Yəqin ki, hər birimizin qısa müddətə də olsa evimizdən ayrı düşdüyümüz vaxtlar olur.Bunlardan ən maraqlısı isə təbii ki,səyahətə çıxmaqdır.
İstər dəniz sahilinə,istər təbiətin qoynuna,istər istirahət zonalarına,istərsə də qohum-əqrabalarımızın yanına gedək fərqi,yoxdur.
Əsas məsələ evdən uzaqlaşmaq və evi rahat buraxmaqdır.
Bəli,bəli,rahat buraxmaq...İnanın,siz yorulduğunuz kimi eviniz də yorulur.Sizin istirahətə ehtiyacınız olduğu kimi onun da istirahətə ehtiyacı olur.
Hər gün heç düşünmədən dəfələrlə açıb-bağladığınız,hətta bəzən kiminsə üzünə çırpdığınız qapılar da,onun kimi evdəki əşyalarınız da "istirahət etmək" istəyirlər.
Bəlkə də xalçalar ayaqlarınızın altında əzilməməyi,iş stolunuz,kreslonuz gündəlik "qayğılardan" xilas olmağı sizdən daha çox arzu edirlər.
Bir də siz bu və ya başqa səbəblə evdən çıxarkən evinizin arxanızca necə "ah" çəkdiyini necə eşidə bilərsiniz axı?
Bir həftə,on gün,bir ay boşqablarınız,çəngəlləriniz,stəkanlarınız,nəlbəkiləriniz rəfdə gözləyir.Əgər uzunmüddətli bir səfərə çıxmısınızsa,soyuducunuz da "istirahətə çəkilir".
Oxuduğunuz sonuncu kitab,evdən çıxarkən çıxardığınız ev ayaqqabıları elə qoyduğunuz yerdə də durur. Və inanın,onlar bu vəziyyətlərindən çox razıdırlar.
Evinizin kifayət qədər" istərahət etməsi" üçün evdən çıxmazdan əvvəl təmizləmək çox vacib bir şərtdir.Kimisi bunu ev istirahət etsin deyə yox,qayıdarkən evini təmiz görmək üçün edir.
Kimisi də sadəcə olaraq "Yola çıxıram,başıma bir iş gəlsə,evimi kirli-paslı görməsinlər",deyir.
Hətta belə vaxtlarda evdə uzun müddət təmizlik üzü görməyən yerlər də "təmizə çıxır".Ancaq nə olursa,olsun nəticə gözəldir.
Çünki,evi təmizləyirsiniz və bilirsiniz ki,bir neçə günlüyə də olsa heç kim ev-eşiyi tökməyəcək,qab-qaşığı bulaşdırmayacaq.Üstəlik,bu, hər gün ev təmizləyən,ancaq yenə də "təmizə çıxa bilməyən" uşaqlı analar üçün də xoş bir xəyaldır.
Mövzudan kənara çıxmayaq.Evin hər tərəfini təmizlədiniz,pəncərələri,qapıları bağlayıb getdiniz.Gəzdiniz,gördünüz,yediniz,içdiniz.Və nəhayət "yolçu yolunda gərək" deyib evinizə üz tutdunuz.İndi qapını açıb özünüzü evə salanda nələr hiss etdiyinizi düşünün.Evinizi belə rahat görmək xoşunuza gəldi,deyilmi? Əminəm ki,ağzınızdan ilk çıxan söz də "Hər kəsin öz evi..." oldu.
Nə qədər çox istirahət etsəniz də,nə qədər çox qonaqpərvərlik görsəniz də əsl rahatlığı öz evinizdə hiss etdiniz.Çaydanı ocağa qoydunuz.Ev ayaqqabılarınızı ayağınıza geydiniz və bütün süvinciniz,kədərinizlə evinizə qayıtdınız.Xoş gəldiniz.Elə eviniz də sizin üçün darıxmışdı...