Ayrılığa yol aradım,
Görüşünə gələ-gələ.
Ciyərimi paraladım,
Ürəyimi dələ-dələ.
***
Daşlara vurdum başımı,
İtirib könül daşımı,
Mən axıtdım göz yaşımı,
Damla-damla,gilə-gilə.
***
Solmayan bir çiçək idim,
Mələk kimi göyçək idim,
Səni sevməyəcək idim,
Sən bunları bilə-bilə.
***
Gecə röyalarımdasan,
Gündüz xülyalarımdasan,
Duyğu dünyalarımdasan,
Can alırsan gülə-gülə.
***
Sanma bunca sevilərsən,
Bir gün qədrimi bilərsən,
Dilə,məndən nə dilərsən?
Nə dilərsən,dilə-dilə.
***
Bir şimşək olub çaxardın,
Bir ildırım tək yaxardın,
Sən məni yoxa çıxardın,
Xəyalından silə-silə.
***
Duydum sevginin dadını,
Görməsəm də imdadını,
Son anda sənin adını,
Anacağam ölə-ölə!