Qadin.NET / "Arzudan O Yana" və "Mənə İnanmırsan" şeirləri

"Arzudan O Yana" və "Mənə İnanmırsan" şeirləri

 

ARZUDAN O YANA

"Arzudan O Yana" və "Mənə İnanmırsan" şeirləri

Əllərin əlimə dəyməyəydi kaş,

Saçların üzümə toxunmayaydı.

Gərək, əvvəlki tək sən, ürəyi daş,

Elə əvvəlki tək saymaz olaydın...

 

Bu istilik hardan, san ki, buz idin,

Qəlbimdən sən niyə ovcuma düşdün...

Sən, mənə əlçatmaz bir ulduz idin,

Göylərdən qolumun üstünə düşdün.

 

Bu da vüsal günü... Yox sevinmirəm,

İndi darıxıram, bəs nələr üçün?

Mənmi bu zirvəyə çıxdım, bilmirəm,

Yoxsa sən darıxdın dərələr üçün...

 

Dünənə yol yoxdur zaman apardı,

Təəssüf zamana çatarmı görən?

Daha sənə gələn yollar qurtardı,

Arzudan o yana yol varmı deyə.

 

Ötən günlərimə bir ümman dedim,

Boşalıb ürəyim, dolmur ki, dolmur.

Sahilə çatmışam, haraya gedim?

Dənizə məqsədsiz qayıtmaq olmur...

 

MƏNƏ İNANMIRSAN

 

Mənə inanmırsan bir yuxu kimi,

Qəlbində şübhələr, ehyamlar

oyaq.

Yox, mən istəmirəm

bir çoxu kimi

Yaşayaq bu sayaq,

Ölək bu sayaq...

Niyə baxışların üşüdür məni;

Qəlbin ki qəlbimdə qızınmaq istər.

Nə sevgi yenidir,

Nə nifrət yeni;

Elə tərəddüd də köhnədir,

yetər!...

Bəlkə də adıma çox söz deyirlər,

İstəsən inanma,

İstəsən inan...

Ayıq ol...

Adama çox söz deyərlər

Gör hansı doğrudur,

Gör hansı yalan.

Yaxın gəl,

Oduna gir bu ürəyin,

Sevənlər payıza, qışa bürünməz.

Əsl çiçəklərlə kağız çiçəyin

Uzaqdan baxmaqla fərqi

bilinməz...

Hərdən zəng edirsən,...

Susursan niyə ?

Sənin sükutun da tanışdır mənə.

Bir də zəng edirsən hirslənim

deyə,

Dəstəyi çırpıram əsəblərmə...

Bir dəstək gülüşlü,

Biri əsəbi.

Başlayır telefon oynu sonra.

Bilirəm susmağın nədir səbəbi;

Ox atıb gizlətmə yayını sonra...

Mənə inanmırsan bir yuxu kimi,

Qəlbində şübhələr, ehyamlar

oyaq,

Yox, mən istəmirəm bir çoxu kimi

Yaşayaq bu sayaq,

Ölək bu sayaq.

 

 

Nüsrət Kəsəmənli

 

5 oktyabr 2019
GO BACK