Qadin.NET / Yavaş-yavaş sevdim səni (şeir)

Yavaş-yavaş sevdim səni (şeir)

Yavaş-yavaş sevdim səni (şeir)

Yavaş-yavaş sevdim səni,

Hər gün bir az da sevdim.

Ən çox bu qış sevdim səni,

Qarda, ayazda sevdim.

 

Gör bir nə tez isinişdik

Havalar soyuyanda.

Adamlar qalın geyinib,

Ağaclar soyunanda.

 

Qar altından baş qaldıran

Çiçəktək sevdim səni.

İstisinə qızındığım

Ocaqtək sevdim səni.

 

Hələ bu cür sevməmişdim

Ömrüm boyu heç kimi.

Səni sevdim qar üstündə

Yem axtaran quş kimi.

 

Qorxa-qorxa bu sübh çağı

Nə baxırsan göyə sən?

Deyirsən ki, günəş çıxıb,

Qar əriyir deyəsən…

 

Ramiz Rövşən

17 dekabr 2019
GO BACK