Qadin.NET / "Könlüm" və "Tələsmə" Əliağa Vahid

"Könlüm" və "Tələsmə" Əliağa Vahid

 

Könlüm

"Könlüm" və "Tələsmə" Əliağa Vahid

O qarə zülfün əlindən bəlalıdır könlüm,

Batıb qəmə, elə bil ki, əzalıdır könlüm.

 

Bu eşq aləminin bilmirəm nədir sirri,

Əsiri-eşq olalı laübalıdır könlüm

 

Görəndə sevgilisini qönçə, gül kimi qızarır,

Əbədi bir qıza bənzər, həyalıdır könlüm

 

Ölüncə çəkməz əlin nazənin nigarından,

Rəqibə hərgiz inanmaz, vəfalıdır könlüm.

 

Fələk o zülmü mənə etməyib, rəqib etdi,

Yazılsa dərdü qəmim, macəralıdır könlüm.

 

Şikəstə ney kimi yarından ayrılan gündən,

Həvayə həmdəm olub, san yaralıdır könlüm.

 

Mənim də dərdimi, Vahid, deməzsən ol şuxə,

Deyəndə qanə dönər, iddialıdır könlüm

 

 

 

Tələsmə

 

Səbr eylə könül, möhnəti hicranə tələsmə

Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.

 

Zahid çalışır yıxmağa meyxanə binasın

Məscid qalacaq, əksinə, viranə, tələsmə .

 

Gül zövqünü çəkmək əbədi xarə də qalmaz

Bülbül gələr əlbətdə gülüstanə tələsmə.

 

Gündən-günə artır bu gözəl huriliqalar

Dünya dönəcək cənnəti rizvanə tələsmə.

 

Vahid içəcəksən demə ki tövbələr olsun

Cəlb eyləyər axır səni meyxanə tələsmə

 

Əliağa Vahid

 

12 iyul 2019
GO BACK