Bəsdir, ey oğul, boş yerə bu elmə çalışma,
Qanun tələf oldu!
Gündüz, gecə səy eyləyibən dərsə alışma,
Canın tələf oldu!
Bu şəhrdə şoxdur, görürəm, elm oxuyanlar,
Onlar nə tapıblar?
Divanədilər malını bu yolda qoyanlar
Guya ki, yatıblar.
Çoxdur zərərli adəm üçün elm oxumağın,
Sən say və deyim mən:
Əvvəl bu ki, məktəbdə olur təlx damağın,
Ey dideyi- rövşən!
Bir də gözünün nuru gedib kur olacaqsan,
Canın da sağ olmaz;
Rəngin saralıb axılı rəncir olacaqsan,
Bağrında yağ olmaz .
Axılda, tutaq, ölməyib onversətə getdin,
Qurtardın özünə də;
İnsaf ilə söylə, bu işi yaxşımı etdin?
Bir dur bu sözündə!
Sən də deyəcəksən sasalım, ya ki, demoqrat”,
Bilməm necə dersiz;
Xəlqin evini yıxdı çıxıb bir neçə bədzat,
Ax, ax, a beyinsiz!
Hər bir gədə bir az oxuyub adım olubdur,
Zakonu bəyənməz;
Çoban-çoluq oğlu bəy ilə bahəm olubdur,
Hamunu bəyənməz;
Gahi şaha bir tənə vurar, gah vəzirə,
Bax, bax, səni tarı!
Gahi ocağa şəkk eliyər, gahi də pirə,
Kafir olu barı.
Bundan sora qıl tövbə dəxi, məktəbə getmə,
Bircə usan, oğlum!
Ta baxma müəllim sözünə, ta əməl etmə,
Axır utan, oğlum!
Çıx dağa, daşa, yol kəsibən qarətə baçla,
Axırda qaçaq ol;
Sal bir beşatan boynuna, bu adətə başla;
Həmmali- yaraq ol,
Xəlqə dadanaq ol,
Hər işdə sayaq ol,
Var cana ziyanı-
Qeyrətdən uzaq ol!..
Mirzə Ələkbər Sabir