Çoxdan barışmısan həqiqətlə sən
Mən səni xəyala bürüyəcəyəm.
Aldana-aldana sevəcəyəm mən
Həsrətin üstünə yürüyəcəyəm.
Xəyalda yaşadıb məhəbbətimi
Mən ondan əlimi üzməyəcəyəm.
Bir gün itirdiyim səadətimi
Taledən xəbərsiz gözləyəcəyəm.
Hamıdan gizlincə çıxıb yollara
Yenə tənhalıqdan sıxılacagam.
Göynəyə-göynəyə baxıb yollara
Sonra bir bayatı çağıracağam.
Payız harayında, durna köçündə
Duman gizlədəcək yollarda səni.
Tumurcuq-tumurcuq ümid içində
Durub gözləyəcəm baharda səni.