəkdənmi “like”, olmazsa olmaz bir anlam daşıyır?...

Bizim fikrimizcə “like psixologiyası”nın ən az 8 səbəbi vardır:

1) Hər şeydən öncə “like” funksiyası; status, paylaşım və fikirlərin yayılmasına, istifadəçilər arasında ünsiyyət və əlaqənin artmasına, informasiya mübadiləsinə yardımçı olmaq anlamını daşıyır. Hansısa bir düşüncənin və ya məlumatın, başqalarına da çatdırılması, onların arasında faydalı əməkdaşlıq və əlaqələrin qurulması, bu vasitə ilə daha effektiv və uyğundur. Dolayısıyla da doğal olaraq bu faktor, özlüyündə “like”-ın, təbii funksiyasını və anlamını təşkil edir. 

"LİKE" psixologiyası

2) Eyni zamanda insan psixologiyasının fitrətən həssas və kritik nöqtələrindən biri olan özünüifadə və ya özünütəsdiq refleksi də, “like psixologiyası”nda önəmli rol oynayır. Zira, eynilə status/paylaşım sahibinin, özünü gerçəkləşdirmə və ortaya qoyma niyyəti kimi, hansısa status və ya paylaşıma “like” bildirilməsi də, eyni mahiyyəti daşıyır. Bunu; özünün varlığını hiss etdirmək, ya da müvafiq paylaşımdakı, öz fikirlərinə və ya maraqlarına uyğun məqamları ifadə etmək instinkti şəklində də təsəvvür etmək olar. Yəni özlüyündə necə ki paylaşım və ya status bildirilməsi, mütləq ki, şəxsi marağı gərəkdirir, eyni şəkildə də, “like” bildirilməsi olayı da, fərdi ambisiya amili olmadan, gerçəkləşə bilməz. Başqa sözlə desək, kimsə, kimsəyə öz eqosunu güzəştə getməyəcəyi kimi, kimsə də, hansısa marağı olmadan, “like” etməz.

3) Həmçinin, hansısa bir statusla/paylaşımla tanış olan və ya onu görənin, tanış olduğu paylaşımı və müəllifini, özünə bab, tay hesab eləməsi amili var və bu amil, status və ya paylaşım bəyənilməsi olayına ciddi təsir edə bilən bir faktordur.

Nə deməkdir bu, açıqlayaq: bir çox insan üçün, tanış olduğu “x” və ya “y” bir paylaşım, nə qədər önəmli və ya maraqlı olsa da, oxuduğunu və ya müəllifini, belə desək, öz tayı olaraq görmədiyi üçün və öz çərçivəsində və tipində birisi hesab eləmədiyi üçün; özünü onunla kontakta, ünsiyyətə də hazır hesab eləmir(«like», həm də ünsiyyət, kontakt mahiyyəti daşıyır) və dolayısıyla da o, şüuraltında özünü, «like» düyməsinə basmağa da, hazır və ya “səlahiyyətli” hesab eləmir, baxmayaraq ki, həmin predmeti, özlüyündə maraqlı və ya dəyərli hesab edir.

4) Bir paylaşıma, müəyyən zaman içində gələn rəylərin daha çox olması, ümumiyyətlə izləyicilərin nəzərində və şüuraltında, o paylaşımın, "əla" «bomba» və «bəyənilməyə layiq» bir paylaşım olduğu fikrini formalaşdırır və ya artırır. Dolayısıyla da, bir mənada; müəyyən zaman içində nisbətən çox “like” almış bir paylaşımın, bundan sonra da bir xeyli “like” alması ehtimalı böyükdür. Və əksinə; eyni paylaşıma, müəyyən zaman içində gələn “like” az olduqda isə artıq bundan sonra ona çox sayda “like” gəlməsi ehtimalı da azalır.  

5) Status ya da paylaşım sahibinin, “facebook xalqı” nəzdində ya da çoxsaylı istifadəçilər arasındakı imic və təsəvvürü də mühüm bir faktordur. Xüsusən də, artıq müəyyən sayda dosta sahib olan və onlar ilə, müəyyən müsbət ünsiyyəti və bağlılığı olan; ya da bütövlükdə toplum miqyasında geniş bilinirliyi(populyarlığı) və qəbul edilmişliyi olan istifadəçilərin paylaşım və stasusları, özlüyündə daha çox- maraqla qarşılanmaq və daha yüksək nisbətdə, önəmli və mötəbər hesab olunmaq və nəticə etibarilə də daha çox “like”-lənmə potensialına sahibdir.

6) Eyni zamanda bu da unudulmamalıdır ki, insanda, xilqətən; özünü, “zəif” və “tənha”, başqalarını isə “güclü” və “mötəbər” görmək istiqamətində təbii bir təmayül olduğu üçün, “facebook”-da, “başqaları” qismində olan digər istifadəçilərin fikir, davranış və meyilləri,  təbii olaraq, eynilə real həyatda olduğu kimi, insanlara mötəbər görünür və güclü bir təsir səciyyəsi kəsb edir. Yəni, insanlar, fitrətləri və yapıları etibarilə, zatən xarici amillərə və təsirlərə ümumilikdə açıqdırlar və bu, “like psixologiyası”nda da, labüd olaraq özünü göstərir.

 "LİKE" psixologiyası

7) ”Like” fenomeninə olan münasibət, şübhəsiz ki, cəmiyyətlərin spesifik psixo-sosial xüsusiyyətləri və ümumi zəka və intellekt səviyyəsi ilə də sıx bağlı məsələdir.

Qısaca izah etsək: insanların ruhi, əqli və intellektual inkişafı yüksək olduqda onların xarici təsirdən asılılığı və kənardan veriləni, qeyd-şərtsiz qəbul etmə ehtimalı da zəifləyir. Daha zəki, savadlı və inkişaf etmiş insanlarda, həyatın ən müxtəlif və önəmli məsələ və mövzularına dair artıq yetərli bilgi və anlayış formalaşmış olduğu üçün, xaricdən gələn məlumatları olduğu kimi qəbul etmə risqi də təbii olaraq azalır. Və bəzi cəmiyyətlərdə «like»-a verilən dəyərin və önəmin, orta göstəricidən daha yüksək olmasının əsas səbəblərindən biri də, məhz həmin toplumun, xarici təsirdən daha çox asılı olması və ruhi-mənəvi və dərrakə səviyyəsinin daha aşağı olması amilidir.

8) Eyni zamanda bu faktor da önəmlidir; məntiq səviyyəsi və ruhi-mənəvi-psixoloji inkişaf potensialı zəif olan insanlar, xarici təsirdən(mühit) asılı olduqları kimi, həm də real və optimal bir həyat fəlsəfələri və idealları olmur və onları, ağıl və bəsirət deyil, bəsit və ibtidai dürtü və reflekslər idarə edir. Dolayısıyla da demək olar ki, kimliksiz və natamam bir mahiyyətə sahib olan bu insanlar üçün, özünü ifadə etmək vasitəsi yalnız primitiv və anlamsız düşüncə, obyekt və təmayüllərdir və dünyada yetərincə önəmli say və nisbətdə olan bu fərdlər, təbii olaraq “facebook”-da da, heç də az olmayan faizi və kəsimi təşkil edirlər. Və sayca böyük nisbətdə olduqları üçün və təbii olaraq özlüyündə daha aktivlik kəsb etdikləri üçün, onların bəsit və səviyyəsiz davranış və təmayülləri, “facebook”-da az qala əsas trend və amil durumundadır(və bu da, qaçılmaz olaraq sosial şəbəkənin həyatında ümumilikdə müxtəlif zərərlər və problemlər yaradır). Xüsusən də, özünütəsdiqin vulqar və bayağı forması ilə səciyyələnən və bütövlükdə, “facebook məkanı”nın(demək ki həm də cəmiyyətin) rahatlığını və fəaliyyətini təhdid edən bir faktor olan “like hərisliyi” tendensiyası, əsas etibarilə məhz bu kəsimin payına düşür.

Yekun olaraq; ümumi dünya cəmiyyətləri nəzdində “like” fenomeninin açıq-aşkar bir «keyfiyyət nişanəsi» olaraq qəbul edildiyini demək gərəkir ki bu da, əlbəttə müsbət bir hal olmamaqla yanaşı, insanların düşüncə və fikirlərində, bütövlükdə həyatlarında, ciddi yanılsamalara, yanlışlara və problemlərə yol açan bir durumdur. Nəticə etibarilə, hər bir şeyin öz funksiya və təyinatı üzrə istifadəsi gərəkdiyi kimi, təbii olaraq “like”-a da, insanlar arasındakı əlaqə və qarşılıqlı təsirin, fikir və düşüncə mübadiləsinin artması funksiyasından başqa bir anlam yükləmək, normal və müvafiq deyildir və bəzi hallarda hətta yetərincə ziyanlı bir şeydir. Xüsusilə də, bütün dünya çapında populyar olan və milyonlarla insanın istifadəçisi olduğu sosial şəbəkələrdə və o cümlədən, “facebook” alqoritmasında mühüm bir seqmenti təşkil edən və özlüyündə ciddi ictimai-psixoloji həssaslıq kəsb edən“like” funksiyasına geniş ictimai rəydə yüklənə biləcək hansısa yanlış dəyər və bunun yaradacağı müvafiq qavrayış, mütləq ki, cəmiyyətin sosial, idraki və koqnitiv inkişafında da, ciddi mənfi təsirlərə və problemlərə səbəb ola biləcək bir məna daşıyır. 

Sonda bunu qeyd etməliyik; çox “like” alan bir paylaşım ya da fikrin, çox “like”-lənməsinin, heç də o fikrin, düzgün və ya mənalı olduğunu göstərmədiyini, heç bir zaman unutmamaq lazımdır. Bir sözlə, ifadə edilən hansısa fikir və ya baxışa, başqalarının o fikir və görüşə münasibətinə əsasən deyil, biləvasitə o fikrin öz mahiyyətinə görə qiymət və anlam vermək gərəkir. Çünki nəticə etibarilə, o “başqaları”,”camaat” anlamını daşıyan subyektlər də, mahiyyətcə elə sadə, adi insanların həlledici və əhəmiyyətli çoxluğunu təşkil etdiyi bir gerçəklikdir, dolayısıyla da, “camaat” ya da “digərləri” anlayışları, birbaşa olaraq hansısa bir “əhliyyət” və ya “məsulluq” kəsb etmir və təbii olaraq onlar hansısa bir düşüncə və ya mövqedə asanlıqla yanıla bilərlər. 

İstiqamətverici olan, reallığı və hadisələri qiymətləndirmək və qərar vermək üçün dəyərli olan; başqa sözlə desək, bilginin və informasiyanın yoxlanılmasını təmin edə biləcək olan, yalnız ağıl və təcrübə ola bilər.

Yunis Dürüst, psixoloq

1 oktyabr 2016
GO BACK