Belə bir deyim var: Nar cənnət meyvəsidir...
Bu cənnət meyvəsi dünyanın bir çox yerlərində bitsə də, ləziz dadı ilə seçilən Azərbaycan narının, xüsusilə isə Göyçay narının tamını verə bilmir.
Söhbətimiz nardan düşmüşkən, narın vətəni olan Göyçaya qısaca ekskursiya edək...
Azərbaycan Respublikasının mərkəzində, Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz dağlarının ətəklərində yerləşən Göyçay, əsl türk mənşəli söz olub, adı sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılmışdır.
736 km² əraziyə malik olan Göyçay rayonunun tərkibinə 56 kənd də daxildir. Rayonun iqlimi yayı quru keçən mülayim-isti yarımsəhra və quru subtropik iqlim tipinə aiddir. Bu iqlim tipi zəif nəmliyi, mülayim qışı və isti-quru yayı ilə səciyyələnir.
Nar Azərbaycanın da bir çox bölgələrində yetişsə də, Göyçayda yetişən narın əvəzsiz dadı onları geridə qoyur. Qurai-Kərimdə adı çəkilən cənnət meyvəsi – Nar 66 növə malikdir. “Gülöyşə”, “Şişbaba”, “Balamürsəl”, “Meyxoş”, “Vələs” nar növləridir. “Landəful” isə narın çəyirdəksiz növünə aiddir. Bir neçə il öncə isə Göyçaylı fermerlər sayca 66-cı növ olan “Hind” narının yetişdirilməsinə də nail oldular.
Göyçayın dadlı sərvəti - nar insan üçün ən xeyirli bitkilərdən biridir. Nar vitamin (A, C, B, P,E) və mikroelementlərlə (kali, kalsium, yod, mis, dəmir və s.) olduqca zəngindir.
Nar insanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır.
Nar qan təzyiqini və qanda olan qlyükozanın səviyyəsini aşağı salır və bu səbəbdən nar hipertonik və diabetiklər üçün çox xeyirlidir.
Göyçay narından danışırıqsa, ildən-ilə möhtəşəmliyi ilə yadda qalan, əsası Göyçay Rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Ağayev tərəfindən qoyulan “Nar Bayramı”ndan danışmaya bilmərik...
Ardı var
Elvin Ömərov