Oksigen cihazı götürmədən yüksəkliyə qalxdıqda (alpinist yürüşündə və ya təyyarədə) insanda təngnəfəslik, kəskin baş ağrısı, baş gicəllənməsi, aydın düşünmə qabiliyyətinin itməsi kimi güclü oksigen aclığı simptomları meydana çıxır. Oksigen aclığı birinci növbədə baş beynin ali mərkəzlərinin fəaliyyətinə təsir ederək, iradəni və düşünmə qabiliyyətini iflic edir. Ona görə də qanun tələb edir ki, bütün pilotlar konkret hündürlük həddindən yuxarı qalxdıqda oksigen cihazlarından istifadə etsinlər.
Oksigen olmadıqda insanda baş gicəllənməsi yüngül başlayır. Təyyarə yuxarı qalxdıqca ağrı artır, sanki bu dəqiqə baş patrlayacaq kimi olur. Təsvir etdiyim vəziyyət yüksəklik xəstəliyi adlanır. Böyük yüksəkliklərdə olmağa məcbur olan alpinistlər və idmançılar üçün bu, əsl fəlakətdir. Mexiko şəhəri dəniz səviyyəsindən iki min metr yüksəklikdə yerləşir. 1968-cı ildə Olimpiya oyunlarında iştirak etmək üçün bura gələn idmançılar oksigen çatışmazlığı səbəbindən meksikalılara nisbətən daha pis vəziyyətə düşdülər.
İnsanların çoxu yaşamaq üçün lazım olan miqdardan artıq hava udmurlar. Lakin bu kifayət etmir. İnsan düzgün tənəffüs mexanizmi ilə doğulur. Lakin zaman keçdikcə tam nəfəs alma qabiliyyəti tədricən itirilir. Nəticədə biz öz ağciyərlərimizdən düzgün istifadə etmirik. Tənəffüsümüz çox səthidir. Hətta dəniz səviyyəsində yaşadıqda belə kifayət qədər oksigen almırıq və yüksəklik xəstəliyini hiss etməyə başlayırıq.
Ailə üzvlərindən biri ilə dalaşmağa hazırlaşanda, sinirləriniz son həddə qədər gərginləşəndə, camaat qarşısında çıxış etməyə, yaxud çətin bir məsələnin həllinə hazırlaşanda, öz üzərinizdə kiçik bir eksperiment aparın: dayanın və bir neçə dəfə dərindən nəfəs alın. Ağciyərlərinizi hava ilə doldurun və sonra asta-asta nəfəsinizi buraxın. Ola bilsin ki, rahatlaşdığınızı və əsəb gərginliyinin azaldığını hiss edəcəksiniz. Bəlkə də qışqırmaq əvəzinə gülümsəyəcəksiniz və nəfəsinizi tələsmədən verdikdən sonra vəziyyətinizdə müsbət dəyişiklik əmələ gəldiyini gördükdə təəccüblənəcəksiniz.