Hər hansı səbəbdən zəhərlənən insan zəhərin təsirini məhv edən dərman qəbul etməli və ya zəhər tibbi yolla orqanizmdən xaric edilməlidir. Zəhərlənmə haqqında tibbi məlumatı olmayan bir şəxsin hər hansı bitkidən və ya maddədən istifadə edərək öz-özünü müalicə etməsi mümkün deyil.
Ancaq bəzi canlılar çox insanın təhsil alaraq əldə etdiyi bu biliyə doğulduğu andan malikdir. Şüuru, ağlı, zəkası olmayan heyvanlar bir çox hallarda xəstəliklərini özləri müalicə edirlər. Heyvanların özlərini müalicə etmək üçün istifadə etdikləri üsullardakı diqqətçəkən cəhət hamısının nə edəcəklərini çox yaxşı bilmələri, hansı xəstəliyə nəyin faydalı olduğunu müəyyən etmələridir. Bəs bunu edən, həqiqətən, heyvanların özləridirmi? Heyvanlar bu məlumatları necə əldə ediblər? Təkamülçülər canlıların bu cür davranışlarının bir çoxunun instinktiv olduğunu iddia edirlər, ancaq instinktlərin mənbəyini, bu davranışların ilk dəfə necə ortaya çıxdığını açıqlaya bilmirlər.
Əvvəla, canlıların bunları zaman ərzində öyrənmələri mümkün deyil. Məsələn, zəhərlənən bir heyvan dərhal ölər. Zəhərlənməsinə səbəb olan amili necə aradan qaldıracağını təcrübədən keçirərək öyrənməsi mümkün deyil. Unudulmamalıdır ki, bir heyvanın belə bir şeyi düşünmək üçün şüuru da yoxdur.
Heyvanların öz-özlərini müalicə edərkən nümayiş etdirdikləri şüurlu davranışlarına bir misalla baxaq. Araralar tropik Amerikada yaşayan tutuquşu növüdür. Cəlbedici rəngləri olan bu canlıların ən təəccüblü cəhəti zəhərli toxumlarla qidalanmalarıdır. İri qarmağı xatırladan dimdikləri ilə çox bərk qabıqları belə qıran bu quşlar zəhərli toxumlar üzrə sanki mütəxəssisdirlər. Bu, olduqca təəccüblü haldır, çünki zəhərli toxumu yedikdə quş zəhərlənməlidir. Ancaq bu baş vermir və quş zəhərli toxumları yedikdən sonra dərhal qayalıqlara doğru uçur və orada gilli qaya parçalarını gəmirib udmağa başlayır. Bu davranışın səbəbi gilli qaya parçalarının toxumların içindəki toksini sorması və zəhərin təsirini aradan qaldırmasıdır. Quşlar bu sayədə toxumları zəhərlənmədən həzm edirlər.
Bir bitkidəki zəhərin necə zərərsizləşdirilməsini araraların öz-özlərinə bilməsi, əlbəttə, mümkün deyil. Canlılardakı bu cür şüurlu davranışların heyvanların özlərindən qaynaqlanmadığı, bunun mənbəyinin təbiətdə mövcud olan başqa bir güc və ya təsir olmadığı da aydındır. Gözlə görünməyən bu güc bütün canlıların davranışlarına nəzarət edir, yəni onlara ilham edir. Bu bənzərsiz güc Allah’a məxsusdur. Üstün elm sahibi olan Allah hər işi yoluna qoyub idarə edəndir, yaratdıqlarını qoruyandır.
R Əkbərov