1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qədim ölümcül çiçək xəstəliyi üzərində qələbə çalındığını açıqlamışdı. Genişmiqyaslı vaksinasiya proqramları və dünya həkimlərinin səyi nəticəsində bir vaxtlar milyonlarla insanın ölümünə səbəb olan xəstəliyin təhlükəsi aradan qaldırılmışdı. Mütəxəssislərin rəyinə görə, 2015-ci il daha bir ölümcül xəstəlik üçün son ola bilər. Bu xəstəliyin adı drakunkulyozdur.
Elə də ölümcül olmasa da, uzun müddət davam edir və adətən əlilliyə səbəb olur. Bu, orqanizmə əsasən kirli su vasitəsilə düşən rişta qurdlarının yoluxdurduğu helmintoz parazitidir. Sürfələr bağırsağa düşdükdə onun divarını gəmirməyə başlayır və limfatik sistem yoluyla bədənə yayılırlar. İnkişaf edib, artaraq, dişiləri dərialtı toxumaya miqrasiya edir. Burada onlar hətta 80 sm-ə qədər uzana bilərlər. Daha sonra dərini deşib, bədənlərinin bir ucunu çölə çıxararaq, yeni sürfələrini suya atırlar.
Yaxın keçmişdə drakunkulyozun olduqca yayılmış xəstəlik olmasına baxmayaraq, bu gün bu xəstəliyə sadəcə Afrika və Asiyanın tropik ölkələrində rast gəlmək olar. ÜST-ün 1986-ci ildəki statistikasına əsasən, hər il nematodlar (yumru qurdlar) ümumilikdə 21 ölkədən 3,5 milyon insanı məhv edirdi. Xəstəliklə mübarizə üçün misilsiz səylər göstərildi və artıq 2000-ci ildə xəstələrin sayı 75 minə düşdü. Ötən il isə bu xəstəlikdən əziyyət çəkən insanların sayı rekord miqdara - cəmi 126 nəfərə endirildi. ÜST mütəxəssisləri tezliklə, bəlkə də bir neçə ay sonra drakunkulyozun tamamilə məhv edildiyini açıqlayacaqlarını deyirlər.
Xəstəlik üzərində qələbə bir sıra yollarla əldə edilib. Bu xəstəliyi cəmi bir parazit növü meydana gətirir. Yoluxma prosesi elmə məlum olduğundan, onunla mübarizə də çətin keçmir. Sadəcə yoluxma yolunu bağlamaq kifayətdir ki, infeksiya dayansın. Drakunkulyozla mübarizə strategiyası da olduqca ağıllı idi. Belə ki, pandemik ərazilərdə yaşayan sakinlərin, xəstəlik yayılması ilə bağlı xəbərdarlıq etməsi tələb olunur, onlara çoxlu sayda ucuz su təmizləyən filtrlar təklif olunur və hər yeni xəstəlik yayılması hadisəsi xəbərinin çatdırılması müqabilində 100 dollar dəyərində mükafat ödənilirdi. Bütün bu addımlar nəticəsiz qalmadı - tezliklə bəşəriyyətin düşmənlərinin sayı bir az da azalacaq.
Həyatın təkamülü