Evimizdə şərf, paltar və s. müxtəlif geyimləriniz zədələnib, ya da istifadə etmirsinizsə, uşaqlarımıza sadə çorab hazırlaya bilərik. Düzdür, kimlərəsə sadə görünə bilər, amma evdar xanımlar bunu etməklə hər şeyi atmağa yox, dəyərli bir əşyaya çevirə bilərlər.
Corabı hazırlamaq üçün bizə lazım olacaq:
Qayçı
Köhnə qalın parça (yun və ya dartılan)
İynə
Sap
Corab
Rezin
Sancaq
Hazırlanması:
Əvvəlcə parçanı ikiqat edib üzərinə başqa bir corab tayını səririk. Həmin corabdan 1-2 barmaq qırağa hər tərəfdən yer qoyub nişanlayıb kəsirik.
Sonra boğaz yerindən başqa hər tərəfini maşın, yaxud əl ilə tikirik. Onun boğaz ölçüsündən uzunluğu bir barmaq enində artıq və darlığı 2 barmaq enində həmin parçadan kəsirik.
Həmin dar parçanı boğazına düz üzündən qoyub tikirik.
Yenidən içəri qatlayıb tikirik ki, həm iplənməsin, həm də rezini salmağa yer olsun.
Boğazından bir az balaca uşağın ayağın sıxmayacaq qədər rezindən iki pay kəsirik və sancaqla həmin tikdiyimiz boğazlığa keçiririk.
Və çıxardaraq bu tərəfdən üst-üstə bir az qoyub tikirik. Düyün atmaq olmaz, yoxsa uşağın ayağını incidər.
Tərs üzündən burun hissəsini tikişləri üz-üzə qoyub ucunu tikirik.
Və tikişə yaxın dərəcədə kəsirik, şəkildəki formada.
Corablarımız hazırdır.