Qadin.NET / "Lirikada fizika və dünyəvilik" (1)

"Lirikada fizika və dünyəvilik" (1)

 

 

Fizika və lirika elm olaraq özünün inkişafını antik dövr mədəniyyətinin təşəkkülü dönəmlərindən tapmışdır. Hər iki sözün leksik mənası və etmioloji mənşəyi yunan dilinə məxsusdur. “Fizika” sözü yunanca “fyuzis” – təbiət deməkdir. Lirika isə "lira" sözündən olub, yunanca simli musiqi alət deməkdir. Fizika sözünü dünya elminə qədim yunan filosofu Aristotel gətirmişdir. Azərbaycan dilinə isə ilk dəfə “fizika” sözünü XI əsdə yaşamış Azərbaycanın dahi filosofu Bəhmənyar əl-Azərbaycani gətirmişdir. Şərq ədəbiyyatında isə lirik şeirlərə rübai şeirlər də deyilir. Rübab da ərəb sozu olub, simli alətin adidir.

 Zaman keçdikcə bu iki termin məna genişlənməsinə səbəb olaraq hər biri geniş anlamda bir elm sahəsini öz ağuşuna almışdır. Lakin bu elmləri bir-birinə bağlayan gözəgörünməz tellər mövcud olmuşdur.

 Fizika təbiət hadisələrini müşahidə, eksperiment və nəzəriyyə əsasında öyrənir. Əldə olunan biliklər isə elmdə yeni-yeni kəşflərə zəmin yaradır. Ədəbiyyat isə həyatı bədii obrazlarla əks etdirən söz sənətidir ki, bu da iki yerə ayrılır: şifahi və yazılı ədəbiyyat. Fizikada müşahidə üsulu hadisələrin gedişinə müdaxilə etmədən onların hiss üzvlərimiz vasitəsilə duyulmasıdır. Ədəbiyyatda isə lirik novun əsas əlaməti müəllifin hiss-həyacanlarının, fikir və arzularının ifadəsidir. Lirik əsərdə müəyyən bir hadisədən danışılmır. Eynilə fizikanın müşahidə üsulunda olduğu kimi burada hadisədən alınan təsir və onun nəticəsində şairin qəlbində yaranan hisslər öz əksini tapir. Lirik seirin əsas qəhrəmanı müəllif özüdür. Ədəbiyyatda buna lirik qəhrəman deyilir. Lirik qəhrəmanların poetik düşüncəsi adətən mifik, dini, dünyəvi və praqmatik düşüncələr əsasında formalaşır. Mifik və dini düşüncədə yazan şairlər dünyanın dərkində romantizmə daha çox üstünlük verirlər. Romantizm isə insanın ağıl və məntiqlə deyil, hissləri ilə hərəkət etməsidir. Dünyəvi düşüncəyə sahib olan şairlər isə öz şeirlərində təbiəti əsasən özünə istinadən vəsf edərək, real həyat nümunələrindən istifadə edirlər.

 Klassik və müasir Azərbaycan poeziyasında bir çox şairlərin şeirlərində dünyanın dərki əsasən dini və ya mifik düşüncələrin dərki əsasında verilmişdir. Azərbaycan aşıq poeziyasının ünlü şairlərindən olan Aşıq Ələsgərin şeirlərində dünyanın yaranışının dini təfəkkür əsasında izahı öndə dayanır:

 Yerin, göyün, ərşin, kürsün, insanın   

 Künhü, bünövrəsi ay nədən oldu?

 Yeri göydən, göyü yerdən kim seçdi?

 Hikmətin dəryası ay nədən oldu?

 Yeddi qat göy nə növ quruldu?

 Neçə qəndil, neçə sütun vuruldu?

 “Sən kimsən?”, “Mən kiməm?”-

 kimdən soruldu?

 Ustadlar ustası ay nədən oldu?

 Qeyd edildiyi kimi fizika dünyəvi elmdir. Lakin bəzən təbiət hadisələrinin dərkinin çətinliyi dünyəvilik, ümumubəşərilik baxımından fizikanın duyumunu arxa plana keçirir. Fizikanın elm kimi asan və ya çətin qavranılması birbaşa təfəkkürlə bağlıdır. Əslində çox qədim tarixə malik olan bu elm dərinliyi, çox şaxəliliyi, harmoniyası ilə bütün dövrlərdə filosofları maraqlandırmışdır. Bu filosof şairlərdən biri və birincisi Azərbaycan və dünya ədəbiyyatında nadir incilər yaratmış, klassik Azərbaycan ədəbiyyatının siması Nizami Gəncəvidir. Şeyx Nizami fizikanı, astronomiyanı, tibbi, şəriəti dərindən bilən, dərk edən böyük alim olmuşdur. Ədəbiyyatçılar Nizami Gəncəvinin “Xəmsə”sindəki obrazların, tarixçilər isə tarixi hadisələrin və digər detalların tədqiqatını aparsalar da fiziklər Şeyx Nizaminin əsərlərindəki təbiət qanunauyğunluqlarının necə məharətlə verildiyinin fərqində olurlar. Qısası ədəbiyyata az-çox bələd olan bir fizik böyük Nizami haqqında bu sözləri deyər: “Nizami Gəncəvi böyük şair olaraq fizikanı, dünyəvi elmləri dərindən bildiyindən, yazmış olduğu əsərlərində təbiət qanunlarını nəzmə çəkmişdir”. Fizikanın müxtəlif tədqiqat sahələri ilə məşğul olan alimlər də sübut edirlər ki, kəşfi hansısa alimlərin adı ilə bağlı olan bir sıra fiziki hadisə və qanunauyğunluqları Nizami Gəncəvi onlardan xeyli qabaq öz əsərlərində vermişdir. Məsələn, Nizaminin “Xosrov və Şirin” əsərindən bir parçaya diqqət edək:

 Maqnit olmasaydı eşqin əsiri,

 Çəkməzdi özünə dəmir zənçiri.

 Kəhrəbanın eşqə düşməsə canı,

 Belə cəzb etməzdi quru samanı.

 Dünyada göhvər var, daş var nə qədər,

 Onlar nə bir saman, nə dəmir çəkər.

 Bu saysız hesabsız maddələr yenə,

 Bax gör meyl edirlər mərkəzlərinə.

 Göyə doğru çox qalxarsa su

 Yenə torpaq olar ən son arzusu

 Kainatda hər şey cəzbə bağlıdır.

 

"Lirikada fizika və dünyəvilik" (1)

 

 

 Şair bu misralarla öz dövründə elmə məlum olmayan elektromaqnit qanununlarından bəhs edir. Hətta kəşfinin 1667-ci ildə ingilis alimi Nyuton tərəfindən həyata keçirildiyi söylənən “cazibə qanunu” haqqında dahi Nizami bu misralarda açıqca bilgilər vermişdir. Hətta Şeyx Nizami daha dərinə gedərək dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasının elektromaqnit dalğaları olduğunu da göstərmişdir. Bu sübut olduqca dəqiq, real faktlarla nəzmə düzüldüyündən insanı mat qoyur. Xatırladaq ki, Şeyx Nizami fars dilində yazdığından bu misralar bizə dil çevriciləri tərəfindən ötürülmüşdür. Təbii ki, orjinaldakı hikmətlər isə daha dərindir.

 Bundan başqa, “Leyli və Məcnun” əsərində belə bir misralara rast gəlirik.

 Yerin hüdudundan o tərəfdə də

 ...buludlar fələklər qarışır yenə,

 Onlar bir-birinə sarılmış bərk-bərk,

 Hamısı tor kimidir gəzir kürətək

 Bu kürə şəklində yalnız yer deyil,

 Hər xətt hərlənir yuvarlaqdır bil...

 Burda heyran ediləcək məqam odur ki, kainatın fırlanmasını 1927-ci ildə Holland astronomu Oort sübut etmişdir. Şair Nizami isə XII əsrdə elmə meydan oxuyaraq, şerin dili ilə səsləndirirdi Yerin fırlandığını. Və hətta tək Yerin yox kainatdakı bütün göy cisimlərinin fırlandığını söyləyirdi. Təbii ki, dahi şair, filosof haqlı idi söylədiklərində. Həmən əsərdən daha bir neçə misra:

 ...Tüstü bu dərədən qalxar yuxarı

 Iki üç cidalıq gəzər rüzgarı,

 Sonra əyilərək geriyə dönər,

 Bu yer kürəsini başına enər.

 deməklə şair bizi əhatə edən atmosfer qatını bir tüstüyə bənzədir, onun da varlığından xəbərdar olduğunu şerin dili ilə deyirdi.

Ardı var...

Məqalənin müəllifi  Yusif Alıyev 

23 avqust 2015
GO BACK