Qadin.NET / Bəxtiyar Vahabzadənin şeirləri

Bəxtiyar Vahabzadənin şeirləri

 

Heyif

 

Heyif o gözlərə o baxışlara,

Özgə birisinə baxacaq həmən.

Heyif o ilahi qövsi qaşlara,

Sınacaq kədərli düşüncələrdən.

 

Heyif o alovlu ötən çaglara,

Uçan yad budağa tez qonacaqdır.

Heyif gülə bənzər o dodaqlara,

Özgə bir dodağa toxunacaqdır.

 

Gülüm heyif sənə, yazıqlar mənə,

Qoruya bilmədim məhəbbətimi.

Özüm bilə-bilə verirem yenə,

Özgə birisinə səadətimi...

Bəxtiyar Vahabzadənin şeirləri

 

Mənim dostlarım

 

Mən öz çarpayımın baş tərəfindən

Asmışam dostlarla birgə şəklimi

Seyr edib həsrətlə hər gün onları

Çırpınır, çırpınır könlüm quş kimi

 

Məni qınamayın, bu sadə şəkil

Bu evdə hər şeydən əzizdir mənə.

Hər ona baxınca qonaq gedirəm

Ömrümün ən əziz, xoş illərinə.

 

Sevimli, mehriban müəllimlərim

Odur, sıra ilə başda düzülmüş.

Kimisi zilləmiş baxışlarını

Kimisi bir azca qımışıb gülmüş.

 

Oturmuş dostlarım, dərs yoldaşlarım

Aşağı cərgədə budur yan-yana.

Onlara baxdıqca düşünürəm mən

Böyük bir aləmdir bu hal duyana.

 

Bəli, bu qayğısız, bu şən uşaqlar

Bir vaxt bir sinifdə oxuyardılar.

Eşqi, həvəsləri, arzuları bir

Hər şeyi bir görüb, bir duyardılar.

 

İndi səpələnmiş onlar hər biri

Geniş vətənimin bir guşəsinə.

Arzular, diləklər başqalaşsa da

Bir məqsədə gedir hamısı yenə.

 

Hərdən görüşəndə yoldaşlarımla

Məktəb illərini yad edirik biz.

Bu ani söhbətdə məktəb zənginin

Yeknəsək səsini eşidirik biz.

 

Mənim ən mehriban can sirdaşımdı

Bax, bu qıraqdakı, bu nazik oğlan.

Həmişə bir yerdə hazırlaşardıq.

Qardaş bilərdilər bizi çox zaman.

 

Yamanca sevərdi o təbiəti

Yaylarda dağlardı onun məskəni.

İndi aqronomdur uzaq bir kənddə

Hərdənbir məktubla yad edir məni.

 

Bu isə çevikdi, çox diribaşdı.

İdman oynamaqdı onun peşəsi.

Könüllü orduya yazıldı axır.

Gəldi döyüşlərdən bir zaman səsi.

 

Bu isə, bu isə bütün ölkədə

İndi ən tanınmış bir bəstəkardır.

Şirin nəğmələri dillər əzbəri

Ölkəmizdə böyük şöhrəti vardır.

 

Ey mənim dostlarım, dəyişmiş bütün

Əvvəlki hissimiz, əqlimiz artıq

Dünən hər şey üstə küsən, barışan,

Uşaqlar deyilik indi biz artıq.

 

İndi siz nə qədər ucalsanız da

Mən demirəm hər gün, barı bir kərə

Baxınız, baxınız bu şəkildəki

Başınız üstdəki müəllimlərə.

 

Bizdən çox ucadır onların yeri

Dostlarım, nə qədər ucalsaq da biz.

Hər zaman onların şagirdləriyik

Sabah onlar kimi qocalsaq da biz.

 

Bəxtiyar Vahabzadə

29 oktyabr 2019
GO BACK