Qadin.NET / Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir

 

 

Boz ayda qeyd edilən ikinci çərşənbə - od çərşənbəsidir.Ulu əcdadlarımızın əski bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.

Bu gün Od çərşənbəsidir
 
Od ilə bağlı maraqlı adət-ənənələr var. Odlar diyarı Azərbaycan ocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənmə əlamətidir. Axır çərşənbədə - Novruz bayramının son çərşənbəsi - böyükdən kiçiyə hər kəs tonqal üstündən tullanmalıdır. Həm də nəzərə almaq lazımdır ki, bir tonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır. Odun üzərindən tullananlar bu sözləri deməlidirlər: "Ağırlığım-uğurluğum odlara". Tonqalı heç vaxt su ilə söndürmək olmaz. Tonqalın özü sönəndən sonra gənc qızlar və oğlanlar tonqalın külünü toplayaraq evdən uzağa atırlar. Bu o anlama gəlir ki, ailə üzvlərinin tonqalda yanan bütün uğursuzluqları kül ilə birlikdə uzaqlaşdırılır.

3 mart 2020
GO BACK