Qadin.NET / Bəs yatmasaq necə olar?

Bəs yatmasaq necə olar?

 

Bəs yatmasaq necə olar?

 

Sutkada 6-8 saat yuxu yatırsınızsa hansı xəstəliklərə meylli ola və neçə illik ömür yaşaya bilərsiniz? 10 saat yatsaz necə? Bəs 11 sutka oyaq qalsaz vəziyyətiniz necə olar?

Qəribə səslənsə də yuxunun nə səbəbləri, nə də təkamül mənşəyi elmə praktiki olaraq məlum deyil. Axı təbiət nöqteyi-nəzərindən yuxunu əlverişli və məqsədəuyğun hesab etmək doğru deyil. Əgər insan və ya bir heyvan yuxuya dalırsa şüuru bir neçə saatlığına sönmüş olur. Belə vəziyyətdə canlının yırtıcılara qurban olma şansı bir neçə dəfə artır.

Bununla belə alimlər səbəbləri olmasa da, yuxunun əlverişlilikdəki bəzi qanunauyğunluqlarını aşkar etməyə nail olublar. Məsələn, məlum olub ki 6-8 saat yuxu yatan yetkin insanlara uzunömürlülük xarakterikdir. Yuxu azlığı isə əksinə diabet və ürək-damar xəstəlikləri kimi bir sıra problemlərə səbəb olur. Xroniki yuxusuzluq da həmçinin sadalanan xəstəliklərlə yanaşı piylənmə, depressiya və beyin zədələnmələri ilə əlaqələndirilir.

Bəs heç yatmasaq nə olar? İlk yuxusuz gecədən sonra insan beynində mezolimbik sistem aktivləşərək, qana dofamin atır. Bu təsirin nəticəsi olaraq insan daha enerjili, pozitiv və seks planında aktiv olur. Yaxşıdır, elə deyil? Tələsməyin, ən pisi qabaqdadır. İlk öncə beyində qərar verməyə və nəticələri qiymətləndirməyə nəzarət edən strukturlar deaktivləşir. Özünüidarə zəifləyir. Yorğunluğun meydana çıxması ilə reaksiyaların sürəti yavaşlayır və ətraf aləmi dərk etmə funksiyaları azalır.

 

Bəs yatmasaq necə olar?

 

 

İkinci yuxusuz gecədən sonra insan orqanizmində qlükoza mübadiləsi və immum sistemi fəaliyyəti pozulmağa başlayır. Yuxusuz qalmış üçüncü gecədən sonra isə ilk hallüsinasiyalar meydana gələ bilər.

Elmi təcrübə çərçivəsində ən uzunmüddətli yuxu məhdudiyyəti 264 saat və ya 11 gün davam etdirilib. Məlum səbəblərdən təcrübə yarıda qoyulub. Soruşa bilərsiniz ki, bu prosesdə alimlər nəyi aydınlaşdırmağa nail olublar. Nəticələr gözlənilməz olub: 11 yuxusuz gecə keçirmiş insanda dağınıqlıq və əsəbilik müşahidə olunsa və ətraf aləmi dərki çətinləşsə də, yuxusuzluğun orqanizmə heç bir mənfi təsiri olmayıb. Tibbi mənada bütün orqanlar normal işləməyə davam edib - nə beynin fəaliyyətinə zərər dəyib, nə də psixiki pozulmalar meydana gəlib. Lakin qeyd etmək lazımdır ki, təcrübə elə bu mərhələdəcə dayandırılıb. Bu səbəbdən yuxusuzluğun davam etdiriləcəyi təqdirdə orqanizmin funksiyalarının pozulmayacağına heç bir zəmanət verilə bilməz.

 

Bəs yatmasaq necə olar?

 

Siçanlar üzərində aparılmış sınaqlar göstərmişdi ki, iki həftəlik yuxu məhdudiyyəti bu heyvanlarda ölümlə nəticələnir. Amma ölümün səbəbinin yuxusuzluq olduğuna da tam əmin olmaq "elmi" deyil, çünki orqanizmin dayanması davamlı ayıltmalarla əlaqəli ola bilər. Bəlkə də bu problemin həlli fatal ailə yuxusuzluğu tədqiqatlarından sonra aydın olacaq. Bu, beynin elə bir nadir genetik xəstəliyidir ki, insan davamlı və daha ağır yuxu pozğunluqlarından əziyyət çəkir. Bu xəstəliyə yoluxduqda faktiki olaraq insan yuxusuzluqdan əziyyət çəkir, hansı ki ilk öncə hallüsinasiyalara, daha sonra isə psixiki pozuntulara gətirib çıxarır, məntiqi son isə ölüm olur. Belə yuxusuzluq formasından əziyyət çəkmiş insanların sayı yüzdən artıq olmasa da, xəstəlik müşahidə edildikdən sonra orta ömür müddəti 18 ayı aşmır. Dəhşətli yuxusuzluq xəstəliyi proqressivləşdikcə daxili orqanlar ard-arda sıradan çıxır. Başqa deyimlə lazımi miqdarda yuxu almamaq tez ölümə bərabər olmasa da, yuxusuzluğun davam etdirilməsi orqanizmə mənfi təsir göstərə və bu da sonda ölümcül nəticələr doğura bilər.

Həyatın təkamülü
27 dekabr 2014
GO BACK