Sülh, müharibə, ədalət və zülm haqqında
Atəşi üfürsən alışıb yanar,
Onu suya bassan, sönər aşikar.
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!
Ədalətin müjdəsi bu dünyanı şad eylər,
Ədələtin işidir-ölkəni abad eylər.
Səadət qapısını açmağa yaranmısan,
Sanma sitəm dalınca qaçmağa yaranmısan.
Hökmdar olmusan ki, yetişəsən haraya,
Daim məlhəm qoyasan hər sızlayan yaraya.
Məzlumlar güvənirlər şöhrətinə, adına,
Sən də yetiş onların köməyinə, dadına.
Barış zamanında döyüş başlayan,
Heç ağıllı adam sayılmaz, inan.
Çox da acıqlanma bərk savaş olar,
Torpaq bərkidikcə dönüb daş olar.
Haqq sözü eşitmək istəməyənlər,
Ağlını itirib öləcək hədər.
Nə üçün bir qarın çörəkçi yalnız,
Çəkişək, vuruşaq belə amansız!
Kin ilə, sülh ilə sınanmış cahan,
Sülhündən xeyr olmnuş, kinindən ziyan.
Qoyma qanla yusun şahlar dünyanı,
Qoy alovlanmasın dünyanın qanı.
Döyüşdən yaxşıdır barışıq şəfqət,
Biri dərd gətirir, biri səadət.
Madam ki, sülh ilə göyərər dilək,
Döyüşə at çapmaq daha nə gərək?
Qrdaşın qanını alma qardaşdan,
Tamam ayrı şeydir çünki südlə qan.
Zatı pis olanı heç yüksəltmə sən,
Qurdu bəsləməkdən ziyan çəkərsən.
Həyasız adama qarşı sərt rəftar
Yumşaq davranmaqdan faydalı olar.
Zülmü birdəfəlik eylə sən kənar,
Çünki zülmkarlıq ömrü azaldar.
Elə dünyapərəst olmayaq gərək
Ki, öz süfrəmizi qanla bəzəyək.
Bir yerdə insafdan olmasa nişan.
Quruyar istidən, çürüyər sudan.
Çəkinək zülmdən, sitəmi atq,
Ədl ilə mümkündür bundan qurtarmaq.
Zülmün ayininə birdən çək qələm
Ki, xalqın qəlbindən silinsin aləm...
Ədalət mülkündən kim üz çevirsə,
Ona aqil deməz ağıllı kimsə.
Dünyanı namunsla olur saxlamaq,
Onunlar ucalır dövlət və bayraq.
Qan ilə islanmış zülmkar başdan,
Şübhə yox, yaxşıdır başsız bir insan.