Qadin.NET / Qadın olmaq

Qadın olmaq

Qadın olmaq

Əslində Yer planetində qadın olmaq çox çətindir. Amma bizdə vəziyyət yaşanılmayacaq həddə çatıb. Bunun tək günahkarı əks cins yox, çox vaxt elə həmcinslərimiz olur. Həyatı bizlərə zindan edirlər. Yaşayırsan, nəfəs alırsan, bəlli deyil. Atdığın hər addım olay, hər hərəkət səhv anlaşılır. Bunlar işin ən yüngül tərəfidir. Əsl bəla “ərlik” yaşına çatmış və o yaşı aşmış qızların bəlasıdır. Onlar nə nəfəs alır, nə də yaşayır, demək olar ki, yeriyən ölüdülər.

Hər şeyin inkişaf etdiyi, irəlilədiyi dövrdə tək dəyişməyən böyüklərimizin evlilik anlayışıdır. Valideynlər övladlarının yaxşı ailə qurmasını istədikləri kimi, övladları da gözəl ailəyə sahib olmaq istəyirlər. Amma bu iki istək təsadüf hallarda üst-üstə düşür.

Bizdə yazılmamış, amma hər kəs tərəfindən dəqiqliklə yerinə yetirilən evlilik qanunlarımız var. 18-26 yaş arası qızların evlilik yaşıdır. Bundan sonra da evlənə bilər, amma subay oğlanla yox, mütləq dul olacaq. Bu yazılmamış, amma təsadüf hallarda pozulan “müqəddəs” evlilik qanunumuzdur. Bu yaşı aşan qızların qara günləri bir-birini əvəz edərkən, bir də qohum-əqrəba, dost-tanış qınağı başlayır.

“Sənin tayların nənə oldu, sən hələ yatırsan”, “ Bu vaxta qədər getmədin, bundan sonra da çətin gedəsən, getsən də dula gedəcəksən” , “ Bu qız da qaldı küncdə, belə baxanda pis qız da deyil, amma alan olmadı”, “ buna da getməsən daha heç kim almıyacaq səni”. Bu sözlərlə onsuz da ölü olanların üstünə torpaq atmış olurlar.

Hər kəs həyata bir dəfə gəlir, hər kəs o həyatı özü istədiyi kimi doya-doya yaşamaq istəyir, hər kəsin başqalarından saxladığı gizli bir arzusu var, onun həyata keçməyini gözləyir. Bu arzunun yaşı yoxdur. Hər hansı gündə, ayda, ildə həyata keçsə də, fərq etməz təki sahibinin istədiyi kimi olsun. Xoşbəxt olmağın yaşı yoxdur, həmçinin gözəl ailəyə sahib olmağın da. Valideynlər övladlarını ailə qurmağa tələsdirirlər, amma nə bəlli, bəlkə gecikən arzunun yolunu kəsirlər? Küləyin əsib, ildırımın çaxıb, yağışın yağmasından sonra həmişə parlaq bir günəş üzümüzə şölə saçır. Əgər arzular gecikirsə, mütləq gözəl sonluq hazırlayır. İnsanın arzusunu da aşan gözəl bir sonluq.

İnsanları, xüsusilə də qadınları heç vaxt ümidsizliyə atmayın. Sənin qatarın gedib deyə bir söz yoxdur. Bu dünyaya kimsə boşuna gəlməyib ki, onun qatarı da boş gedə. Ola bilər ki, kimsə həyatını istədiyi kimi yaşamasın. Amma başqaları istədiyi kimi də yaşamamalıdır. Bunu istəyən əzizləri olsa belə, çünki həyatına sən cavabdehsən, qarşılaşacağın uğur da, uğursuzluq da da sənin öz əməyin olmalıdır.

Qadın olmaq

Evlənib  valideyn olmaq işin ən asan və heç bir əmək istəməyən tərəfidir. Ailəni bir uşaq kimi təsəvvür edin, onun iməkləməsi, əlindən tutub yeridilməsi, sözləri öyrədib danışmağa alışdırılması var. Sonra cəmiyyətə tanıtmaq gəlir. Hər kəs evlənə bilər, amma nümunəvi və çox şeyin öyrənilməsini istəyəcəyimiz ailələr çox az saydadır. İndi hər kəs evlidir, amma ailə deyil. Bu da sadəcə evlilik yaşına çatmışam, evlənim deyən kütlənin yaratdığı fəsadlardır. Evlənəndən sonra arzuları yadına düşür, ya da onları sonradan qurur və nəticədə nələr baş verir hamımız bilirik.

Mən burada nə valideynlərə qarşı çıxıram, nə də hər hansı pis yolu təbliğ edirəm. Mən deyirəm, heç nəyə tələsməyin, hər şeyin vaxtı var. Səbr insana bəxş edilmiş ən böyük nemətdir. Bu nemətdən nəsibinizi alın. "Qonşudan dala qalma " pirinsipilə yaşayıb insanlıqdan dala qalmayın. Bir şeyin olacağı yoxdursa, onu məcburi oldurmaq fəsadlardan başqa bir şey insana bəxş etməz.

Sonda yenə deyirəm, xoşbəxtliyin yaşı olmur, arzuları yaşamaq üçün hər hansı bir günə ehtiyac yoxdur. İnsanlara yaşamağı öyrədin, onlar ölməyi özləri bilirlər. Hər kəsin xoşbəxt olmaq haqqı var, bu xoşbəxtliyi haqqı olanlarla yaşayın. 

30 avqust 2015
GO BACK