1. Yeyib-içməklə oruc batil olar. Bəs siqaret çəkməklə neçə?
Orucu pozan əməllər sırasında qeyd etdik ki, qatı toz və tüstü udmaq olmaz. Siqaret çəkən insanın boğazına qatı tüstü getdiyindən orucu batil hesab olunur.
2. Oruc tutan şəxs ağzının suyunu və bəlqəmi uda bilərmi?
Ağız suyunu (tüpürcəyi) udmaq orucu pozmaz. Başdan və sinədən gələn bəlğəm də əgər ağız boşluğuna daxil olmayıbsa, onu udmağa icazə verilir. Amma bəlğəm ağız boşluğuna daxil olarsa, onu olmaz, mütləq tüpürmək lazımdır.
3. Diş çəkdirməyin oruc tutmağa maneçiliyi varmı?
Əgər dişini çəkdirərkən insan qan, su, yaxud dərman udmazsa, orucu düzgün sayılır.
Qeyd etmək lazımdır ki, orucluq zamanı insanın bədənindən qan çıxmasına səbəb olan bütün əməllər (o cümlədən, diş çəkdirmək) arzu olunmazdır.
4. Xəstələnmiş şəxsin bədəninə iynə vurulsa, orucu pozularmı?
Xeyr, yalnız qidalandırıcı təyinatlı ampulalar vurdurmaq orucu pozar. Müalicə üçün, habelə bədən üzvünü keyitmək məqsədilə vurulan iynələr isə orucu batil etməz.
5. Deyirlər ki, oruc tutan şəxsə çimmək qadağandır. Bu fikir doğrudurmu?
Məlumdur ki, çimmək insanı zəiflədib yorur, bədəni süstləşdirir, bunun nəticəsində bədənin aclığa və susuzluğa qarşı müqaviməti azalır. Buna görə oruc tutan şəxsin çimməsi arzu olunmaz əməl sayılır. Amma çimməklə oruc batil olmaz. Çimən şəxs mütləq diqqətli olmalıdır ki, başını tamamilə suya batırmasın və su damcılarını udmasın.
6. Əgər evdar qadın xörək bişirərkən oruc tutduğunu unudub, xörəyin dadına baxsa, orucu batil olarmı?
Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq nəsə yesə, orucu pozulmaz. Amma yeməyi udmazdan əvvəl oruc tutduğu yadına düşsə, mütləq ağzındakını tüpürməlidir.
Mənbə:https://www.trt.net.tr/azerbaycan/maraq-dunyamiz/2019/05/06/orucu-duzgun-tutmagin-qaydalari-972691