Qadin.NET / "Mənim dilim" Xəlil Rza Ulutürk

"Mənim dilim" Xəlil Rza Ulutürk

 

Mənim Dilim

"Mənim dilim" Xəlil Rza Ulutürk

Layla dedim yatasan,

Qızılgülə batasan...

-Hardan gəlir bu səs-səda?

Bəlkə illər arxasında

layla çalır gəlin ana?

Dörd qulac ip

Bir yüyrüyü bənd eləmiş kəhkəşana.

Layla çalır gəlin ana,

Yelləndikcə kiçik yüyrük

Gedib dəyir bu ulduzdan o ulduza.

Layla axır… Çocuq baxır,

Bəs nə üçün mürgüləmir?

Bayaq ana südü əmib

İndi ana ruhu əmir.

İllər ötdü yaşa doldum.

Anladım ki, ana dilim,

Ürəyimdən çıxmaz mənim!

Anladım ki, sinəmdəki sözlər deyil,

Babaların nəfəsidir.

Dizlərimə taqət, qüvvət,

Gözlərimə işıq verən,

Çənlibeldə at oynadıb,

Şimşəklərlə qoşa gedən

İgidlərin nərəsidir.

Bu dildədir yüz abidə, min abidə,

Xilafəti parçalayan Babəkimin qəzəbi də.

Məhv olarsa bir gün bu dil,

Göygöl onda Göygöl deyil,

Qoşqar onda Qoşqar deyil.

Öz dilini sən qala bil!

Qərbə, Şərqə işıq saçan

Füzulini sən qala bil!

Sağdır dilim,

Demək, sağdır milyard yaşlı məmləkətim.

Yüz hədəfə tuş etmişəm

Sabirin hər sətrini mən

Salxım-salxım nuş etmişəm

Şəhdini mən, ətrini mən.

Zamandan zamana, əsrdən əsrə

Vuruşla yol gələn davalı dilim,

Babək qılıncının davamı dilim!

Kim qoruya bilməyirsə öz yurdunu- yuvasını,

Udmasın yurd havasını.

Kim qorumur öz dilini ,

İtsin mənim gözümdən qoy ilim-ilim!

O sahili bu sahillə birləşdirən

Polad körpüm, qılıncımdır,

Günəşimdir mənim dilim!!!

 

Xəlil Rza Ulutürk

13 noyabr 2019
GO BACK