Evinizə qonaq dəvət etdikdə mətbəxdən gələn gözəl qoxular qədər süfrənin gözəl olması da çox əhəmiyyətlidir. Qonaqlara müsbət təsir edəcək və eyni zamanda evinizi də qəşəng göstərəcək yemək masası təşkil edə bilərsiniz.
Səliqəli masa,təmiz və ütülü süfrə, bunları tamamlayacaq parça salfetlər nə qədər qəşəng və göz oxşayan olsa, demək, masanın bəzənməsində ən əsas iş görülmüşdür.
Süfrənin rəngi:
Yemək masanızı bəzəməyə başlamazdan əvvəl ən azı iki rəngin üstünlüyünə fikir verin.Bu rənglərə uyğun bəzəməyiniz həm işinizi sürətləndirər, həm də masanız göz oxşayar.
Yemək dəstləri:
Təmiz, bir-birini tamamlayan və süfrəyə yaraşıq verən yemək dəstindən istifadə etməyiniz yaxşıdır. Belə ki, masadakı bütün əşyalar bir-biri ilə uyğunlaşsa, daha gözəl görünər.
Ən ideal süfrə açıq rənglərin hakim olduğu, şorba kasasından çay qaşığına qədər bütünlük yaradan, gözəl yemək dəstləri olan və çəngəllərin doğru düzülməsinə diqqət göstərəcəyiniz süfrədir. Masaya lüks görünüş verən rəng və vəsaitlər əsas rol oynayır. Gümüş şamdanlar, büllur stəkanlar, farfor kasalar, əl işləməli salfetlər, zərli süfrə örtükləri və qızılı aksesuarlardan istifadə edilə bilər.
Səmimi yemək yığıncaqları:
Rəngli yemək dəstləri, şəkilli süfrə, həndəsi naxışlar, əyləncəli fiqurlar və xoşunuza gələn çiçəklərdən bu masada istifadə edilə bilər. Fərqli rəng və naxışları bir araya gətirə bilərsiniz. Vəsait və rəng uyğunlaşmasını diqqətə alsanız, kifayətdir.
Əlamətdar günləri qeyd etmək üçün qurulan yemək masası:
Qeyd etmə səbəbindən asılı olaraq çiçəklər, şamlar və əlamətdar günə uyğun bəzəklər seçiləcək. Yeni il süfrəsi üçün kiçik şamlar, qırmızı süfrə, nişan yeməyi üçün ürəkli salfetlər, güllər, ya da ad günü üçün rəngarəng salfetlər və tavandan asılan kağız fənərlər ən uyğun seçimdir.
Sonda bütün xanımlarımıza yalnız xoş günlər üçün süfrə hazırlamağı arzu edirəm. Süfrəniz həmişə bərəkətli olsun.Amin!