İnsan yuxu əsnasında gözləri qapalı şəkildə yatağında yatır. Ancaq buna baxmayaraq, həqiqi həyatında qarşılaşdığı hadisələrin, yaşadığı hisslərin, impulsların hamısını yuxuda əslindən tamamilə fərqsiz şəkildə həqiqi surətdə hiss edir. Bu həqiqətə bu məqaləni oxuyan insanların hamısı özləri yuxularında tez-tez şahid olurlar. Məsələn, gecə yatağında səssiz və sakit mühitdə, ətrafında heç kimin olmadığı şəraitdə yatan insan yuxuda özünü çoxlu insanın olduğu, təhlükəli yerdə görə bilir. Var gücü ilə bu təhlükədən qaçdığını, divarın arxasında gizləndiyini həqiqi şəkildə yaşaya bilir. Hətta yuxuda gördükləri o qədər həqiqidir ki, qorxu və təşviş hissini, həqiqətən, təhlükəli şəraitdə olduğu kimi hiss edir. Hər hay-küydə qorxudan titrəyir, ürəyi bərk döyünür, tərləyir, insan bədəni təhlükədə olduqda nə hiss edirsə, fiziki cəhətdən necə reaksiya verirsə, hamısı eynilə baş verir. Əslində isə, beynindən kənarda gördüklərinin heç biri yoxdur.
Yuxuda hündür yerdən yıxılan insan da bunu bütün bədəni ilə hiss edir. Əslində isə, o anda yatağında heç tərpənmədən yatır. Yuxuda ayağı sürüşərək su çuxuruna yıxıldığını görən bir insan bütün paltarlarının islandığını, küləkdən üşüdüyünü hiss edə bilir. Ancaq olduğu yerdə nə su çuxuru, nə də külək var. Hətta çox isti otaqda yatdığına baxmayaraq, nəmliyi və üşüməyi eynilə oyaq vaxtda olduğu kimi hiss edir.
Yuxusunda maddənin əsli ilə təmasda olduğunu iddia edən insan özündən çox əmin ola bilər. Ona maddənin xəyali görüntüsü ilə təmasda olduğunu, xarici aləmin əsli ilə təmasda olmağın mümkün olmadığını izah edən dostunun çiyninə əlini qoyaraq: “İndi mən xəyalam? Sən əlimi çiynində hiss etmirsənmi? Elə isə necə xəyali görüntü ola bilərsən? Haradan çıxarırsan bu iddiaları? Gəl səninlə gəzintiyə çıxaq, həm bu mövzu haqqında danışarıq, həm də belə bir mövzuya nə üçün inandığını mənə izah edərsən”, – deyə bilər. Gördüyü yuxu o qədər həqiqi olur ki, rahatlıqla avtomobili işə salıb, motora qaz verir və sonra birdən pedala basaraq avtomobili hərəkətə gətirir. Yolda sürətlə gedərkən ağaclar və yol xətləri sürətdən sanki göz aparan görüntü əmələ gətirir. Bir tərəfdən də təmiz dəniz havasını alır. Elə dostuna etiraz etməyə, o anda yaşadıqlarının xəyal olmadığını izah etməyə hazırlaşarkən saatının zənginə oyanır. Ancaq maraqlıdır ki, yuxuda gördüklərinin xəyal olduğuna etiraz edən bu insan oyaq olarkən də gördüklərinin zehnində əmələ gələn xəyali görüntü olduğunu izah edən dostu yanında olsa, ona da eyni şəkildə etiraz edəcəkdir.
İnsanlar yuxudan oyandıqda o ana qədər gördüklərinin xəyal olduğunu anlayırlar, ancaq oyanma görüntüsü ilə başlayan və adına həqiqi həyat dedikləri həyatın xəyal ola biləcəyindən nədənsə heç şübhələnmirlər. Əslində isə, həqiqi həyatımız dediyimiz görüntünü qavrama forması yuxularımızı qavrama forması ilə tamamilə eynidir. Hər ikisini də zehnimizdə görürük və yuxudan oyanmadıqca onların bir xəyal olduğunu anlamırıq. Ancaq oyandığımız zaman: “Deməli, gördüklərim bir yuxu imiş”, – deyirik. Elə isə hal-hazırda gördüklərimizin yuxu olmadığını necə sübut edə bilərik? Sadəcə hələ oyandırılmadığımız üçün olduğumuz anı həqiqi zənn edirik. Hər gecə gördüyümüz yuxulardan daha uzun davam edən bu yuxudan bir gün oyandırıldıqda bu həqiqətlə qarşılaşacağıq və bunun əksini söyləyəcək heç bir dəlilimiz yoxdur.
Dünya həyatının yuxu kimi olduğu, ancaq bu yuxudan böyük oyanma ilə oyandıqda insanların yuxu kimi bir aləmdə yaşadıqlarını anlayacaqları İslam alimləri tərəfindən də dilə gətirilən bir həqiqətdir. Üstün elminə görə Şeyxi-əkbər (ən böyük şeyx) kimi tanınan böyük İslam alimi Muhyiddin Ərəbi bir sözündə Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) bir hədisini söyləyərək dünya həyatını yuxularımıza belə bənzətmişdir:
Həzrəti Muhamməd (s.a.s): “İnsanlar yuxudadır, öldükləri vaxt oyanacaqlar”,– buyurmuşdur. Deməli, dünya həyatında gördüyü şeylər yatan şəxsin yuxusunda gördüyü şeylər kimidir. Yəni xəyaldır.
R.Əkbərov