Qadin.NET / "Darıxır" və "Mən də Tanrı quşu olsam" şeirləri

"Darıxır" və "Mən də Tanrı quşu olsam" şeirləri

 

“DARIXIR”

Bu nə təhər darıxmaqdı,

Axı belə kim darıxır?!

Cibimdə əlim darıxır,

Ağzımda dilim darıxır.

Darıxır qabım-qaşığım,

Darıxır yorğan-döşəyim.

Evdə qalsam, evim-eşiyim.

Yol getsəm, yolum darıxır.

Yoluma qızlar çıxsalar,

Gülüb üzümə baxsalar,

Yaxama bir gül taxsalar,

Yaxamda gülüm darıxır.

Hara atım bu kədəri?

Yox hesabı, yox qədəri,

Görünür məndən ötəri

Hardasa ölüm darıxır.

"Darıxır" və "Mən də Tanrı quşu olsam" şeirləri

“MƏN DƏ TANRI QUŞU OLSAM”

Gün doğsa da, işıqlanmaz

ömrün qara günləri.

Tanrıyla kim barışdırar

bəxtindən küsənləri?

Canımıza hardan dolub

bu dəlilik havası?

Ağaclar da Məcnun olub

başında quş yuvası.

Quşa dönüb mollalar da,

qonub minbər başına.

Əzan verib bu şəhəri

basdırarlar axşama.

Mən də Tanrı quşu olsam,

mən də qonsam minbərə,

Hər nə desəm küfr çıxar

bəlkə bütün dinlərə.

Bəlkə məni dörd bir yandan

nişan alar ovçular

O minbərdən damla-damla

qanım yerə damcılar.

Bir yaralı molla uçar

sənə sarı. İlahi.

İnsanf elə bu yaramı

özün sarı, İlahi!..

 

Ramiz Rövşən

9 avqust 2019
GO BACK