Qadin.NET / Məhəmməd Əmin Rəsulzadə kimdir?

Məhəmməd Əmin Rəsulzadə kimdir?

 

 Məhəmməd Əmin Rəsulzadə (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; d. 31 yanvar 1884, Bakı - ö. 6 mart 1955, Ankara) - Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

Məhəmməd Əmin Rəsulzadə kimdir?

Həyatı

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

 

Babası - Məhəmmədrəsul Rəsulzadə. Üç övladı olub: Ələkbər, Əbdüləziz, Dostuxanım. Məhəmmədrəsulun böyük oğlu Ələkbər Məhəmməd Əmin Rəsulzadənin atasıdır. Digər oğlu Əbdüləzizin üç övladı olub - Məhəmmədəli, Ümbülbanu, Ümgülsüm. Məhəmməd Əmin Rəsulzadə Əbdüləzizin - öz əmisinin böyük qızı - Ümbülbanu ilə evlənib. Ümbülbanu xanımın bacısı isə tanınmış şairə Ümgülsümdür ki, onun da həyat yoldaşı yazıçı Seyid Hüseyn olub. Məhəmmədrəsulun qız övladı olan Dostuxanım isə (M.Ə.Rəsulzadənin bibisi) 1930-cu ildə vəfat edib, onun övladı olmayıb. Məhəmmədrəsulun Novxanıdan başqa, həm də Bakıda - indiki Nizami metrostansiyasının yerində böyük mülkü olub.

Atası - Axund Hacı Molla Ələkbər Rəsulzadə. Novxanı kəndinin çox tanınmış axundu olub. 1926-cı ildə dünyasını dəyişib. Məzarı Novxanı kənd qəbirstanlığındadır. M.Ə.Rəsulzadənin İstanbulda nəşr etdiyi “Yeni Qafqasiya” jurnalının 1927-ci ildəki sayında onun ölümü haqqında məlumat verilib.

Anası - Zal qızı Ziynət rəhmətə gedib. Analığı Maral xanım Məhəmməd Əminə və bacısı Şəhrəbanı xanıma doğma övladları kimi baxıb. Çox alicənab olan Maral xanım 1929-cu ildə Kərbəla ziyarətinə gedib. 1937-ci ildə Qazaxıstana sürgünə göndərilib və orada vəfat edib.

Bacısı - Şəhrəbanu xanım. M.Ə.Rəsulzadənin yeganə bacısı olub. Təqiblər, sıxıntılar onun həyatına 1934-cü ildə son qoyub. Qızı Kübra xanım M.Ə.Rəsulzadənin oğlu Rəsula nişanlanıb. Sonradan Rəsul güllələndiyindən onlar ailə həyatı qura bilməyib.

Həyat yoldaşı - Ümbülbanu Rəsulzadə. M.Ə.Rəsulzadənin həyat yoldaşı olan bu xanım onun əmisi qızı idi. 1888-ci ildə anadan olub. M.Ə.Rəsulzadə onunla 1908-1909-cü illərdə ailə qurub. Ümbülbanu xanım 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq M.Ə.Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib. Oğlu Rəsul güllələndikdən sonra ailəsi ilə birlikdə əvvəl Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonradan isə Taldı-Kurqanda - sovxozda məskunlaşıblar. Oğlu Rəsulun ölümünü unuda bilməyən Ümbülbanu xanımın ağır sürgün həyatında ürəyi partlayıb, 1939-cu ildə dünyasını dəyişib, elə orada da dəfn edilib.

Qızı Lətifə - M.Ə.Rəsulzadənin ilk övladı və böyük qızı olub. 1910-cu ildə anadan olub. 1929-cu ildə əslən Lahıcdan olan Damad Müslümzadə ilə ailə qurub. 1939-cu ildə həyat yoldaşını Müsavat Partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə onu övladları Firuzə və İşvə ilə Qazaxıstana Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Üçüncü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılıb. Lətifə xanımla qızı İşvə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır. Lətifənin Bakıda qalan qızı Sonadan isə heç bir xəbər alınmır. Ehtimala görə, o da xəstəlikdən sağalmayıb və dünyasını dəyişib.

Qızı Xalidə - M.Ə.Rəsulzadənin kiçik qızı Xalidə (1916-cı ildə anadan olub) anasının ölümündən sonra Qazaxıstanda - Taldı-Kurqanda qala bilmir. Həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, sonra buranın nəzarətdə olduğunu hiss edib, Şamaxı istiqamətinə gedir və sonradan ondan heç bir məlumat alınmır.

Oğlu Rəsul - M.Ə.Rəsulzadənin iki oğul övladı olub. Rəsul və Azər. Oğlu Rəsul 1918-ci ildə anadan olub. Texnikumda təhsil alıb. Rəsulun şeir yazmaq istedadı da olub. 1934-cü ildən təqib edilib. 1937-ci ilin iyulun 15-də Novxanıdakı bağlarında həbs olunaraq 19 yaşında güllələnib.

Oğlu Azər - kiçik oğlu Azər M.Ə.Rəsulzadə həbsdə olarkən 1920-ci ildə doğulub. M.Ə.Rəsulzadə Stalin onu Moskvaya apararkən evə gedib, ailəsi ilə görüşə bilib. İki aylıq uşağın adını dəyişib (əvvəl adı Əliheydər olub) Azər qoyub. 1937-ci ildə sürgünə göndərilən Azər 1993-cü ildə Qazaxıstanda - Karaqandada dünyasını dəyişib və Novxanı məzarıstanlığında dəfn edilib.

Nəvəsi Rəis Rəsulzadə - Azər bəyin oğludur. 1946-cı ildə sürgündə - Qazaxıstanın Taldı-Kurqan bölgəsində anadan olub, orta təhslini də orada - Karaqandada alıb. Azərbaycan Respublikasının Əməkdar rəssamıdır. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent olaraq çalışır.

 

 

Həbs edilən qohumları

 

 

1937-ci il hadisələrində M.Ə.Rəsulzadənin nəinki ailəsi, eyni zamanda əksər qohumları da həbs edildi, sürgünə göndərildi. Bacanağı, tanınmış yazıçı Seyid Hüseynə 1937-ci ildə 10 il həbs cəzası verildi, sonradan isə güllələndi. Seyid Hüseynin həyat yoldaşı şairə Ümgülsüm xanım həbs olunaraq 8 il azadlıqdan məhrum edildi, uzaq Mordovaya göndərildi. Övladları Seyid Hüseynin bacısı qızı Səyyarə xanımın himayəsində yaşadı. M.Ə.Rəsulzadənin digər qohumunun - Məhəmməd Əli Rəsuloğlunun da ailəsinin aqibəti acınacaqlı olub. M.Ə.Rəsulzadənin yaxın əqidə dostu olan M.Ə.Rəsuloğlu onun əmisi oğlu və Müsavat Partiyasının qurucusu idi. Özü mühacirətə getdikdən sonra həyat yoldaşı Raziyə xanımı üç övladı ilə birgə Qazaxıstana sürgünə göndərdilər.

 

M.Ə.Rəsulzadə böyük cəhdlə ailəsini xilas etməyə - Türkiyəyə gətirməyə çalışıb. Oğlu Azərin dediyinə görə, hətta bir dəfə (bu təxminən 1925-1926-cı illərdə olub) qatara minib getməyə də hazırlaşıblar. Lakin M.Ə.Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyib və onlar Bakıda qalıblar. 1932-ci ilə qədər isə M.Ə.Rəsulzadə müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb göndərib. Sonradan sərhədlər bağlandığından bu mümkün olmayıb. Bakıda gizli fəaliyyət göstərən müsavatçılar isə imkan daxilində M.Ə.Rəsulzadənin ailəsinə müəyyən köməklik edib.

 

M.Ə.Rəsulzadə ailəsinin sürgünə göndərildiyini və həyat yoldaşının da vəfat etdiyini öyrəndikdən sonra polyak əsilli Vanda xanımla ailə qurub, birgə yaşayıb. Hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Onların bu evlilikdən övladları olmayıb. Vanda xanım 1885-ci ildə Varşavada anadan olub, Varşava Universitetini bitirib. Onun Marşal Pilsudski ilə, eyni zamanda 1930-cu illərdə Polşanın Xarici İşlər Naziri olmuş Beklə qohumluq əlaqəsinin olduğu bildirilir. O, 1974-cü ildə dünyasını dəyişib və Ankara şəhərindəki “Cəbəçi” (Əsri) qəbirstanlığında dəfn edilib.

 

 

 

Siyasi fəaliyyəti

 

 

"Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmiş, 1904-1905-ci illər arası cəmi 6 nömrə buraxmış qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur.

 

 

Qəzet öz nəşrini dayandırdıqdan sonra 1906-cı ilin dekabrından "Təkamül" adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir.

 

 

 

İranda

 

 

1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məhəmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur. O, "İran-nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İran-nou" 2-3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq Demokrat partiyanın orqanı kimi fəaliyyətini bərpa etdi. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə, M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur". İranda həmin il mürtəce "Etidaliyyun" ("Mötədillər") pariyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində "Tənqidi-firqeyi-etidaliyyun" adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca "Səadəti-bəşər" adlı kitabı nəşr olunmuşdur.

 

Türkiyədə

Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula gedir. O, Türkiyə paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusif bəy Akçuralı, Ziya Göyalp və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə "Gənc türklər" təşkilatına rəğbət bəsləmiş, "Türk ocağı" cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal yazarlarından biri olmuşdur.

 

 

Türkiyədə Rəsulzadə hələ İstanbulda onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan "Müsəlman demokratik Müsavat partiyasına" daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir. Bu illərdə M.Ə.Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir.

 

 

 

Bakıya qayıdışı

 

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir.

 

“Hümmət” partiyasının yaradıcılarıyla birgə. Soldan sağa: Məşədi Əzizbəyov, A. Məlikov, Əsədulla Axundov və Məhəmməd Əmin Rəsulzadə

1917-ci ildə fevral burjua inqilabı baş verdi. Həmin ilin martında açıq fəaliyyətə başlamış "Müsavat" partiyasının orqanı "Açıq söz" qəzeti yazırdı:

 

"Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz türklər müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişik".

1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda "Azərbaycan qayəsi" məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. M.Ə.Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq" barəsində təklifini qəbul etdi.

 

Bu dövrdə M.Ə.Rəsulzadə özünün "Cəmaət idarəsi" və "Bizə hansı hökümət faydalıdır?" kitablarını çap etdirmiş, onun Moskva müsəlman qurulutayında etdiyi məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə "Şəkli idarə haqqında iki baxış" adı altında çap olunmuşdur.

 

May ayda M.Ə.Rəsulzadənin redaktorluğu ilə "Qardaş köməyi" jurnalı çap olundu, ancaq jurnalın bircə nömrəsi çıxdı. 1917-ci il iyunun ikinci yarısında "Müsəlman demokratik Müsavat partiyası" ilə "Türk Ədəm Mərkəziyyət partiyası" birləşib, "Türk Ədəm Mərkəziyyət partiyası "Müsavat" adı altında çıxış etməyə başladı.[10] Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstanbulda təşkil olundu.

Məhəmməd Əmin Rəsulzadə kimdir?

1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlandı. Həmin dövr tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.

 

Azərbaycan Xalq Cümhuriyyəti

 

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi:

"Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor".

 

M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində hələ Birinci dünya müharibəsi ərəfəsində "Dirilik" jurnalı səhifələrində qaldırdığı və sonralar 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan "Azərbaycan qayəsindən" söhbət açır. Təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı ki, edilən bütün ədalətsizliklər sona bitsin. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir:

 

"Biz o zaman, bizim üçün ən yaxşı məsələni - Azərbaycan muxariyyətini müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla - Allah yıxsın - siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Buna baxmayaraq "Müsavat" partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır."

Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir.

 

Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan Parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı xatirə oçerkində yazır:

 

"M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə "Müsavat" partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar. Biz öz tərəfimizdə artıq iki partiyaya malik idik. "Müsavat" və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi".[13] 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, "1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanında" qeyd edilib ki, M.Ə.Rəsulzadə BDU-nun Tarixi-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixindən" dərs demişdir.

 

O, burjua xadimi kimi onu damlamağa çalışanlara cavab olaraq yazırdı ki, "Mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar".

 

Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş, lakin geniş oxucu kütləsinə çatdırılmamış "İstiqlal" jurnalında M.Ə.Rəsulzadənin "Azərbaycan Respublikası" adlı əsəri işıq üzü görmüşdür.

 

Rəsulzadə və Stalin

Əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə ilə M.Ə.Rəsulzadənin tanışlığı olmuşdur. İstanbulda çıxan "Dünya" qəzetindəki M.Ə.Rəsulzadənin "Stalin ilə inqilab" adlı silsilə xatirə-məqaləsinə görə hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər, ancaq M.Ə.Rəsulzadə onu ölümdən xilas etmişdir və o, Müsavatçılar tərəfindən Stalinin Bayıl həbsxanasından qaçırılmasının da təşkilatçısı olmuşdur.

 

1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabın ildönümü ilə əlaqədər Bakıda olan İ.V.Stalin Rəsulzadənin həbsdə olduğunu öyrənir. Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad edir. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran M.Ə.Rəsulzadə qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. RSFSR-in Millətlər Komissarlığının orqanı olan "Novıy Vostok" jurnalının 1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, jurnalın 2-ci nömrədə M.Ə.Rəsulzadənin "Qədim İranın kommunistləri" adlı məqaləsi çap olunacaq. Ancaq saydakı xəbərə baxmayaraq, bu məqalə çap edilməmişdir. Məzdəkizm hərəkatından bəhs edən bu məqalə çox yəqin ki, M.Ə.Rəsulzadənin mühacirətə getməsi ilə izah etmək olar. M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin xatirə yazısında öz əksini tapmışdır. O yazır:

 

"Müsavat" partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M. Ə. Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərmək surətilə M. Ə. Rəsulzadə ilə təmasda olmuşlar. Məhəmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir.

 

 

Ədəbi fəaliyyəti

M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, "Müxəmməs" adlı ilk əsəri "Şərqi Rus" qəzetində çap olunmuşdur. Ə.Rəsulzadənin Əli bəy Hüseynzadənin redaktor olduğu Fyuzat, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. Müəyyən müddət o "İrşad" qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun "Türk-rus və rus-türk lüğəti" kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun "Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)" kitabını Azərbaycan dilinə təcümə edib və "Təkamül" qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir.

 

1908-ci il dekabrın 5-də Məhəmməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə "Azərbaycana muxtariyyət" şüarı fikrini yaymağa başlamışdır. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı "Nagəhan bəla" adlı pyesi də vardır.

 

M.Ə.Rəsulzadə Türkiyədə olarkən "Yeni lisançılar və türkçülər" məqaləsini, Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil - ictimai bir əməldir" yazısını "Şəlalə" jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan türkcəsini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.

 

Bundan başqa, o proletar ədibi M.Qorkinin "Ana" əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərçümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əliabbas Müznibin redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan "Dirilik"-in birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin "Dirilik nədir?" adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifələrində çap etdirdiyi "Milli dirilik" başlığı altındakı baş məqalələrdə "Azərbaycan qayəsini" yayırdı. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş ""Müsavat" partiyası keçmişdə və bu gün" adlı kitabında yazır ki, guya "1917-ci ilə qədər Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü". Bu fikir özü-özülüyündə yanlış idi. Çünki Rəsulzadə 1911-ci ildə İstanbulda "Türk yurdu" jurnalında çap etdirdiyi "İran türkləri" məqaləsində Azərbaycan anlayışının həmçinin Qafqaz hissəsinə də aid olmasını qeyd etmişdir.

 

Onun "MAR", "MAR-zadə", "M.R-zadə" "Haman", "Sosialist" və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur.

 

 

 

Mühacirət dövrü

 

1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya, oradan da Türkiyəyə gəlir.

 

1923-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti" kitabı çap edilir. "Əsrimizin Səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir. 1923-27-ci illərdə onun redaktorluğu ilə İstanbulda "Yeni Qafqasya" jurnalı nəşrə başlayır, ancaq Moskvanın tələbi ilə kamalist hökümət jurnalı bağlayır və Rəsulzadə Avropaya getməyə məcbur olur, Varşava və Berlində yaşayır.

 

M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930) jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş" (1934-1938) jurnalı çap edilirdi.

 

1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan "Azərbaycan respublikası haqqında bəzi qeydlər" adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı" kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş "İslam-türk ensiklopediyasının" 1-ci cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi çap edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kültür kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. Onun "Çağdaş Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi" (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.

 

 

Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan "Ukrayna" toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində "Azərbaycan respublikası" məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan Britaniya ensiklopediyasında "Müsavat partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid" məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan Türk ensiklopediyasında Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, "Türk tarix qurumu" və "Türk dili qurumu" ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında silsilə məqalələri yerləşdirilmişdir. Təkcə buradan M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığına bələd olmaq olar. O, İkinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan "Qafqaz" (1932-1938) və fransızca buraxılan "Prometey" (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan "Məhəmməd Əmin Rəsulzadə", "Yalvac oğlu", "Məhəmməd Əmin", "M. Əlif Rəsulzadə" və s. qeyd etmək olar.

 

 

 

Vəfatı və vəfatından sonra

 

 

 

Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-sində saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyi xəbərini təəssüflə bütün dünyaya yaydı. Martın 8-də Ankaranın Hacı Bayram məscidində M.Ə.Rəsulzadənin dostları onun tabutu başında fəxri qarovulda dayandılar. Ankara şəhər valisi Kamal Aygün də başsağlığı verməyə gəlmişdi. Bundan əlavə cənazənin önündə “Azərbaycan Kültür Dərnəyi”, “Yardımlaşma Dərnəyi”, “Milli Kitabxana”, “Türk Kitabxanaçılar Dərnəyi”, “Qarslı Yüksək Tələbələrə Yardım Dərnəyi”, “Qəzetəçilər Cəmiyyəti” təmsilçiləri, İdil-Ural və Krım türklərinin, polşalıların nümayəndələri vardı. Cənazə zamanı Əbdülvahab Yurdsevər, Əhməd Cəfəroğlunun, Mirzə Bala Məmmədzadə, Həmdulla Sübhi Tanrıövərin, Sədri Məqsudi, Cəfər Seyidəhməd Krımər, Abdulla Battal Taymas, Zəki Vəlidi Toğan kimi görkəmli şəxslər də çıxış etdilər. M.Ə.Rəsulzadə Ankarada, Əsri qəbirstanlığında dəfn edilmişdir. Vəfatı ilə bağlı Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlara misal olaraq Türkiyədə nəşr edilən “Dünya”, “Birlik”, İranda çap olunan “Aram”, “İrani-Nov” qəzetləri, Almaniyada yayımlanan “Azadlıq” radiosunu göstərmək olar. Bunlardan ən maraqlısı S.H.Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, M.Ə.Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və bununla da öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə "Sühən" jurnalında yazırdı: "Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir".

 

 

1978-ci ildə Ankarada M.Ə.Rəsulzadənin "Milli təsanüd" ("Milli həmrəylik") adlı kitabı nəşr olunmuşdur. 1985-ci ildə Oksfordda M.Ə.Rəsulzadənin "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" adlı kitabı ingilis dilində ön sözlə, rus dilində ikinci dəfə çap edilmişdir. M.Ə.Rəsulzadənin 1989-cu ildə "Əsrimizin Səyavuşu" və 1990-cı ildə isə "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti" adlı kitabları Ankarada yenidən işıq üzü görmüşdür. 1993-cü ildə Türkiyə Respublikasında tikilmiş məktəbə (Mehmet Emin Resülzade Anadolu Lisesi) adı verilmişdir.

 

Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə Azərbaycan Respublikasının 2-ci Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" 24 dekabr 1992-ci il tarixli, 254 nömrəli Sərəncamı imzalamışdır.

 

Azərbaycan Respublikası Nazirlər Kabineti "Bakı şəhərində M.Ə.Rəsulzadənin abidəsinin ucaldılması haqqında" 26 saylı, 13 yanvar 1993 tarixli qərar qəbul etmişdir.

 

Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" 29 dekabr 1993-cü il tarixli, 79 nömrəli Fərmanı imzalamışdır.

 

Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyev "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22 noyabr 2013-cü il tarixli sərəncam imzalamışdır.

 

Cebeci Asri Mezarlığı qəbirstanlığında M.Ə.Rəsulzadənin qəbirin üstündə, Ankara bələdiyyəsi tərəfindən, memorial ucadılmışdır. Memorialın yanında Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin bayraqları dalğalanır.

 

Mənbə: http://www.islamazeri.com/kimkimdir/mehemmed-min-resulzade-kimdir--36324.html

31 yanvar 2020
GO BACK