Yenə varlığıma od düşdü bu dəm,
Yenə dostum deyə saxtalanırsan.
Məgər bürüyəndə ürəyimi qəm
Səndəmi alışıb qəmə yanırsan?
Niyə saxtalıqla doludur, niyə?
Sözlərin qiyməti ucuzlaşıbdır.
Hardasa bir işin düzəlsin deyə,
Bəlkə sədaqətin aşıb-daşıbdır.
Nəsimi qəlbindən keçəni dedi
Ölmlə üzbəüz dayananda da.
Bəs sənin məramın, məqsədin nədir
Özünə yalançı dost tuta-tuta?
Dilində o qədər yalan bitib ki,
Düzün də yalana bükülür sənin.
Yalanlar o qədər var-gəl edib ki,
Mənəvi varlığın sökülür sənin.
Demə dost sözünü, gətirmə dilə,
Toxunma kövrəlmiş simlərə barı.
Çoxuna dediyin bu sözlər ilə
Nahaqdan üz tutma sən mənə sarı.
Cən mənə dost demə, qoy ürək desin
Bu dostluq bir zərrə əgər var isə.
Belə boş-boşuna ucalan səsin
Dara düşən kimi alçalır nəsə.
Dostluq elə şirin nemətdir, bil,
Ona acı qatan batar günaha.
Dostluq sənin üçün oyuncaq deyil,
Onu alçaltmaqdan əl götür daha.