Qadin.NET / İş müsahibəsi haqda bilməli olduqların(2)

İş müsahibəsi haqda bilməli olduqların(2)

 

İş müsahibəsi haqda bilməli olduqların(2)

 

Sənin ən güclü 3 cəhətin hansılardır?

Bu suala hazırlaşmaq üçün iş elanına bax. Gör onlar axtardığı namizəddə nə cür xüsusiyyətlər istəyirlər. Daha sonra öz təcrübənə əsasən bu cəhətlərdən hansının səndə olduğunu düşün. Məsələn, onlar komandada yaxşı işləyən adam axtarırlar. Keçmişdə hansı komanda işlərində yaxşı nəticələr qazanmısan? Deməli bir cavabın hazırdır. “Mən komandada yaxşı işləyirəm çünki X tədbirində komanda işi üzrə birinci yeri tutmuşduq” və ya “məktəbdə tədbirləri mən təşkil edirdim“. Başqa müsbət cəhətlər optimistlik (heç kim mızmız işçi istəmir), çalışqanlıq (keçmiş iş yerimdə X layihəsini vaxtında bitirmək üçün bir həftə ərzində hər gün 14 saat işləmişdim), liderlik, məsuliyyətlilik, punktuallıq və s-dir. Dediklərini nümunələrlə əsaslandır.

Sənin zəif cəhətin hansıdır?

Bu, ən fəndgir (Google translate-in canı sağ olsun) sualdır. Heç bir halda “ah mən tənbələm, hər yerə gecikirəm” kimi cavablar vermək olmaz! Bu suala cavab tapmaq üçün keçmiş təcrübələrini düşün. Keçmişdə rast gəldiyin hansısa problemi və bunu nə cür həll etdiyini düşün. Məsələn,”mən əvvəl utancaq idim, yeni təşəbbüslər (Google translet-in canı bir də sağ olsun) etməyə çəkinirdim, lakin keçmiş iş yerimdə mənə X işi tapşırılanda mən bütün məsuliyyəti öz üzərimə götürüb layihəni uğurla bitirdim. Onda sonra bir neçə təşəbbüs göstərib uğur qazanmışam”. Və ya bu suala verilən standard cavab budur – “mən çox idealistəm, hər şeyi ideal etməyə çalışıram“. Bu cavabı verə bilərsiniz, amma neh, 19-cu əsrdən qalma cavab kimə lazımdı?

 

İş müsahibəsi haqda bilməli olduqların(2)

 

 

Bizə sualın varmı?

BƏLİ, BƏLİ, yenə də BƏLİ!!! Hər bir müsahibədən əvvəl şirkət üçün ən azı 4-5 sual hazırla. Onların vaxtını almaqdan qorxma. Nəzərə al ki, sən bu yerdə neçə ay gündə ən azı 8 saat işləyəcəksən, çoxlu suallar vermək sənin də haqqındır. Bu, mürəkkəb sual da ola bilər, məsələn, “2012-ci ildə Maral Tahirqızı sizin X jurnalist haqda ‘bambılı’ sözünü işlətmişdi, bu məsələyə nə cür münasibət göstərdiniz?” (Dostumla mərcə gəlmişəm ki, bloq yazımda Maral xanımın adını çəkəcəm, söhbət 20$-dan gedir!) Və ya standard sadə suallar da ola bilər, məsələn:

Mənim müraciət etdiyim vəzifədən gələcək 1 il üçün hansı gözləntilər var?

Bu vəzifədə əvvəl işləyən adamın işdən çıxmağının səbəbi nə olub?

Burada ofis mühiti necədir, daha çox komanda işinə ya individual işə fikir verilir?

Mənim işləyəcəyim komanda haqda məlumat verərdiniz.

Sizi səhər bu şirkətdə işə gəlməyə həvəsləndirən amil nədir?      

Müsahibədən sonra

Müsahibədən sonra mütləq… yox, MÜTLƏQ (!!!) təşəkkür emaili göndər. Müsahibədə müzakirə etdiyiniz bir neçə mövzuya toxun və bu yeni iş haqqında çox həvəsli olduğunu de. Müsahibədən 1 həftə sonra onlardan heç bir şey eşitməmisənsə səni müsahibə edən adama email göndər və ya zəng edib vəziyyətin nə yerdə olduğunu soruş.

Ümumiyyətlə, iş müsahibəsi haqda bir neçə şeyi yadda saxla:

Müsahibədən əvvəl bir neçə dəfə dərindən nəfəs al. Həyəcanını azaldacaq. Liftdə əl-qolunu geniş açıb hoppan. Araşdırmalar göstərir ki, biz həyəcanlananda fiziki olaraq cılızlaşırıq, bu isə öz növbəsində özümüzə güvəni azaldır. 

Müsahibə zamanı belini dik tut, başını da uca.

Müsahibədə yalan danışma. Dünya balacadır. İstənilən yalanın üstünü açmaq çox asandır.

Səs tonunu görüş boyu professional saxla.

 

İş müsahibəsi haqda bilməli olduqların(2)

 

 

Gülümsə.

Heç bir halda səndən müsahibə götürən adamla flirt etmə. Nə nömrəsini ala biləcəksən, nə də işi.

Bil ki, sənin adını mütləq Google edib İnternetdə sənin haqda olan hər şeyi oxuyacaqlar. Qadınlar Klubu səhifəsində problemlərini paylaşmağı dayandır.

Və ağlında saxla ki, bu müsahibədə yalnız onlar səni yoxlamırlar, sən də onları test edirsən. Sən burda bir neçə ayını/ilini keçirəcəksən, işləyəcəyin yeri diqqətlə seç. Odur ki, ofis mühitini, işçiləri izlə, ürəkdən maraqlan və suallar ver.

Və həyəcanlansan bil ki, 7900 HelloKishi və mən arxandayıq!

UĞURLAR!!!

Şəbnəm

27 aprel 2015
GO BACK