Həyatımın tacı idi
Qara gözlü cavanlığım.
Eşq, məhəbbət acı idi
Qara gözlü cavanlığım.
Ürək kimi döyünərdi,
Nə bir qəmi, nə bir dərdi,
Çox illərə sinə gərdi,
Durdu, dözdü cavanlığım.
Ömrü çiçək qədər oldu,
Sevinc oldu, kədər oldu.
Neçin gəldi-gedər oldu,
Kimdən küsdü cavanlığım?..
Arzulara adlayardı,
Qönçə kimi çatlayardı,
Gözəlləri odlayardı,
Qaynar, isti cavanlığım.
Təbiətin nemətiydi,
Sevgilərin məbədiydi,
Sanardım ki, əbədidi,
Tükənməzdi cavanlığım…
Cabir Novruz