Alimlərin fikrincə, hörümçək toru yer üzündəki ən möhkəm iplərdən biridir. Hörümçək torunun üstün xüsusiyyətləri yalnız bununla məhdudlaşmır. Əgər bunların hamısını sadalasaq, uzun siyahı olar. Bu siyahıdakı bir neçə maddə belə alimlərin bu mövzuda nə qədər haqlı olduğunu sübut edir. Hörümçək ipinin heyrətamiz xüsusiyyətlərindən bir neçəsini belə sadalaya bilərik: Hörümçəklərin ifraz etdiyi, diametri 0.001 mm-dən daha kiçik olan iplik eyni qalınlıqdakı polad simdən beş dəfə möhkəmdir. Öz uzunluğunun dörd misli qədər uzana bilir. Hörümçək ipi çox yüngüldür. Bu yüngüllüyü belə bir misalla da təsvir edə bilərik. Yerin diametri uzunluğundakı hörümçək ipinin çəkisi cəmi 320 qramdır. Bu xüsusiyyətlərin hər biri ayrı-ayrı məmulatlarda ola bilər. Ancaq hamısının bir məmulatda toplanması çox diqqət çəkir. Çünki həm poladdan möhkəm, həm də elastik məmulat tapmaq olduqca çətindir. Məsələn, polad kəndir ən möhkəm məmulatlardan biridir. Lakin kauçuk kəndir kimi elastik olmadığına görə, tədricən formasını dəyişir. Kauçuk kəndir isə formasını asanlıqla dəyişdirməsinə baxmayaraq, kifayət qədər möhkəm olmadığına görə, ağır yük qaldıra bilmir.
Hörümçək ipinin kimyəvi quruluşu
Belə düşünək, kiçik bir canlının hazırladığı ip, necə olur ki, insanın əsrlərlə əldə etdiyi elmi bilikləri əsasında hazırladığı kauçuk və polad kəndirdən daha üstün xüsusiyyətlər daşıyır?
Hörümçək ipini bu qədər üstün edən cəhət ipin kimyəvi quruluşunda və emal mərkəzindədir. Hörümçək ipinin xam maddəsi spiralvarı amin turşusu zəncirlərindən təşkil olunmuş “keratin” adlı zülaldır. Keratin saç, dırnaq, tük, dəri kimi bir-birindən çox fərqli maddələrin quruluş vahididir və əmələ gətirdiyi bütün maddələrdə qoruyucu xüsusiyyəti ilə ön plana çıxır. Həmçinin, keratinin elastik hidrogen rabitəsi ilə birləşmiş amin turşularından təşkil olunması da bu maddələrə möhkəmlik və elastiklik qazandırır. Bu elastiklik Amerikanın məşhur elmi jurnallarından olan “Science News”da belə bir bənzətmə ilə təsvir edilir: “Hörümçək ipindən hazırlanmış insan ölçüsündə balıq toruna bənzər bir tor sərnişin təyyarəsini tuta bilər”.
Hörümçəyin quyruğunda altı hissədən ibarət ipək kisəsi adlanan bir hissə var. Kisələrin hər birində fərqli mayelər ifraz olunur. Bu kisələrin maddələri fərqli kombinasiyalarda birləşərək müxtəlif növdə ipək iplər əmələ gətirirlər. Kisələr arasında böyük uyğunluq var. İp emalı əsnasında hörümçəyin bədənində yerləşən mükəmməl xüsusiyyətli nasos, klapan və təzyiq sistemləri fəaliyyət göstərir. Xam ip kran funksiyası daşıyan hissələrdən lif şəklində xaric olunur.
Təzyiqi tənzimlənən püskürtmə sistemi
Hörümçək bu kranların püskürtmə təzyiqini də istədiyi şəkildə dəyişdirə bilir. Bu çox mühüm xüsusiyyətdir. Çünki bu proses sayəsində maye keratini meydana gətirən molekulların quruluşu da dəyişilir. Klapanlar üzərindəki nəzarət mexanizmi sayəsində ip xaric olunarkən diametri, müqaviməti və elastikliyi də dəyişdirilə bilir. Beləcə, ipin kimyəvi quruluşu dəyişdirilmədən ona istənilən fiziki xüsusiyyətlər qazandırılır. Əgər ipin quruluşunda əsaslı dəyişiklik etmək lazımdırsa, başqa vəzdən istifadə edilməlidir. İfraz olunan fərqli xüsusiyyətlərdəki iplər arxa ayaqların mükəmməl hərəkəti ilə istənilən istiqamətə yönəldilir.
Hörümçəkdəki bu kimyəvi möcüzəni tam təqlid etmək mümkün olduqda, istənilən qədər uzanan təhlükəsizlik kəmərləri, möhkəm tikişlər, iz buraxmayan cərrahi saplar, çox yüngül kabellər, güllə keçirməyən parçalar kimi insan həyatını asanlaşdıran və təhlükəsiz edən məhsullar istehsal oluna bilər. Üstəlik, bunların istehsalında sağlamlığa zərərli, zəhərli maddələrdən istifadə edilməz.
Hörümçəklərin hazırladığı ip möhtəşəmdir. Gərilmə dərəcəsi çox yüksəkdir. Odur ki, hörümçək ipini qırmaq üçün lazım olan enerji digər bütün bioloji materiallara sərf olunan enerjidən on dəfə çoxdur.
Poladdan möhkəm ip
Poladdan da möhkəm və yüngül quruluşu olan hörümçək ipi hörümçəyin gövdəsindəki ipək vəzi tərəfindən ifraz olunur. İpək zülalları burada yarı su, yarı zülaldan ibarət olan bir mayenin içində olur. Daha sonra bu zülal qarışığı bir kanala ötürülür. Çubuq şəklində qatlanmış zülallar bu kanalda yan-yana düzülür və kanaldan çıxarkən ipək zülalları artıq bir-birlərinə tamamilə birləşib, bərk ipək ip formasını alır. Hörümçəyin bədənində hazırlanan bu ipin qeyri-adi quruluşu 3 aprel 2001-ci il tarixli “New York Times”qəzetində belə təsvir olunmuşdur: “İpək zülalları minlərlə amin turşusundan ibarət kompleks molekullardır və onları açmaq çox çətindir. Hörümçəklərin bu zülalları necə açdığı və ipək ipinə çevirmək üçün necə əyirdiyi hələ tam məlum deyil”.
Hörümçək ipini qırmaq ən mükəmməl plastik materialdan daha çox güc tələb edir. Hörümçəyin bu cür möhkəm iplik toxuya bilməsinin başlıca səbəblərindən biri əsas zülal komponentlərinin kristallaşmasına və bükülməsinə nəzarət edərək nizamlı şəkildə köməkçi birləşmələr əlavə etməsidir. Hörgü maddəsi maye kristal olduğuna görə, hörümçəklər minimum qüvvə istifadə edirlər. Alimlərin araşdırdığı hörümçək ipi ən az 380 milyon ildir hörümçək tərəfindən qüsursuz hörülür. Alimlərin texnologiyanın imkanlarından istifadə etmələrinə baxmayaraq, hələ mexanizmini aça bilmədikləri bu ipi hörümçəklərin milyon illərdir kiçik bədənlərində hazırlamaları, şübhəsiz ki, Allahın qüsursuz yaratmasının dəlillərindəndir.
R.Əkbərov