Qadin.NET / Tək çiçək (şeir)

Tək çiçək (şeir)

 

Tək çiçək (şeir)

Sən bir gülüstanın tənha çiçəyi,

Heç kəsə bənzəmir ətrin, rayihən.

Sən tənha çiçəyin tənha ləçəyi,

Sən mənim gözümdə tənhasan, təksən.

 

Sənin dərdlərin də fərqli hamıdan,

Dərdinin-sərinin öz ahəngi var.

Sənin üfüqündə tez sökülüb dan,

Sənin göylərinin yeddi rəngi var.

 

Bir həsrət yükünü alıb çiyninə,

Dərələr keçmisən, dağlar aşmısan.

Böhtanlar, tənələr gəlməz eyninə,

Durulub, paklaşıb, büllurlaşmısan.

 

Gəldiyin yollarda sədlər görmüşən,

O yolun boranı, qarı, çox olub.

Ömrünü həsrətə girov vermisən,

Həsrət ağacının barı çox olur.

 

Mərd oldun, arxadan zərbə vurmadın,

Əritdin qəlbinin yağını, gözəl.

Özgə səadətə yiyə durmadın,

Sökmədin körpünün tağını, gözəl...

 

Sən ulu bəndəsən, şərəfin-sanın...

Ulu olmayanın pənahı olmaz.

Ailə dağıtmayıb, ev yıxmayanın

Tanrı dərgahında günahı olmaz.

 

Sən bir gülüstanın tənha çiçəyi,

Heç kəsə bənzəmir ətrin, rayihən.

Sən tənha çiçəyin tənha ləçəyi,

Sən mənim gözümdə tənhasan, təksən.

 

Vaqif Məmmədov

12 sentyabr 2019
GO BACK