Qadin.NET / Səndən Sonra (şeir)

Səndən Sonra (şeir)

 

SƏNDƏN SONRA

Səndən Sonra (şeir)

Özünlə aparmısan,

Günlərimin rəngini.

Kədər mənə bənzəyir,

Qəm kövrəlir sən kimi.

İndi başa düşmüşəm,

Sənsiz hər şeyim hədər;

Səndən sonra heç kəsi,

Sevmədim sənin qədər.

 

Sevgi dolu baxışlar,

Şəklindən baxır mənə.

Dönəcəksən bilirəm,

Sən əvvəl-axır mənə.

Mən elə bilirdim ki,

Hər şey soyuyub gedər;

Səndən sonra heç kəsi,

Sevmədim sənin qədər.

 

İçimdə tufan kimi,

Çağlayır xatirələr.

Göz yaşlarım qurumur,

Ağlayır xatirələr.

Mən kədərdən doymuşam,

Məndən doymayır kədər;

Səndən sonra heç kəsi,

Sevmədim sənin qədər.

 

O qədər yaxın ikən,

Bu qədər uzaq olduq.

Yorulduqmu sevgidən,

Biz yarı yolda qaldıq...

Mən əzablar içində,

Sən özün məndən betər;

Səndən sonra heç kəsi,

Sevmədim sənin qədər.

 

Nüsrət Kəsəmənli

24 avqust 2019
GO BACK