Qadin.NET / "Lirikada fizika və dünyəvilik"(3)

"Lirikada fizika və dünyəvilik"(3)

"Lirikada fizika və dünyəvilik"(3)

Digər bəndlərin də hər birinin özünəməxsus izahı vardır ki, lirik duyumu dərin olan uyğun sahənin tədqiataçıları bu misraları daha dəqiq izah edə bilərlər.

 Ellərə baxıram bağçalı, bağlı,

 Göylərə baxıram qapısı bağlı,

 Kainat ixtiyar, sirli, soraqlı,

 Əzəldən yaranıb tamaşa dünya.

 Bir də görürsən ki, açılan solur,

 Düşünən bir beyin bir torpaq olur.

 Bir yandan boşalır, bir yandan dolur,

 Sirrini verməyir sirdaşa dünya.

 Əzəldən belədir çünki kainat,

 Cahan daimidir, ömur amanat.

 Əldən-ələ keçir vəfasız həyat,

 Biz gəldi-gedərik, sən yaşa dünya!

 Müstəqillik dönəmində yaradıcılıqla məşğul olan şairlərin əsərlərində isə əsasən vətənə, torpağa, el-obaya məhəbbət lirikası üstünlük təşkil etdiyindən yenidən ədəbiyyatımızda dini və mifik obrazlar canlandırıldı. Lakin buna baxmayaraq, bu dövrə aid lirika ilə məşğul olan şairlərimiz də vardır ki, onların əsərlərində lirika ilə fizikanın, lirika ilə dünyəviliyin əlaqələri çox böyük ustalıqla verilmişdir.

 Yaradıcılığına yaxından bələd olduğum bir neçə şairlərin əsərlərinə müraciət etdikdə dediklərimin açıq ifadəsini görmüş olarıq. Sufi ruhlu istedadlı şair, ixtisasca mühəndis olan İbrahim İlyaslının yaradıcılığında lirika ilə fizikanın harmoniyası gözəl bir axarla verilmişdir:

 Üfüqdə ürəyi al-qan olaydım,

 Gecə göy üzü tək şan-şan olaydım.

 Sən Günəş olaydın, mən Dan olaydım

 Haqqa yol gedəydik bir-birimizdə.

 Cavidşünas alim, gənc şair Şamil Sadiqin də yaradıcılığında dünyəvilik rüşeymləri cücərməkdədir. Şair “Bu gecə yuxuda Günəşi gördüm” şeirində Günəşi həm eşq, məhəbbət, həm də təbiət nizamlayıcısı kimi vermişdir.

 Bu gecə yuxuda Günəşi gördüm...

 Yanaqları qızarmışdı bir azca,

 gözləri də gülürdü...

 Nəsə demək istədi,

 Susdu, danışmadı heç...

 Elə bil ki, içində sevgisini döyürdü...

 Niyyətilə barışmırdı heç...

 Buluda da küskün idi deyesen...

 Amma nədənsə, gözəlliyin gizlədən

 O topaya alışmırdı heç…

 

"Lirikada fizika və dünyəvilik"(3)

İxtisasca riyaziyyatçı olan Rasim Şıxızadə şair kimi geniş ictimaiyyətə tanış sima olmasa da yaradıcılığı ilə tanış olarkən dünyavi təfəkkürlü lirik şair kimi sevilir.

 Zirvə, kimin başı üstə,

 İldırımlar çaxa bilər.

 Kim buludu eynək kimi,

 Gözlərinə taxa bilər.

 Sənə yalnız Tanrı özü

 Yuxarıdan baxa bilər.

 Fizika-riyaziyyat elmləri doktorları Hidayət Nur və Vaqif Nəsir də fizikanın lirika, lirikanın da fizika ilə birbaşa bağlı olduğunu öz əsərlərində əyani olaraq göstərmişdilər.

 Məruzənin sonunda gəldiyim qənaət belədir ki, fizikanı bilməklə dünyanı olduğu kimi qavramaq mümükündür. Məhz fizikanı bilməklə dünyanın hər iki üzünü – görünəni və görünməyəni bilmək mümkündür. Fizikanı lirik dillə ifadə etmək isə təfəkkürdə dünyəviliyin dərkini asanlaşdırmaqla yanaşı, fizikanın ədəbiyyatla, ədəbiyyatın isə fizika ilə mükəmməl bağlılığını sübut edir.

Məqalənin müəllifi  Yusif Alıyev
25 avqust 2015
GO BACK