Mətbəximizin hər zaman gözəl və səliqəli görünməsini istəyirik. Mətbəxdə ən çox işlənən və ən çox yer tutan sellofanlardır. Bazarlıqdan gəldiyimiz zaman qoyulan ərzaqların sellofanlarını atmaq istəmirik, çünki onlar həmişə lazım olur. Bu dəfə xanımlarımıza sellofanlar üçün torbanın tikilməsi qaydasını göstərəcəyəm. Bunun üçün köhnə şalvarların ətəyi, kişi köynəklərinin qolundan da istifadə edə bilərsiniz, mütləq deyil ki, təzə parça olsun.
Bizə lazım olanlar:
Qayçı
Parça
Rezin
Sancaq
İynə
Sap
Əvvəlcə parçanı istədiyimiz uzunluq və endə ikiqat qatlayırıq və kəsirik. Köynəyin qoludursa, düymə yerini kəsib çıxarırsınız.
İki kənarını uzununa əllə, ya da maşınla tikirik.
Sonra baş hissəsini, yəni boğazını qatlayıb tikirik ki, həm ipləri çıxmasın, həm də rezin keçirməyə yer olsun. Tikərkən rezinin enini nəzərə alın və rezini sancaqla salmağa yer saxlayın.
İçərisi boş torba kimi iki tərəfli açıq olur.
Rezindən biri təxminən əl barmaqlarının ucunun girəcəyi boyda, ikincisi ondan iri - əliniz girən boyda kəsib, balacanı bir tərəfinə, böyüyü o biri tərəfinə keçirin.
Şəkildəki formada alınmalıdır.
İri rezin olan tərəfdən asmağa asqı ipi tikin.
Mətbəxdən asın və yuxarıdan bütün sellofanları içinə yığın.
Lazım olanda aşağıdakı balaca yerdən dartıb götürün.
Həm rahat, həm də səliqəli görünür.
Siz də sınayın, çox yararlıdır.