Bu ilğımdı - üzü gülər.
Boş vədələr yordu məni.
Yüzü ağlar, yüzü gülər
Xatirələr yordu məni.
Dadı, duzu - doyulmazdı,
İşıq kimi yuyulmazdı,
Duyğu kimi duyulmazdı,
Şirin dillər yordu məni.
Qarlı zirvə, yaxan mənəm,
Öz başıma yağan mənəm.
Qılınc mənəm, qalxan mənəm,
Xatirələr yordu məni.
Qayanın hər üzü qaya,
Qayadan baxmadım aya.
Həsrətim həsrət o taya,
Aylar, illər yordu məni.
Sən bu səmtə yön görmədin,
Kor da gördü, sən görmədin,
Ha yol getdim, son görmədim,
Xatirələr yordu məni.
M.Araz