Qadin.NET / Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz

Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz

 

Ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan C.Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşa şəhərində anadan olmuşdur. Ceyhun bəy ilk təhsilini əvvəl Şuşada almış, sonra Bakıda rus-tatar məktəbində davam etdirmişdir.

Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz

Üzeyir bəyin məşhur "Leyli və Məcnun" operasının yaranmasında Ceyhun bəyin də yaxından köməyi olmuşdur. Bu Ceyhun bəyin şəxsi sənədlər arasında saxlanılan "İlk Azərbaycan operası necə yaranmışdı" xatirə yazısında öz əksini tapmışdır. Xatirə yazıda C.Hacıbəyli Üzeyir bəy tərəfindən yazılan "Leyli və Məcnun" operasının yaranmasında bəstəkara texniki işlərdə yaxından kömək etməklə, 12 yanvar 1908-ci ildə göstərilən həmin tamaşada İbn Səlam və Nofəl rolunda ilk dəfə səhnəyə çıxdığını bildirir. Təəssüf ki, Ceyhun bəyin tamamlanmamış bu xatirə yazısını əsas götürüb onun "Leyli və Məcnun"u kiçik qardaşı ilə müştərək yazdığını iddia edənlər də olub. Bu iddia əsassızdır. Çünki Ceyhun bəyin musiqi istedadı olsa da, bu sahədə təhsili olmadığından təbii ki, notu da bilməzdi. Bəstəkar üçün ən vacib məsələlərdən biri isə əsəri nota köçürməkdir. Əks təqdirdə belə bir əsəri hafizədə saxlamaq və bir-bir ifaçılara izah etmək insan qüvvəsi xaricindədir. Ən nəhayət, bir məsələni də qeyd etmək lazımdır ki, 1908-ci ildən ömrünün sonuna - 1962-ci ilə qədər Ceyhun bəy musiqi bəstəkarı kimi də özünü göstərməmişdir. Düzdür, Ceyhun bəy bir müddət Parisdə musiqi təhsili almağa çalışmış, lakin pulu olmadığından oranı yarımçılıq tərk etməyə məcbur olmuşdur.

 

Ceyhun bəy 1912-ci ildə Moskvada təhsil alan qardaşı Üzeyir bəyə məktubunda yazırdı: "Fikrimə gəldi ki, gedim Hacı Zeynalabdinin yanına. Çünki borclular vaxt gələn kimi yenə məni qısnayırdılar. Bədgunə getdim. Hacı məni çox mehriban qəbul etdi və səni də soruşdu. Dedim Moskvada konservatoriyada oxuyur. Dedi ki, çox yaxşı olub. Bizim musiqiyə çox ehtiyacatımız var. Dedim ki, mən də Parisdə musiqi oxuyurdum, lakin pulum olmadı, qayıdıb gəldim. O mənə musiqi oxumaq üçün Parisə getməyi tövsiyə elədi və dedi ki, mən Həsən ağaya deyərəm sənə müəyyən məvacib verərlər ki, sən Parisdə dolana biləsən. Mən çox məmnun olub evə qayıtdım".

 

Lakin Ceyhun bəy hansı səbəbdənsə pulu ala bilmədiyi üçün musiqi təhsilini davam etdirə bilmir. Bundan sonra Ceyhun bəy bədii yaradıcılıqla məşğul olmağa üstünlük verir. Buna görə də təsadüfi deyil ki, Turgenevin "Pulsuzluq" komediyası (1909-cu il) ilə Azərbaycan oxucusu ilk dəfə məhz C.Hacıbəylinin tərcüməsindən tanış olub.

 

O, həmin illərdə Azərbaycan klassiklərinin və müasirlərinin yaradıcılığı ilə bağlı məqalələr yazır, həmçinin qonşu türkdilli xalqların nümayəndələrinin yaradıcılığına müraciət edirdi.

 

Ceyhun bəyin istedadını görən məşhur milyonçu Murtuza Muxtarov öz vəsaiti hesabına onu Peterburq Universitetinə oxumağa göndərir. Ceyhun bəy qəbul imtahanlarını müvəffəqiyyətlə verib universitetin hüquq fakültəsinə daxil olur. Bir il oxuduqdan sonra Fransaya gedir və Parisin məşhur Sarbonna Universitetində siyasi biliklər fakültəsində təhsilini davam etdirir. Ceyhun bəy burada jurnalistlik fəaliyyəti ilə də məşğul olur. Onun Parisdən göndərdiyi məqalələr "Baku", "Kaspi" qəzetlərində dərc edilir.

 

Təhsilini başa vurub Bakıya qayıdandan sonra C.Hacıbəyli əsasən mühərrirliklə məşğul olmuşdu. 1918-ci ildə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti qurulduğu elan edilməsinə baxmayaraq, Bakı düşmənlərdən hələ də tam təmizlənməmişdi. Həmin il sentyabr ayının 15-də Qafqaz İslam Ordusunun şücaəti sayəsində erməni daşnaklarının vəhşiliyinə son qoyulandan, ingilis əsgərləri ölkədən gedəndən sonra Cümhuriyyət hökuməti Bakıya köçdü.

 

Yeni qurulan Azərbaycan hökumətinin 3 sentyabr 1918-ci il tarixli qərarına əsasən, bir çox çətinliklərlə dörd nömrəsi Gəncə şəhərində çıxan "Azərbaycan" qəzeti oktyabr ayının 3-dən fəaliyyətini Bakıda davam etdirir. Qəzet oktyabr ayının 8-nə kimi redaksiya heyəti adından, sonra isə 1919-cu ilin yanvar ayının

 

16-na kimi Ceyhun bəyin müdirliyi ilə nəşr edilir. Ceyhun bəy Hacıbəyli "Azərbaycan" qəzetinin ilk redaktoru olur.

 

O, Avropa dillərini sərbəst bildiyi üçün 1919-cu ilin yanvar ayının 6-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Parisdə keçiriləcək Versal Sülh Konfransı üzrə "müşavir" təyin olunur. Həmin gün Ceyhun bəyə Sülh konfransında iştirak etmək üçün şəhadətnamə də verilir. Versal Sülh Konfransı respublikamız üçün ciddi əhəmiyyət daşıdığından 1919-cu ilin yanvar ayının 7-də orada iştirak edən Ceyhun bəylə birgə bütün heyətə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski və Adil xan Ziyadxanovun imzası ilə "General" mandatı təqdim olunur.

 

Ceyhun bəy yeni qurulmuş Azərbaycan hökumətinin tapşırığı ilə 1919-cu ilin yanvar ayında Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Məmmədhəsən Hacınski, Əkbər ağa Şeyxülislamov, müşavirlər Məhəmməd Məhərrəmov və Mir Yaqub Mir Mehdiyevdən ibarət heyətlə Versal Sülh Konfransında iştirak etmək üçün Parisə yola düşür. Səfərdə əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətini beynəlxalq aləmdə tanıtdırmağa nail olmaq idi. 1919-cu ilin yanvarından 1920-ci ilin yanvarına qədər fasilələrlə davam edən həmin konfransda Antanta Azərbaycan Respublikasının istiqlaliyyətini tanıdı. Bu, sovet Rusiyasının qəzəbinə səbəb oldu.

 

Ceyhun bəy vətənə qayıtmağın təhlükəli olduğunu görüb ailəsini Fransaya gətirtmək məcburiyyətində qalır. Həyat yoldaşı Zöhrə Hacıqasımova-Hacıbəyli iki yaşı hələ tamam olmamış uşağını da götürüb Ceyhun bəyin yanına gedir.

 

Mühacir həyatı yaşamaq çox çətin idi. İşsizlik Ceyhun bəyi ağır vəziyyətə salır. Lakin qardaşı Üzeyir bəyə məktub yazanda çətinliklərini ondan gizlətməyə çalışırdı. Ceyhun bəyin həyatının bu "gizlinləri" böyük qardaşı Zülfüqar bəy vasitəsi ilə Üzeyir bəyə çatdırılanda bəstəkar böyük narahatlıq keçirir və dərhal məktub yazaraq Ceyhun bəydən təcili ailəsini götürüb Bakıya qayıtmasını təkid edir və onların qayıtması üçün icazə alacağını da vəd edir.

 

Amma Ceyhun bəy fikirləşir ki, sovet hökuməti Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətini ona heç zaman bağışlamayacaq. Üzeyir bəy də qardaşının Azərbaycana qayıtması üçün dəfələrlə əlaqədar təşkilatlara müraciət etməsinə baxmayaraq, istəyinə nail ola bilmirdi. Ceyhun bəyin ağır yaşam tərzi haqqında Zülfüqar bəydən eşitdiyi sözlər onun qəlbini göynədirdi. Üzeyir bəy təsəllisini yalnız ona hər ay müəyyən məbləğ pul göndərməkdə tapırdı.

 

Azərbaycandan xarici dövlətlərə pul göndərmək üçün növbə olduğundan və pulun miqdarına müəyyən meyar qoyulduğundan Üzeyir bəy qardaşına lazım olan məbləği bəzən göndərə bilmirdi. Üzeyir bəy həmin çətinliyi ona məktub vasitəsilə izah edir və yazırdı ki, əgər mümkün olarsa borc götürsün, növbəti ay pul yollayanda ödəyər. Lakin başqasından borc pul almağı özünə sığışdıra bilməyən Ceyhun bəy liseydə oxuyan oğlunun təhsil haqqını ödəyə bilmədiyinə görə uşağı məktəbdən kənarlaşdırırlar.

 

Bundan sonra Ceyhun bəy dostu Əlimərdan bəygilə gəlir. Əlimərdan bəy dostunu sakitləşdirməyə çalışır və tezliklə məsələni həll edəcəyinə söz verərək elə həmin günü - 26 fevral 1932-ci il tarixdə Ceyhun bəy Hacıbəyli oğlunun təhsil aldığı məktəbin direktoruna aşağıdakı məzmunda məktubla müraciət edir:

 

"Çox təəssüf hissi ilə öyrəndim ki, bizim heyətin üzvü Ceyhun bəy Hacıbəylinin oğlu, Sizin rəhbərlik etdiyiniz kollecin şağirdi tədris haqqını ödəmədiyi üçün dərslərdə iştirak etməkdən məhrum olunub.

 

Cənab müdir, sizə məlumdur ki, bu şagird lisey üzrə başqa şagirdlərdən bilik və bacarığına, xüsusilə fransız, ingilis, hətta latın dillərini bildiyinə görə fərqlənir...

 

Çox böyük təəssüf hissi ilə qeyd edim ki, valideynlərinin maddi durumu övladının təhsil haqqını vaxtlı-vaxtında ödəməsinə imkan vermir. Ağır yaşayışlarının əsas səbəbi onların siyasi mühacir həyatı sürdüklərindən irəli gəlir. Hələ onların iqtisadi durumunu qeyd etmirəm.

 

Cəsarətlə üzərimə götürüb, nəzərinizə çatdırıram ki, Sizin liseyin tələbəsinin atası ilk imkandan istifadə edib həmin məbləği ödəyəcək.

 

İndi isə xahiş edirəm, cənab müdir, liseyin şagirdi Hacıbəylini sonuncu dərs ilinə kimi sinifdə əyləşməyə icazə verəsiniz və sonra şərait yaradasınız ki, o öz təhsilini sona qədər başa vursun. Öncədən mən və müstəmləkə altında yaşayan bütün Azərbaycan Sizə dərin təşəkkürünü bildirir".

 

C.Hacıbəyli hələ gənclik illərindən Azərbaycan ədiblərinin əsərlərini fransız, ingilis dillərinə çevirməklə öz yaradıcılığını zənginləşdirmişdir. Arxiv sənədlərindən aydın olur ki, Üzeyir bəyin məşhur "Arşın mal alan" komediyası da məhz Ceyhun bəyin tərcüməsində ilk dəfə olaraq 1925-ci ildə Parisin "Femino" teatrında tamaşaya qoyulmuşdur.

 

1933-cü ilin yanvar-mart aylarında Parisdə nəşr olunmuş "Asiya" jurnalının əlavə xüsusi buraxılışında C.Hacıbəylinin 144 səhifədən ibarət olan "Qarabağ dialekti və folkloru" əsəri dərc edilmişdir.

 

C.Hacıbəyli 1940-cı ildə fars şairi Ə.Firdovsinin həyat və yaradıcılığı haqqında da məqalə yazmışdır. Onun Azərbaycan muğamları və musiqi klassikləri haqqında yazıları da maraqlıdır.

 

İkinci Dünya müharibəsinin ağrıları Ceyhun bəyin ailəsindən də yan keçmir. Üzeyir bəyin hər bir məktubunda xatırlanan və əzizlənən Ceyhun bəyin Bakıda dünyaya gəlmiş oğlu Ceyhun 1937-ci ildə Paris Hərbi Akademiyasını müvəffəqiyyətlə bitirəndən sonra alman faşizminə qarşı vuruşmaq üçün cəbhəyə gedir. Düşmənlə döyüşmək üçün təyyarəsi ilə səmaya qalxan Ceyhun bərabər olmayan vuruşda qəhrəmanlıqla həlak olur. 23 yaşlı oğlunu itirən Ceyhun bəy sarsıntılar keçirir. Bir tərəfdən vətən həsrəti, digər tərəfdən isə oğlunun faciəsi uzun zaman onu rahat buraxmır.

 

C.Hacıbəylinin maraqlı yazılarından biri də "Azərbaycan şairələri" adlı məqaləsidir. Bu yazı təxminən 1950-ci illərdə qələmə alınmışdır. Burada Ceyhun bəy Aşıq Pəri, İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı Xurşud Banu Natəvan, İbrahim xanın qızları "Ağabacı" təxəllüsü ilə yazan Ağabəyim ağa və Gövhər ağanın həyat və yaradıcılığı haqqında fransız oxucularını tanış edir.

 

Azərbaycan ədəbiyyatını, incəsənətini, tarixini yetərincə təbliğ edən Ceyhun bəy Hacıbəyli 1962-ci ildə - əlli il bundan əvvəl Fransada vətən həsrəti ilə gözlərini əbədi yumub Parisin Sen-Kulu qəbiristanlığında torpağa tapşırılıb.

 

Aslan KƏNAN,

Respublika Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin əməkdaşı

“Azərbaycan” qəzeti

Mənbə: https://modern.az/az/news/20841

13 may 2020
GO BACK